2000-ci il aprelin 9-da ulu öndər Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib
"Azərbaycan xalqının, bütün türk xalqlarının tarixi abidəsi, elm abidəsi, fəlsəfə abidəsi olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini qeyd etmək, deyə bilərəm ki, Azərbaycanın çoxəsrlik tarixində indiyə qədər bizim qeyd etdiyimiz bayramların, yubileylərin hamısından üstündür. Biz bundan nəyə nail olduq? Son üç il müddətində Azərbaycanda indiyə qədər heç vaxt olmadığı kimi, "Kitabi-Dədə Qorqud"un tədqiqinə, təhlilinə, onun mənasının və məzmununun dərindən öyrənilməsinə, böyük əsərlərin yaranmasına və ən əsası isə "Kitabi-Dədə Qorqud"un bizim xalqımıza - Azərbaycan xalqına yenidən qayıtmasına nail olduq...".
Bu fikirləri ümummilli lider Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə bildirib. Görkəmli dövlət xadimi Heydər Əliyev elm və mədəniyyətin inkişafı istiqamətində sistemli, ardıcıl, gələcəyə hesablanmış işlər görüb. Xalqımızın özünü dərk etməsində, milli köklərə daha möhkəm bağlanmasında folklorun əvəzsiz rolunu nəzərə alan ulu öndər "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında tarixi fərman imzalamış və məhz bu fərmandan sonra bu sənət abidəsinin yaranma dövrü haqda yenidən elmi araşdırma aparılması istiqamətində işlərə başlanılmışdır.
Çıxışlarında bu dastanın VII əsrdə yaranmasını xüsusi olaraq diqqətə çatdıran, bu eposun Azərbaycan xalqı ilə yanaşı, digər türk xalqlarının da ədəbi abidəsi olduğunu qeyd edən Heydər Əliyev epos və milli dövlətçilik məsələsi üzərində daha ətraflı dayanmağı vacib saymışdır. Siyasi müstəqillik, Oğuz elinin başqa dövlətlərdən asılı olmaması ideyasının "Kitabi-Dədə Qorqud"da qabarıq ifadə edilməsinə əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulamışdır. "Kitabi-Dədə Qorqud" haqqında çıxışlarında ulu öndər "əxlaq kodeksimiz", "milli estetikamızın mötəbər qaynağı", "tariximizin, etnik yaddaşımızın, arxaik təfəkkürümüzün güzgüsü", "nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi" adlandırdığı bu dastanın açılmayan səhifələrinin, öyrənilməyən məsələlərin olduğuna diqqəti yönəltmiş, bu dastanla bağlı gələcək araşdırmalara yol açmışdır.
Heydər Əliyevin "ana kitabımız" adlandırdığı "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi müstəqil Azərbaycanın ilk nəhəng elmi-mədəni tədbirlərindən biri kimi folklorşünaslığımızın inkişafında mühüm əhəmiyyət daşımışdır. Belə ki, 1999-2000-ci illərdə qorqudşünaslıq sahəsində yeni-yeni tədqiqatlar aparılmış, AMEA "Folklor sarayı" Elmi-Mədəni Mərkəzində (indiki Folklor İnstitutunda), Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli alimlərin rəhbərlik etdiyi "Qorqudşünaslıq" şöbələri və ya elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlamış, yubiley tədbirləri çərçivəsində "bütün türk xalqlarının tarixi və mədəniyyəti üçün mötəbər bir qaynaq rolu oynayacaq ikicildlik möhtəşəm "Kitabi-Dədə Qorqud" ensiklopediyası çap olunmuş, eposla bağlı neçə-neçə monoqrafiya işıq üzü görmüşdür.
"Kitabi-Dədə Qorqud"da dövlətçilik düşüncəsinin qabarıq əks olunmasına əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi vurğulayırdı: "Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacibdirsə, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu xalqın