Azərbaycanda səfərdə olmuş ukraynalı jurnalistlər və blogerlərin Bakıdan və işğaldan azad edilmiş ərazilərimizdən hazırladıqları bir sıra reportajları yayımlanıb.
AZƏRTAC xəbər verir ki, "Ukrayna" TV-nin "Novosti Seqodnya" proqramında yayımlanan reportajda bildirilir: "Azərbaycan bu torpaqlardan qaçqın düşmüş insanları öz doğma yurdlarına qaytarmaq üçün Qarabağda "ağıllı kənd"lər, "ağıllı şəhər"lər qurur, elektrik stansiyaları, aeroportlar inşa edir. Burada mənzillər insanlara pulsuz veriləcək, dövlət tərəfindən sahibkarlara kömək göstəriləcək". Jurnalist, həmçinin Şuşanın azad edilməsi uğrunda aparılan əməliyyatda Azərbaycan Ordusunun peşəkarlığını vurğulayır, ermənilər tərəfindən minalanmış ərazilərin təmizlənməsi istiqamətində görülən işlərdən bəhs edir.
"Podrobnosti" xəbər portalında "Şuşa, evə dönüş: Azərbaycan qədim şəhər-qəsri bərpa edir" sərlövhəli material dərc edib. Yazıda qeyd olunur ki, Qarabağ sürətlə dinc həyata qaytarılır. Şuşanın tarixindən geniş danışan müəllif deyir: "Dayandığım yer Qarabağ xanının sarayının xarabalıqlarıdır və hər bir azərbaycanlı buranı ziyarət etmək arzusundadır. Şuşa Qarabağın qalası və Azərbaycanın qürur mənbəyidir". Məqalədə, həmçinin Azərbaycan hərbçilərinin döyüşlərlə bağlı xatirələri yer alıb.
Ukraynanın "5-ci kanal" televiziya kanalı "Şuşa uğrunda döyüş: İllərdir hazırlanan çox təsirli hərbi əməliyyat" adlı xüsusi reportaj yayımlayıb. Reportajda vurğulanıb ki, Şuşa daim Azərbaycanın mədəniyyət paytaxtı olub. Aparıcı Şuşa əməliyyatı barədə ətraflı məlumat verib, bu şəhərin ötən ilin sonlarında Azərbaycan Ordusu tərəfindən geri qaytarıldığını bildirərək qeyd edib: "Bu strateji əhəmiyyətli ərazini geri almaq üçün Azərbaycan Silahlı Qüvvələri unikal əməliyyat keçirib. Əməliyyat cəmi bir neçə gün davam edib. Artilleriyadan istifadə olunmayıb, hərbçilər yalnız yüngül silahlarla təchiz olunmuşdular". Diqqətə çatdırılıb ki, indi şəhər inkişaf etdirilir.
"5-ci kanal" televiziya kanalının digər reportajı "İkinci Qarabağ müharibəsi: bir il sonra. Azərbaycanda şəhid olan əsgərlər anılır" adlanır. Reportajda Anım Günündən danışılır, Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda şəhid olan Azərbaycanın əsgər və zabitlərinin, mülki vətəndaşlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılır. Materialda, həmçinin hərbçilər və mülki vətəndaşlarla müsahibələr yer alıb.
Həmin kanalda yayımlanan "Küldən oyanma: Qafqaza sülh qayıtdı?" adlı digər reportajda Anım Günü Azərbaycanda keçirilən silsilə tədbirlərdən ətraflı bəhs edilir. Müəllif, həmçinin Vətən müharibəsi barədə məlumat verir. Bildirir ki, general-mayor Polad Həşimovun ölümündən sonra minlərlə gənc küçələrə axışıb Qarabağın azadlığı üçün yürüş təşkil etmişdi. Müxbir, eyni zamanda Tərtərdə olub, müharibə zamanı ermənilərin dinc sakinləri atəşə tutması barədə faktlara əsaslanan məlumat verib, yerli sakinlərlə söhbət aparıb.
Ukraynanın "Noviy format", "ukr.net" və "myc.news" xəbər portallarında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilmiş yürüş haqqında məqalələr dərc edilib.
Yazılarda vurğulanıb ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərin, qətlə yetirilən mülki vətəndaşların və itkin düşənlərin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakıda yürüş təşkil edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Diqqətə çatdırılır ki, Anım Günündə ölkənin müxtəlif yerlərində şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Ukraynalı videobloger Taras Berezovits "YouTube" kanalında Şuşadan reportaj yayıb. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə də Şuşada olmağından şərəf duyduğunu vurğulayan bloger qeyd edib ki, buradan əvvəl Füzulidə aeroportda olub, yol boyu məhv edilmiş erməni texnikalarını görüb. O, həmçinin Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Şuşa uğrunda peşəkarlıqla apardığı əməliyyatdan danışıb. Vurğulayıb ki, Vətən müharibəsi Ermənistan ordusunun dinc Azərbaycan əhalisini müxtəlif raketlərdən atəşə tutması səbəbindən başlayıb. Qeyd edib ki, atılan bəzi raketlərin qalıqları hazırda Hərbi Qənimətlər Parkında nümayiş olunur.
Taras Berezovits digər videosunu Ağdamdan hazırlayıb. "Qarabağın Xirosimasından şok reportaj. Ağdam necə yaşayır, yer üzündən silinən bir xəyal şəhər" adlı reportajda vurğulanır ki, şəhər ermənilər tərəfindən tamamilə məhv edilib. Bildirib ki, şəhər hələ də tam təhlükəsiz deyil, burada ermənilər tərəfindən çoxlu sayda mina basdırılıb. O, ermənilərin Ağdamda vəhşiliklər törətdiklərini, məsciddə mal-qara saxladıqlarını, onun divarlarında təhqiredici sözlər yazdıqlarını diqqətə çatdırıb. Reportaj "Telekanal Prəmiy" televiziya kanalında da yayımlanıb.
Ukraynanın "UKRLIFE" internet televiziya kanalında isə politoloq Yuriy Romanenko Anım Günü ilə əlaqədar Azərbaycana səfər etməsindən danışıb. O, Azərbaycanın çox inkişaf etdiyini, paytaxt Bakının gözəl üsluba malik olduğunu, Füzulidə möhtəşəm aeroportun inşa edildiyini vurğulayıb, dövlətin yürütdüyü daxili və xarici siyasəti yüksək qiymətləndirib. Politoloq, həmçinin Vətən müharibəsindən söhbət açıb. Qeyd edib ki, Azərbaycanın qazandığı Qələbənin əsas səbəbi insanlarda olan yüksək vətənpərvərlik ruhudur. Azərbaycan Ordusu sovet sistemindən çox uzaqlaşıb, bu ölkənin hərbçiləri daha peşəkar təlimlər keçir, NATO təcrübəsindən geniş faydalanırlar.
AZƏRTAC