Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə SOCAR-ın rəhbər heyəti, BANM-in müəllim və tələbə kollektivi iştirak ediblər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.
“Heydər Əliyev İli” çərçivəsində SOCAR tərəfindən keçirilən tədbirlər haqqında məlumat verən Orxan Hüseynov SOCAR-ın Vətən müharibəsi iştirakçılarının övladları üçün neft-qaz və neft-kimya sahəsində fəaliyyət göstərən qurumlar arasında keçirilən müxtəlif növ idman yarışlarını qeyd edib.
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulayıb.
Uzun illər ərzində Ümummilli Lider Heydər Əliyev ilə birgə çalışmış SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirdə çıxış edərək Ulu Öndər ilə bağlı xatirələrini bölüşüb.
Sonra tələbələr tərəfindən Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi və şeirlərdən ibarət bədii kompozisiyalar ifa edilib. Tədbir iştirakçılar tərəfindən “Azərbaycan” şeirinin ifası ilə başa çatıb.
Əli SADIQOV,
“Respublika”.