Ürəklərə köçən qəhrəmanlar
Region

Ürəklərə köçən qəhrəmanlar

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində mənfur düşmən döyüş meydanında məğlub olduğunu görən kimi erməni xisləti ilə dinc, yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Həmin günlərdə Ağcabədi rayonuna da düşmən mərmiləri düşdü, evlər dağıldı, dinc insanlar həlak oldu.

Müharibə ağrıları yaşamış rayonda heç bir şəhid ailəsi və qazi diqqətdən kənarda qalmayıb, onlar dövlət qayğısı ilə əhatə olunub. Şəhidlərə həsr olunan anım tədbirləri keçirilir, onların qəhrəmanlığı haqqında ətraflı söz açılır, əziz xatirələri minnətdarlıqla yad olunur. Qeyd edək ki, birinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzünə qarşı və torpaqlarımızın müdafiəsi uğrunda Ağcabədi rayonundan 177 nəfər şəhid olub. Vətən müharibəsində isə 47 nəfər ağcabədili ali məqama yüksəlib, adları tarixin səhifələrinə yazılıb. Həmin qəhrəman oğullardan biri, Vətən müharibəsində igidlik göstərərək həlak olan, şəhidlik zirvəsinə ucalan Sahil Məmmədovun Ağcabədi Qəhrəmanlar Parkında anım günü keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər. Anım mərasimində şəhidin əziz xatirəsi anılıb, ruhuna dualar oxunub.

Sahil Ədalət oğlu Məmmədov 1996-cı ilin iyunun 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Alı Mustafayev adına Yuxarı Qiyaməddinli kənd 1 saylı tam orta məktəbdə təhsil alıb. Vətənpərvər gənc kimi boya-başa çatıb. Azərbaycan Ordusunun giziri Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Sahil müharibənin ilk günlərində xüsusi döyüş əməliyyatı zamanı düşmənin bir mövqeyini məhv etdikdən sonra ikinciyə doğru irəliləyib, düşməni elə öz səngərində məhv edib. Gərgin döyüşdə Sahil yaralanıb, hərbi hospitala təxliyyə edilib. Ancaq Vətən, torpaq məhəbbəti, düşmənə nifrət onu rahat buraxmayıb, hələ tam sağalmamış döyüş yoldaşlarının yanına qayıdıb. Döyüş əzmi ona yaralarını unutdursa da, yalnız irəliyə doğru hərəkət edib. Onu döyüşdən kənarlaşdırmağa çalışsalar da Sahil özünü yaxşı hiss etdiyini söyləyərək döyüşə davam edib və həmin gecə, oktyabrın 25-də şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Sahil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasın görə" medalları ilə təltif olunub.

***

Vətən uğrunda canından keçən şəhidlər, tariximizi qızıl hərflərlə yazan şəhidlər... Sizin qəhrəmanlığınıza, şücaətinizə, Vətən sevginizə sözün də gücü çatmır. Say-seçmə, polad biləkli, şirürəkli, düşməni xar edən oğullar, ölümə belə meydan oxuyan igidlər haqqında həyəcansız danışmaq mümkün deyil. İkinci Qarabağ müharibəsində düşmənə qan udduran tankçı Dəyanət Əliyev də bu qəhrəmanların sırasındadır.

Dəyanət 1982-ci ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı üçün odun, alovun içinə atılan fədailərdən olub. Azərbaycan Ordusunun giziri, cəsur döyüşçü hələ 2015-ci ildə tank komandiri kursunu uğurla başa vurub. Əzmkarlığı, dəqiqliyi, döyüş hazırlığında göstərdiyi peşəkarlığı ilə həmişə seçilib. Vətən müharibəsində Dəyanət Əliyev əks-hücum əməliyyatlarında fəal iştirak edib, dədə-baba torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərib. 2020-ci il oktyabrın 24-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən şiddətli döyüşlərin birində yaralanıb. Buna baxmayaraq,  silahdaşlarını döyüş meydanından çıxararkən Dəyanət Əliyev şəhid olub. İgid tankçı ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib. Şəhidin iki gözəl yadigarı Aynişan və Ayxan bizlərə əmanət qalıb, şəhid ailəsi dövlət tərəfindən himayəyə götürülüb.   

Ağcabədi Qəhrəmanlar Parkında qəhrəman tankçı Dəyanət Əliyevin anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri iştirak edib. Hacıbədəlli kəndinin mərkəzində yerləşən küçələrdən biri cəsur döyüşçünün adını daşıyır.

Salman ALIOĞLU,

"Respublika".