Ədalət naminə deməliyik ki, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən avqust görüşündən sonra Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparılması haqqında razılıq hər iki xalqın gələcək mənafeyi baxımından müsbət hadisə idi. Bundan əvvəl isə Ermənistan Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət olan tələbləri də qəbul etməyə hazır olduğunu bildirmişdi. Təəssüf ki, sülh danışıqları haqqında əldə olunan razılığın üstündən az bir müddət keçəndən sonra Azərbaycanla sərhəddə - Laçın, Kəlbəcər və Daşkəsən rayonları istiqamətində Ermənistan genişmiqyaslı təxribat törətdi. Qəhrəman Silahlı Qüvvələrimizin bölmələri düşmənin təxribatına layiqli cavab verərək onların hücumunu dayandırdı.
Əslində, Ermənistan üzərinə götürdüyü öhdəlikləri heç zaman yerinə yetirməyib, onun bətnindəki şər və böhtan virus kimi yayılır, başqalarını da zəhərləyir.
Bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu çox yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və ən müasir hərbi texnikalarla təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yaxın tariximizə nəzər salanda aydın olur ki, düşmən üzərində qazanılan qələbənin təməli 1994-cü il Horadiz əməliyyatı ilə, sonra 2016-cı ilin dörd günlük Aprel döyüşləri, 2018-ci il Günnüt qələbəsi ilə qoyulub. Nəhayət, 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə son iki yüzillik münaqişəyə birdəfəlik son qoydu.
Onu da deyək ki, düşmən Ermənistan və onun havadarları, erməni lobbisi, ermənipərəst qüvvələr yüz oyundan çıxsalar da, uzun illər boyu bir şeyi etməyə onların gücü çatmadı. Xalqımızın ruhunu, inamını, ümidini, birliyini, torpaq uğrunda mübarizəsini məhv edə bilmədilər. Düşmən və havadarları Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını və yüksək döyüş qabiliyyətini görəndən sonra anladılar ki, azərbaycanlılar öz torpaqları uğrunda canlarından keçməyə hazırdırlar, intiqam almağı bacarırlar, mən ölsəm də təki Vətən yaşasın, deyərək döyüşə atılırlar.
Son iki ildə Ermənistan Azərbaycana qarşı dəfələrlə təxribat törədib və hər dəfə də ağır itki verib, yüzlərlə hərbi texnikası sıradan çıxarılıb. Sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi düşmənin növbəti dəfə həm ərazi, həm canlı qüvvə, həm də müxtəlif texnika itkiləri ilə nəticələndi. Azərbaycan ordusunun həyata keçirdiyi cavab tədbirləri zamanı erməni təxribatının qarşısı qətiyyətlə alındı. Ordumuzun bölmələri bir sıra strateji əhəmiyyətli yüksəklikləri nəzarətə götürdü.
Hərbi ekspert Ramil Məmmədli deyir ki, Azərbaycan Ordusunun apardığı sonuncu döyüş unikal hərbi əməliyyatdır. Bunu Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı ilə eyniləşdirirəm. Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı dəniz səviyyəsindən 3 min metrə qədər yüksəklikdə olan ərazidə bir neçə istiqamətdə əməliyyatlar aparması olduqca diqqətəlayiqdir. Lakin düşmən tərəflə müqayisədə dəfələrlə az itki ilə bu cür hərbi əməliyyatın yüksək səviyyədə keçirilməsi, döyüş taktikasının müəlliflərinin, həmçinin döyüşçülərimizin peşəkarlığından xəbər verir.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir. Təkcə Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş G-001 M tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Göründüyü kimi, düşmən öz qaniçən sifətini dəyişməyib, azərbaycanlılara qarşı apardıqları terroru dövlət siyasəti səviyyəsinə qaldırıblar, şeytan barmaqlarının törətdiyi fitnə-fəsada elə alışıblar ki, onları yalnız Azərbaycanın Dəmir Yumruğu dayandıra bilir.
Ermənilərin törətdikləri təxribatlar postmüharibə dövrünün yeni reallıqlarını dəyişə bilməz. Xalqımızın çox dəqiq və qəti mövqeyi sayəsində düşmən torpaqlarımıza yaxın buraxılmayacaq. Bu qəti və barışmaz mövqeyi müharibəni alovlandıran şeytanlar da, ermənilər üçün göz yaşları tökənlər də, onlara silah-sursat verənlər də vaxtında dərk etsələr, onda ermənilərin Azərbaycanda sakit, rahat, təhlükəsiz yaşamalarına münbit şərait yaranar...
Salman ALIOĞLU,
"Respublika".