Azərbaycan deyəndə ayağa dur ki...
Digər xəbərlər

Azərbaycan deyəndə ayağa dur ki...

Bu məmləkətin uğurlarına sevinməyən, onu gözü götürməyənlərə uyarı

Azərbaycan can vermişik adına,

Canımızdır adındakı can sənin.

Soyuq qəlblər yana bilməz oduna

Namus sənin, şərəf sənin, can sənin.

Canımızdır adındakı can sənin.

Ayların, illərin, qərinələrin, əsrlərin o üzünə boylanırıq, ana yurdum. Ötənlərin lap dərin qatlarından Dədəmiz Qorqudun səsini eşidirik:

Əski pambıq bez olmaz,

Qarı düşmən dost omaz...

Əsrlərin acısı, ağrısı, faciələri anlatdı bizə bu deyimin həqiqiliyini. Qarı düşmən dost olmadı, Dədəm Qorqud. Qucaq açdıq, torpaqlarımızda yer verdik, yerimizi dar etdilər. Çörək, su verdik süfrəmizə haram, sularımıza zəhər qatdılar. Aşına-aşına çıxdılar ocaq başına. Sonra da başladılar gəmidə oturub gəmiçi ilə savaşmağa... Əllərini bir xalqın qanına buladılar, çoxlarını diri-diri torpağa gömdülər, uşaqlarımızı iri borulara yığıb hər iki tərəfini qaynaq edib susdurdular, böyüməyə qoymadılar. Qorxdular, onların böyüyəcəyindən, bir gün əllərinə silah alıb haqq-hesab çəkəcəklərindən.

Bizsə 30 illik faciələrə dözdük, gözlədik səbirlə. Səbir Tanrıya xasdır və nə yaxşı ki, bu ali keyfiyyəti xalqımızdan əsirgəməyib. Bu illərdə yerimizdə saymadıq, bizi sayanları saydıq, uzanan dost əlləri möhkəm sıxdıq, sıxdıq ki, vaxtı gələndə əlbir olaq, düşmənin cavabını verək. Verdik də, Dədəm Qorqud. Gec oldu, amma güc oldu. Kimin-kim olduğu cəmi 44 günə, hə bir də üstəgəl 23 saata gün kimi aydın göründü. Qədimliyimizi, mədəniyyətimizi, dövlətçiliyimizi, insanpərvərliyimizi, sülhpərvərliyimizi bütün dünya gördü. Qürur duyduq. Milli mədəniyyətimizin şah əsəri və qardaş türk xalqlarının müştərək bir abidəsi yaradılıb, sonralar sənin adınla adlandırılıb, Dədəm Qorqud: "Kitabi-Dədə Qorqud". O dastanda sən anladırsan bizlərə bəzi mətləbləri, soydaşlarımızın bütün torpaqlarda - Xəzərdən Qara dəniz sahillərindəki geniş ərazilərə yayıldığını. VII-IX əsrlərdə el sənətkarlarının - ozanların Oğuz yurdunu oba-oba, oymaq-oymaq gəzib yaydıqları sənin kitabın - "Kitabi-Dədə Qorqud" hər şeydən öncə geniş ərazidə vahid dildə - türk dilində danışan böyük xalqın - Azərbaycan xalqının yaşadığını sübuta yetirən bir abidədir.

Bax, o kitabın sinəsindən qopub gələnlər onu göstərir ki, digər xalqlarla yanaşı, azərbaycanlıların da çox qədimdən özlərinə məxsus həyat tərzi, məşğuliyyəti, etik və dini görüşləri, mədəniyyəti, çoxcəhətli etnoqrafiyası, doğma dilimizdə yer, şəxs, heyvan, quş, bitki adları olmuşdur.

