Azərbaycanın qardaş Türkiyə ilə birliyi və strateji müttəfiqliyi uğurlu olduğu qədər də regional sabitlik baxımından mütləqdir. Əlbəttə ki, əməkdaşlığın kökündə sadəcə dostluq münasibətləri dayanmır. Hər iki ölkə arasında həm də ticari-iqtisadi əməkdaşlıq baxımından da böyük layihələrə imza atılıb. Bu istiqamətdə bir çox mühüm işlər artıq öz həllini tapıb. Elə bunun nəticəsidir ki, iri beynəlxalq layihələr uğurla həyata keçirilir. Bu layihələr, eyni zamanda ölkələrimizi iqtisadi cəhətdən bir daha gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və digər nəhəng layihələr həm də region üçün böyük əhəmiyyətə malikdir. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan və Türkiyə deyil, bütün dünya üçün böyük önəm daşıyır. Bu münasibətlər iqtisadi əməkdaşlıqla yanaşı, kənd təsərrüfatı, turizm, humanitar, nəqliyyat, sənaye, ekologiya, təhsil və bir sıra sahələr üzrə davam etdirilir. Münasibətlərimiz qürurverici olduğu qədər də bütün dünyaya bir nümunədir.
Hələ ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə 1992-ci il mart ayının 24-də Türkiyədə rəsmi səfərdə olmuşdur. Səfər zamanı "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu" imzalanmışdır. Səfərin uğurlu nəticəsi olaraq 1992-ci il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlərdə sürətlə və uğurla inkişaf etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalamışlar. Şuşa Bəyannaməsi imzalanan zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Qars müqaviləsini xatırlayaraq xüsusilə qeyd etmişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır". Tarixi əlaqələrin kökündə yeni, daha sıx əməkdaşlıq münasibətləri dayanır.
Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq baxımından da birliyimiz qürurvericidir. Hər il bir neçə dəfə birgə hərbi təlimlər keçirilir. Bütün bunlar sözsüz ki, Türkiyənin həm də hərbi təcrübəsindən yararlanmaq baxımından da müsbət nəticələr verir. Hərbi müttəfiqliyimizin əsası 1992-ci ilin avqust ayında Ankarada "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə"nin imzalanması ilə qoyulmuşdur. 2010-cu ildə isə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"nin və elə həmin ilin sentyabr ayında "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə"nin imzalanması ilə daha da genişlənmişdir. Bütün bunların nəticəsində bu gün hər iki ölkənin hərbi qüvvələri regionun ən güclü ordusu hesab edilir. Onu da xüsusi olaraq qeyd edək ki, 2020-ci ildə Vətən müharibəsindəki qələbəmizdə Türkiyə dövləti və Prezident Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi baxımından dəstəyi təkanverici qüvvə olmuşdur.
Fevral ayının 6-da baş verən dəhşətli zəlzələ zamanı Türkiyəyə ilk qardaşlıq dəstəyi göstərən məhz