Müstəqil dövlət quruculuğu yolu mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı tarixi şəraitdən, özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda çoxdankı istiqlal arzusunu yenidən gerçəkləşdirdi. Lakin müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir". Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: "Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır". Bu gün hər birimiz bunun şahidləriyik.
Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub.
Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsi davamçılarının yoluna həmişə işıq salacaq. Keçən XX əsrin 30 ildən artıq bir hissəsi Azərbaycan üçün Heydər Əliyev dövrü olub. Heydər Əliyev Azərbaycanın milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yoluna, qazandığı nailiyyətlərə nəzər salmaq kifayət edir ki, onun sözün əsl mənasında böyük zirvələr fəth etdiyini, dünya birliyində söz və nüfuz sahibinə çevrildiyini görək. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri siyasi varisi kimi cənab İlham Əliyevi xalqımıza bəxş etməsi olmuşdur ki, bu da Azərbaycanın tərəqqisi üçün böyük tarixi əhəmiyyət daşıyır.
2003-cü ildə Azərbaycan xalqı növbəti dəfə mühüm tarixi dövrünü yaşadı. Ulu öndər Heydər Əliyev xalqa müraciət edərək prezidentliyə öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. O, Azərbaycan xalqını onun siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırdı. Müraciətində ulu öndər onun axıra çatdıra bilmədiyi taleyüklü planları, işləri və məsələləri İlham Əliyevin xalqın dəstəyi ilə başa çatdıracağına inandığını bildirdi. Ümummilli lider Heydər Əliyevin öz inamında tamamilə haqlı olduğunu həyat və tarix sübut etdi. İlham Əliyev 2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, Azərbaycan xalqı bir daha ulu öndər Heydər Əliyevin səsinə səs, çağırışına cavab verdi. Prezident İlham Əliyev onun layiqli siyasi varisi kimi ölkəmizə rəhbərlik etməyə başladı, yarımçıq qalmış işlərin uğurla tamamlanmasına doğru sistemli və kompleks surətdə yanaşdı.
Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" fikirləri ilə real məzmun kəsb etməyə başladı. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır: "Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam" - söyləyən Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə, sabaha möhkəm təminat yaratmışdır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.
Ötən 19 illik ölkəyə rəhbərliyi dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla həyatın hər bir sahəsində özünü parlaq şəkildə göstərir. Bu nailiyyət ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Bununla belə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi və ümumiyyətlə, tarixən qazandığımız ən böyük, misilsiz Qələbə, uğurdur. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında oldular. Dövlət başçısı Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciət etdi. Müraciət zamanı Prezident Şuşanın azad olunması ilə ulu öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirildiyini də qeyd etmişdi: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!". Bu Zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində əldə edilsə də, ona gedən yol uzun illərin ağır zəhməti, mürəkkəb çağırışları və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı, beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlib.
30 ilə yaxın işğal altında olan torpaqlarımız öz azadlığına qovuşduqdan sonra həmin ərazilərdə böyük quruculuq işləri geniş vüsət alıb. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda bu gün irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. Bu gün müstəqil Azərbaycan dünyada ən nüfuzlu və lider dövlətlərdən birinə çevrilmişdir. Bunun səbəbi xalq-iqtidar birliyinin bariz təzahürüdür.
Hazırda Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizə mühüm siyasi-iqtisadi dividendlər gətirməkdədir. Bu gün Azərbaycan azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
Mustafa KAMAL,
"Respublika".