12 noyabr 2021-ci ildə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə "Türk Dünyasının Ali Ordeni" Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib: "Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir". Bu sözləri Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə Görüşündə çıxışında şəxsinə və xalqına göstərilən bu yüksək etimada görə təşəkkürünü ifadə edərkən bildirib.
Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir".
Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, İlham Əliyev qətiyyətli rəhbərliyi ilə Qarabağda otuz il davam edən işğala 44 gündə son qoyub. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Ərdoğan onu da qeyd edib ki, Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajı həkk edib, türk dünyasının birliyini və bərabərliyini genişləndirib, Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müjdəçisi olub.
Təbii ki, bu dövlət başçımızın layiq görüldüyü ilk orden deyil. Prezident İlham Əliyev keçən 20 il müddətində dövlətçiliyin sağlamlaşdırılması və inkişafı, beynəlxalq sülh və təhlükəsizliyin təminatı, habelə xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətinə görə Rumıniyanın "Rumıniya Ulduzu" (11 oktyabr 2004-cü il), Səudiyyə Ərəbistanı Krallığının "Kral Əbdüləziz" (8 mart 2005-ci il), Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski (11 aprel 2005-ci il), Azərbaycan Respublikasının "Heydər Əliyev" (28 aprel 2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski (14 sentyabr 2005-ci il) və başqa ordenlərə layiq görülüb.
Təbii ki, bütün bu ordenlər kimi, Türk Dünyasının Ali Ordeninin də əhəmiyyəti var. İlham Əliyevin ordenə layiq görülməsinin əsas səbəblərindən biri də ölkəmizin işğal altındakı torpaqlarını düşməndən azad etməsidir. Ali Baş Komandanın göstərdiyi güclü iradə, düzgün strategiya və sərkərdəlik istedadı tarixi zəfərin qazanılmasına öz töhfəsini verib. Bu qələbə ilə birliktə, türk birliyinin əməkdaşlığı prosesi də genişlənib. Həmçinin regionda davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində böyük işlər görülüb.
Prezident İlham Əliyevin diplomatik zəkası, cəsur siyasəti nəticəsində qazandığımız zəfər ərazi bütövlüyümüz və suverenliyimizi təmin etməklə yanaşı, həm də erməni separatizminə son qoyub. Bölgədə sülh, sabitlik və təhlükəsizliyin mövcudluğu istiqamətində fəaliyyət aparılıb.
Ordeni Prezident İlham Əliyevə qardaş ölkə Prezidenti Rəcəp Tayyip Ərdoğanın təqdim etməsi isə bir daha sübut edib ki, tərəfdaş olan bu ölkələr hər zaman yaxşı, yaxud çətin gündə bir-birinin yanındadır. İkinci Qarabağ müharibəsi başlayan vaxtlarda da Azərbaycanın yanında olduğunu bəyan edən Türkiyə, daim öz böyük mənəvi və siyasi dəstəyini göstərib. Türkiyə Azərbaycanın strateji müttəfiqi, tərəfdaşı kimi Qarabağın bərpası prosesində də canla-başla fəaliyyət göstərib.
İlham Əliyevin səyləri ilə 2020-ci ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, may ayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda pandemiyaya qarşı mübarizə mövzusunda görüşü keçirilib. Bütün bunlar milli, regional və qlobal səviyyələrdə fəaliyyətin birləşdirilməsi, müxtəlif sahələrdə təcrübə mübadiləsi baxımından müstəsna əhəmiyyət kəsb edib.
Bu gün türk dünyasının birliyi güclənir və Naxçıvandan başlayan bu hərəkat genişlənir. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda türk dövlətlərinin birliyinin gücləndirilməsinin əhəmiyyəti özünü daha aydın şəkildə büruzə verir və bu istiqamətdə iş uğurla yerinə yetirilir.
Nurcan SÜLEYMANOVA,
"Respublika".