"Türk dünyasının böyük coğrafiyası var, böyük potensialı var, böyük təbii qaynaqları var, böyük hərbi gücü var". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən TEKNOFEST aerokosmik və texnologiya festivalında çıxışında bildirdi. Azərbaycan Prezidenti onu da qeyd etdi ki, Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətləri var.
Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da İstanbulun Qasımpaşa bölgəsində anadan olub. Ailəsi əslən Türkiyənin Rizə bölgəsindəndir. 2003-cü ilin yanvarında Ərdoğan Azərbaycana hələ Baş nazir olmazdan öncə, Ədalət və İnkişaf Partiyasının lideri kimi gəlib. Səfərdən sonra Heydər Əliyevə məktub göndərərək Azərbaycana səfəri zamanı ona göstərilən diqqətə görə təşəkkür edib. O, məktubda bildirib ki, bu görüş iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. 2003-cü ilin martında Türkiyənin Baş naziri kimi fəaliyyətə başlayan Rəcəb Tayyib Ərdoğan həmin il dekabrın 15-də ümummilli lider Heydər Əliyevin dəfn mərasimində ulu öndərlə bağlı fikirlərini belə ifadə etmişdir: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən "bir millət, iki dövlət" ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini və birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".
Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər dinamik şəkildə inkişaf edir və bunda xalqlarımızın tarixən bir-birinə yaxın olması ilə yanaşı, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi, strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində atdıqları uğurlu addımlar da mühüm rol oynayır.
2021-ci ildə tviter hesabı üzərindən Ədalət və İnkişaf Partiyası iqtidarı dövründə həyata keçirilən işləri qrafiklərlə göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: "Nə qədər ümumiləşdirməyə çalışsaq da, danışmaqla bitməyəcək. Saatlara, hətta günlərə sığmayacaq işlər gördük". İqtisadiyyatda əldə edilən nailiyyətləri bölüşən Türkiyə Prezidenti 2020-ci ildə illik artımın 1 faizdən 5,1 faizə çatdığını göstərmişdir. Ölkədə illik investisiyaların 70 milyard lirədən 1,4 trilyon lirəyə yüksəldiyi, ixrac miqdarının isə 36 milyard dollardan 170 milyard dollara çatdığı qeyd olunmuşdur.
Qrafikdə 19 ildə 9 milyon insanın işlə təmin olunduğunu bildirən Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyatındakı digər inkişafları da diqqətə çatdırmışdır.
Son illər Türkiyə dünyanın enerji mərkəzlərindən birinə çevrilməkdədir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə neft-qaz, elektrik enerjisi, ümumiyyətlə enerji sektorunda çox ciddi nailiyyətlər əldə edib. Ölkənin nüfuzunu artırmaq və enerji təhlükəsizliyini təmin etmək, həmçinin digər ölkələrdən enerji asılılığını azaltmaq üçün Qara dənizdə aktiv neft-qaz axtarışları davam etdirilir. "Türkiyə Petrolları Anonim Ortaqlığı" (TPAO) şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində, ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib. Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir.
Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə həmrəyliyində də rolu danılmazdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsində dayanmışdır. Azərbaycanın əsl dostlarının kim olduğunu göstərən 44 günlük Vətən müharibəsində də bu fakt bir daha öz təsdiqini tapdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. 44 günlük müharibədə Azərbaycan əsgəri də, əsgər valideynləri də, Azərbaycan dövləti də hər an arxasında Türkiyənin isti nəfəsini duydu. 6 həftəlik müharibədə 80 milyonluq Türkiyə Azərbaycan üçün səfərbər oldu.