Tolerantlıq: Yüksək mədəniyyətin təzahürü
Azərbaycanda minilliklər boyu müxtəlif etnik qruplar yaşayıblar. Bu fakt tolerantlıq keyfiyyətinin xalqımızın tarixindən irəli gəldiyini göstərir. Bu mənada ölkəmiz həqiqətən də dözümlülük mədəniyyətinin formalaşdığı tolerantlığın beşiyidir. Şübhəsiz, minillər öncə formalaşmış ənənələr zaman keçdikcə yeni xüsusiyyətlər kəsb edib və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilib. Bu prosesdə adı tarixə qızıl hərflərlə həkk olunmuş ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndər ölkəmizdə yaşayan bütün xalqları Azərbaycanın mənəvi bayrağı altında birləşdirməyə nail olmuşdu.
Xalqın təkidli xahişi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan müstəqillik yolunda daha inamla inkişaf etməyə başladı. Ümummilli liderin geniş fəaliyyəti sayəsində, ilk növbədə ölkəmizdə sabitlik yarandı, siyasi, iqtisadi, sosial, hüquqi islahatlar həyata keçirildi. Eyni zamanda milli-mənəvi dəyərlərə qayıdışın yeni dövrü başlandı. Bununla yanaşı, müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərə qarşı insanın mədəniyyət səviyyəsinin ölçüsü kimi xarakterizə olunan, bəşəri ideyalara əsaslanan tolerantlıq Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən biri kimi azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirildi. Çünki ulu öndər tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.
Ulu öndər Azərbaycanın bu ictimai-siyasi mənzərəsi ilə fəxr edərdi
Heydər Əliyev 1998-ci ilin may ayında Prezident Sarayında ölkənin din xadimləri ilə görüşündə söylədiyi nitqində ölkəmizdəki tolerantlığı belə şərh etmişdir: "Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində, Azərbaycanın reallığını, eyni zamanda, Azərbaycan xalqının dini dözümlülüyünü göstərir. Azərbaycanda əhalinin əksəriyyətini İslam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq, eyni zamanda, Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar".
Ümummilli lider Heydər Əliyev tolerantlığın, birgəyaşayış mədəniyyətinin xalqımız üçün xarakterik xüsusiyyət olduğunu göstərirdi və Azərbaycanı mədəniyyətindən, dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırırdı: "Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir". Bu mənada ulu öndər tolerantlığı ölkəmizin səciyyəvi cəhəti kimi dəyərləndirir və Azərbaycanın bu ictimai-siyasi mənzərəsi ilə fəxr etdiyini vurğulayırdı.
Ölkəmizin vətəndaşlarının dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malik olduqlarını və onların hüquqlarının dövlətimiz tərəfindən qorunduğunu bu və ya digər tədbirlərdə dəfələrlə qeyd edən ulu öndər bu prinsiplərə həmişə sadiq qalırdı. Bunu "Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür", - deyən ümummilli liderin əməli fəaliyyətində də görmək olurdu. Məsələn, dözümlülük və tolerantlıq münasibətini həmişə diqqət mərkəzində saxlayan dünya səviyyəli tarixi şəxsiyyətimiz ölkəmizdə yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə hörmət və ehtiram göstərər, dini bayramlarını təbrik edər, adət-ənənələrinə qayğı ilə yanaşar, onların ibadətgahlarına fərq qoymadan baş çəkər, müxtəlif dinlərin və xalqların nümayəndələri ilə mütəmadi görüşərdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin tolerantlığa verdiyi önəmin daha bariz nümunələri idi. Buna aid bir misal da göstərmək istərdim. 2003-cü il aprelin 26-da xristianların Müqəddəs Pasxa bayramı münasibətilə ünvanladığı təbrikdə Heydər Əliyev yazırdı: "Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bu dini mərasimin pravoslav vətəndaşlarımız tərəfindən geniş şəkildə qeyd edilməsi ölkəmizdə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, uzun əsrlər boyu bir yerdə yaşayan xalqlar arasındakı dini dözümlülüyün parlaq təzahürüdür. Ölkəmizin pravoslav xristianlarının hazırda Pasxa bayramını təntənə ilə qeyd etmələri Azərbaycan Respublikasında bu gün də hökm sürən tolerantlıqdan və konfessiy