ULU ÖNDƏR XALQIMIZIN QƏLBİNDƏ DAİM YAŞAYIR
Digər xəbərlər

ULU ÖNDƏR XALQIMIZIN QƏLBİNDƏ DAİM YAŞAYIR

Bu gün Azərbaycanımız üçün möcüzələr yaradan, dövlətçilik salnaməmizdə silinməz iz qoyan, azərbaycanlı olması ilə daim fəxr edən, milli qürur, iftixar mənbəyimiz olan və bütün dünyada ölkəmizin rəmzi kimi qəbul edilən əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyevi sevgi, hörmət və qürur hissi ilə anırıq. Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır.

Ulu öndər Heydər Əliyev Azərbaycanın, o cümlədən dünyanın ən nüfuzlu siyasətçisi olmuş, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın hərtərəfli inkişafında, xalqımızın zəngin mənəvi dəyərlərinin tanıdılmasında, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.

Hər bir xalq öz milli-mənəvi dəyərləri, soykökü, tarixi, mədəniyyəti ilə tanınır. Mədəniyyətimizin, incəsənətimizin, inkişafında yeni yollar, yeni cığırlar açan əvəzolunmaz dahi rəhbər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, müasir ədəbiyyatımızın təkmilləşməsində və xalqın öz nadir inciləri ilə beynəlxalq səviyyədə tanınmasında xidmətləri böyükdür.

Çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi, müasir yazar Leyla Əliyeva həyatda ona mayak kimi yol göstərən babası Heydər Əliyevdən, atası, dünyaşöhrətli Prezident İlham Əliyevdən və xeyriyyəçilik fəaliyyəti, fədakarlıq missiyası ilə seçilən anası - Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan nümunə götürərək zəhmətsevər yaradıcı şəxsiyyət kimi formalaşıb.

Müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Leyla Əliyevanın yaradıcılığından söz açan akademik Nizami Cəfərov yazır: "Leyla Əliyevanın şairlik istedadına ilk xeyir-duanı onun babası - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan yazıçılarının iştirak etdiyi mötəbər (və son dərəcədə səmimi!) bir ailə məclisində "mənim nəvəm də şeir yazır" sözlərilə vermişdi. Və Azərbaycan ədəbiyyatının hamisinin bu sözlərini ədəbi ictimaiyyətin, xüsusilə ədəbi prosesi diqqətlə izləyən tənqidçilərin - ədəbiyyatın vicdanı olmaq missiyasını könüllü olaraq öz üzərinə almış ədəbi mücahidlərin diqqətindən, təbii ki, qaçmamışdı. Leyla xanım onun poetik istedadına bəslənən ümidləri doğrultmaqda gecikmədi. Hisslərinin, düşüncələrinin (taleyinin) sirlərini yalnız dünyanın ən səmimi insanları ("peyğəmbərlərdən sonra gələn" şairləri!) kimi dünya ilə paylaşmağın gözəl bədii örnəklərini təqdim elədi. Və sübut etdi ki, dahi babası onun yaradıcılıq istedadını yüksək qiymətləndirməkdə tamamilə haqlı imiş".

Bütün dövrlərdə olduğu kimi, müasir Azərbaycan ədəbiyyatında da ana, vətən, sevgi, həsrət mövzusu daima aktuallıq kəsb edib və bu gün də çox önəmlidir. Bu mövzu Leyla Əliyevanın bütün yaradıcılığından qırmızı xətlə keçir.

Leyla Əliyevanın yaradıcılığı hərtərəflidir, o, fərqli mövzuda şeirlər yazır: "Getmə ana", "Tək deyilsən", "Mənə güc ver", "Allahım", "Elegiya", "Kor olmuşam", "Şeirim", "İnsanlar", "Getmə", "Fanarlar", "Bakı", "Sevgi və nifrət", "Qu quşu", "Əsgər" və sair kimi şeirlər onun daxili aləminin zənginliyindən xəbər verir. O, şeirlərində insanı düşündürən, narahat edən suallara cavab tapmağa çalışır, poeziya nümunələrinin fəlsəfi mənası, nüfuzedici lirizmi oxucunu valeh edir. Leyla Əliyevanın şeirlərindəki informasiya bolluğu gənc şairi digər qələm sahiblərindən fərqləndirir.

Leyla Əliyeva yaradıcılığında dünyanın adi gözlə görünməyən həqiqətləri aşkarlanır. Onun babası, Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi "Elegiya" şeiri milyonlarla oxucu kütləsinin qəlbinə yol tapıb. Şeir unudulmaz insan, türk dünyasının böyük oğlu, ömrünü Azərbaycan xalqının əmin-amanlığına, tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevi bir az da yaxından tanıdır.

Babasının yoxluğuna dözə bilməyən şair bu şeirdə kədərini bu ayrılıqla barışa bilmir:

Mən yaxşı bilirəm ayrılıq nədi!..

Küləklər könlümün qışqırtısını

Kaş ki, kainata yaya biləydi.

Könüllər yaşadır gur nəfəsini,

Sənsiz hər bir anın öz qüssəsi var.

Babasının dünyasının dəyişməsindən olduqca təsirlənən müəllif bu şeirdə nisgil, ayrılıq, həsrət hissi ilə yanan incə qəlbinin çırpıntılarını dilə gətirib. "Küləklər könlümün qışqırtısını kaş ki, kainata yaya biləydi" ifadələriylə şairin ruhu, könlü sanki qışqıraraq tüğyan edir.

Ədəbiyyata, mədəniyyətə, incəsənətə, təhsilə, qadına, anaya böyük dəyər verən Ulu Öndər Heydər Əliyev daim yaşayır və yaşayacaq. Xalqımız onun əziz xatirəsini uca tutur, minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının ən mühüm dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Çünki müstəqil Azərbaycan əbədiyaşar Ümummilli Liderimizin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir və bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Leyla Əliyevanın poetik təfəkkürünün ilk baxışda nəzəri cəlb edən emosional qatının dərinliklərində düşündürücü məqamlar (və həqiqətən fəlsəfi mükalimələrə meydan açan) mülahizələr var.

Gənc şair 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni təxribatının qarşısı alınarkən şəhid olan hərbçilərimizə və onların övladlarına şeir həsr edib. Anaların naləsinin, fəryadının yerdə qalmayacağını, düşmənə layiqli cavab veriləcəyini arzulayan istedadlı şair bu şeiridə müharibəni lənətləyir.

Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsində qazanılan zəfər münasibətilə yazdığı "Əsgər" şeirində Leyla Əliyeva deyir:

Əsgər zirvələr zirvəsi,

Onun yeri yüksəklərdir!

O, vicdanın, xalqın səsi,

Həqiqətə and içəndir!

Qorxu nədir bil

məz əsgər,

O, Allahın balasıdır

Açıqdır yolu dünyaya

Yaddaşlarda qalasıdır!

Bu misralardan göründüyü kimi, dünyaya yolu açıq olan, ölümdən qorxmayan Allahın balası əsgər haqq-ədalət, həqiqət yolunda yüksək zirvələri fəth edərək, vicdanının səsinə sığınaraq mübarizə aparır və daim yaddaşlardadır.

Şeirlərində Şərq bədii-estetik düşüncə elementlərinin varlığını tamamlanmış formada təqdim edən Leyla Əliyevanın klassik mövzulara müraciəti onun milli poeziya tariximizə yaxından bələd olduğunu göstərir.

 Leyla Əliyeva şeirlərində mərd, ziyalı insanların keçdiyi çətin yolun təkamülünü psixoloji təhlillərlə verir.

Fərqanə ZÜLFÜQAROVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Dillər kafedrasının dosenti.