Düz iki min il əvvəl Roma imperiyasının "nəhəng qəsbkarı" Qney Pompeyin legionları bizim yurdumuza hücum edəndə Alban-Aran (Azərbaycan) çarı Uruz böyük mərdlik, cəsarət nümunəsi göstərərək başçılıq etdiyi ordu ilə düşməni geri oturtmuşdur. Elə Dədəm Qorqud, sənin əsas qəhrəmanlarından biri də məhz bu Uruz, yəni Qazan oğlu Uruzdur. Mənbələrdən öyrənirik ki, bu dastanın ayrı-ayrı boylarının yaranması və yayılmasında bir çox Oğuz tayfası ilə yanaşı, xalqımızın soykökündə duran qüdrətli ağqoyunlu tayfaları da mühüm rol oynamışdır. Hələ VI əsrin əvvəllərində Dərbənd keçidindən və Böyük Qafqaz sıra dağlarının ətəklərindən Araz çayına qədər torpaqlarda, Göyçə gölü və onun ətrafında, Naxçıvanda, daha sonra Azərbaycanın cənub bölgələrində yaşayan ağqoyunlular, həmçinin onlarla bir kökdən olan qaraqoyunlular yadellilərə qalib gələrək Trabzon və Suriya sərhədlərinə qədər gedib çıxmışdılar. Bunu dədələrimiz etmişdi, Dədəm Qorqud!

Biz sübut etmişik ki, dünyada insanın formalaşdığı ilk məskənlərdən biri, şübhəsiz, qədim Mannanın, Midiyanın, Atropatenanın, Albaniyanın məcmusu olan indiki Şimali və Cənubi Azərbaycan ərazisidir. Tarixin müxtəlif qatlarını əks edən, başqa-başqa dövrlərin canlı salnaməsi olan, ulu babalarımızın daş yadigarı kimi zamanın amansız tufanlarına sinə gərib dövrümüzə çatan maddi mədəniyyət abidələrimizə Qarabağ və Naxçıvanda, Gəncə və Təbrizdə, Şəki və Abşeronda, Urmiyada, Həmədan ətrafı torpaqlarda da rast gəlinir.

Torpağımızın hər qarışı tarix soraqlıdır. Onun bütün qatlarında tarixin neçə-neçə gizli inciləri yatır. Arxeoloqlarımız onları birər-birər "oxuduqca" biz min illərlə bundan əvvəl yaşayış məskəni olmuş mağara düşərgələrindən xəbər tuturuq. Bunu deyərkən Azıx, Tağlar kimi mağaralarımızdakı daş dövrü məskənləri göz önünə gəlir. Azərbaycanın qədim maddi mədəniyyət nümunələri dünyanın ən məşhur muzeylərində saxlanılır. Elə bu səbəbdən o torpaqlar tarix boyu çoxlarının diqqətini cəlb etmişdi. Erməni millətçiləri isə Azərbaycanın qərb torpaqlarında özlərinə dövlət qurduqdan sonra Qarabağımıza göz dikdilər, ancaq hər şey gözlərində qaldı, bu xalq bir daha kim olduğunu göstərdi. Dədəm Qorqud, sən öz boylarında söyləyirdin ki, bu elin başı üzərini qara buludlar alanda tonqallar çatılar, təbillər çalınar, əli silah tutan hər kəs meydana atılar, xalq əlbir olardı.

Uzun illərdən sonra xalqımız öz sərkərdəsinin ətrafında sıx birləşdi, döyüş əmrinə müntəzir dayandı: "Torpaq uğrunda ölən varsa, Vətəndir!" ideyasına tapınaraq itirdiklərini geri qaytardı, sərhəd qurdu, bayraq qaldırdı, qəhrəmanlıq dastanı yazdı. Bu günümüzün dastanını. "Boy-boylayıb, ov-ovlayıb" yeni boylar yaratdıq, Dədəm Qorqud. Sınmış qanadları yerinə qoyulan qartal görkəmli məmləkətim öz bütöv, məğrur duruşu ilə düşmənlərin kabusu oldu. Kiçilmədi, böyüklüyündə qaldı Azərbaycan. İşığı olmayana işıq verir, istiliyi olmayana neft, qaz nəql edir insanlıq naminə. Dünya bunu da görür...

Biz xoşbəxt xalqıq, çünki Azərbaycanımız var. Yenidən ona diş qıcayan, əsrlər boyu axıtdığı qanlardan gözü doymayan xain qonşularımız, onun havadarları bir daha bu məmləkəti faciələrə sürükləyib ondan həzz ala bilməyəcəklər. Sevimli şairimiz Məmməd Arazın Vətənə sevginin dəqiq ekvivalentini təcəssüm edən məşhur sətirləri də həmişə qəlbimizdədir:

Azərbaycan deyəndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Biz həqiqətən bəxtəvər xalqıq. Çünki məhz qalib Azərbaycanımız var. Ey qoca dünya, Azərbaycan deyəndə ayağa dur ki!..

Zümrüd QURBANQIZI,

"Respublika".