Ümummilli Lider Heydər Əliyevin xatirəsi Batumidə hörmət və ehtiramla anılıb
Sosial həyat

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Batumidə hörmət və ehtiramla anılıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi Acarıstan Muxtar Respublikasının (MR) Batumi şəhərində hörmət və ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı və dəstəyi ilə Ümummilli Liderin vəfatının 19-cu ildönümü münasibətilə təşkil edilib.

Tədbirdə Acarıstan MR Hökumətinin sədri Tornike Rijvadze, kənd təsərrüfatı nazirinin müavini Uça Surmanidze, Batumi şəhər meri Arçil Çokovani, Türkiyənin Batumidəki baş konsulu və əməkdaşları, Kulevi QDT-nin rəhbəri və əməkdaşları, M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin və "Əli və Nino" adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Gürcüstan və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Baş konsul Pərviz İsmayılzadə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirib ki, müstəqil dövlət quruculuğu, onun təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadiyyatın bərpa olunması, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyası Heydər Əliyevin milli inkişaf strategiyasının başlıca istiqamətini təşkil edib.

Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanılıb və Ümummilli Liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil olub.

2003-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Ümummilli Liderin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanın və Gürcüstanın regionda aparıcı dövlətlər olmasında, iqtisadi inkişafında, dünyada mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.

Qeyd edilib ki, bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasəti Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəklənir. 2003-cü ildən sonrakı dövrdə keçirilmiş bütün seçkilərin nəticələri bu dəstəyin bariz nümunəsidir.

Baş konsul deyib ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək, Azərbaycanın müzəffər Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərərək öz gücü ilə torpaqlarını işğaldan azad etdi. Bu, Heydər Əliyevin əsasını qoyduğu iqtisadi tərəqqi, diplomatiya sahəsində uğurlar və Azərbaycan Ordusunun qüdrətinin artırılması sayəsində mümkün oldu.

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır və daimi yaşayacaq.

Acarıstan MR hökumətinin sədri Tornike Rijvadze Ümummilli Lider Heydər Əliyevin Gürcüstanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında danılmaz rolundan danışıb, ölkələrimiz arasında dost və qonşuluq münasibətlərinin hazırda da yüksələn templə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafı üçün atdığı addımların bu gün Prezident İlham Əliyevlə Gürcüstanın hazırkı rəhbərliyi tərəfindən davam etdirilir.

Rəsmi çıxışlardan sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş "On birinci Qarabağnamə" və "Xarıbülbül" sənədli filmləri nümayiş etdirilib, Baş Konsulluğun nəzdində fəaliyyət göstərən "Bazar Günü" məktəbinin şagirdləri Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş şerlər söyləyiblər.