TƏXRIBATLAR ERMƏNİSTANIN VARLIĞINI SUAL ALTINDA QOYA BİLƏR
Digər xəbərlər

TƏXRIBATLAR ERMƏNİSTANIN VARLIĞINI SUAL ALTINDA QOYA BİLƏR

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Həmin gün 19:35 radələrində isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bunlar gün ərzində Azərbaycan Müdafiə Nazirliyinin erməni təxribatları ilə bağlı yaydığı xəbərlərdir.

Son günlərdə artan bu informasiyalar isə cəmiyyətdə bəzi suallar yaradır. 44 günlük müharibədə xeyli sayda fərarisi olan, dağıdıcı zərbə alan Ermənistanın kimə və nəyə arxalanaraq təxribata əl atması olduqca maraq doğurur. Sözsüz ki, Paşinyan hökuməti Fransa, İran, Hindistan kimi qüvvələrə arxalanır. Belə ki, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb, iki ölkənin hərbçiləri arasında da təmaslar intensivləşib. Bu məqamda Fransanın xeyir-duası ilə Hindistanın tezliklə Ermənistanı özüyeriyən "Trayan" silahları ilə təmin edəcəyi barədə iddiaları da xatırlamaq lazımdır. Bütün bunlar isə Yeni Dehli və İrəvan arasında hərbi əməkdaşlığın dərinləşməsindən xəbər verir. Rəsmi Tehranın da İrəvana külli miqdarda raket və digər silahlar hədiyyə etdiyi rəsmən təsdiqlənib. Eyni zamanda, İranın yüksək səviyyəli rəsmiləri bəyan ediblər ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarının alınması üçün 22 ölkə rəsmi müraciət edib və onların arasında Ermənistan da var. Yəni İrəvan davamlı olaraq silahlanır, fərqli ölkələrdən yüz milyonlarla dollar dəyərində silah alır. Bunların içərisində hələlik isbat olunmasa da, HİMARS-a alternativ olan sistemlər, radioelektron mübarizə sistemləri, özüyeriyən haubitsalar və s. var. Bütün sadalananlar onu göstərir ki, Ermənistanın niyyəti sülh deyil.

Aldığı hərbi yardımlarla yanaşı, Ermənistanın daxilində davam etməkdə olan anarxiya və xaos sözsüz ki, bölgədəki sabitliyə ciddi zərbə vurur. Görünən odur ki, bu gün Ermənistandakı iqtidar və müxalifət ayrı-ayrı məqsədlər güdsə də, nəticə etibarilə Azərbaycana qarşı təxribata söykənən siyasət aparırlar. Qalib dövlətin lideri Prezident İlham Əliyevin lazımi addımlar atılacağı təqdirdə, Ermənistanla sülh müqaviləsini müzakirə etməyə və imzalamağa hazır olduğunu bildirdiyi, Azərbaycanın kommunikasiya və nəqliyyat xətlərinin açılmasına, eyni zamanda sərhədlərin delimitasiyasına, demarkasiyasına hazır olduğu bir vaxtda rəsmi İrəvanın təxribatları danışıqlar prosesinin pozulması məqsədi daşıyır.

Amma sülhün gecikməsi İrəvanın əleyhinədir. Çünki ölkəmiz düşmənin bütün təxribatlarına müvafiq cavab vermək əzmindədir və sülh gündəliyinin dalana dirəndiyini gördüyü anda alternativ tədbirlər görəcək. Bu proses döyüş meydanına qədər uzansa, İrəvanın məğlubiyyəti qaçılmaz olacaq. Odur ki, Ermənistan hökuməti başa düşməlidir ki, havadarları sadəcə şəxsi mənafelərinə görə onun yanında yer alır və onları erməni əhalisinin vəziyyəti narahat etmir. Paşinyan hökuməti bunu dərk etməlidir ki, Ermənistanın bir ölkə kimi siyasi varlığını qorumasının yeganə yolu təxribatlardan əl çəkərək sülhün bərqərar olunmasından keçir.

Jalə QASIMZADƏ,

"Respublika".