Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təşəkkül tapmasında Gürcüstan uzun müddətdir ki, təşəbbüslərlə çıxış edir və rəsmi Tbilisi Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinin gücləndirilməsində böyük maraq göstərir. Buna dair bir sıra uğurlu nümunələr də vardır.
Gürcüstanın ən böyük üstünlüyü bundan ibarətdir ki, Cənubi Qafqazın tərkib hissəsinə daxildir və eyni zamanda sabitliyin qorunması Gürcüstanın özü üçün önəmlidir. Çünki Gürcüstan ərazisindən keçən nəqliyyat, kommunikasiya və enerji layihələri icra olunmaqdadır. Digər tərəfdən, Gürcüstan bir vasitəçi kimi burada çıxış etmək niyyətindədir və aydındır ki, kənar geopolitik aktorlar hər zaman öz maraqlarını təmin etməyə çalışırlar. Moskva, Brüssel və Vaşinqton burada hər zaman neytrallığını qorumur və Gürcüstan bu istiqamətdə neytral, tərəfsiz bir dövlət kimi çıxış etməyə çalışır.
Düşünürəm ki, qarşıdakı dönəmdə Gürcüstan platforması çərçivəsində ali səviyyədə görüş baş tuta bilər. Məhz belə bir görüşün baş tutacağı təqdirdə Cənubi Qafqazın tarixində yeni bir səhifə açılacaq. Digər tərəfdən də biz Münhen Təhlükəsizlik Konfransında da yaxşı xatırlayırıq ki, hər üç ölkənin lideri bölgənin problemləri, təhlükəsizlik aspektindən qarşıya çıxan təhdidləri müzakirə ediblər. Bu, çox önəmli bir görüş kimi yadda qalıb və məhz bu görüşlərin davamı sülhə, birgəyaşayışa və eləcə də təhlükəsizlik sisteminin gücləndirilməsinə xidmət edəcəkdir.
İlyas HÜSEYNOV,
politoloq.