Qazax-Tovuz iqtisadi rayonuna daxil olan, iqtisadiyyatının əsasını kənd təsərrüfatının təşkil etdiyi Tovuz rayonunda son illərdə bütün sahələrdə dinamik inkişafı görmək olar. Respublika Prezidenti İlham Əliyevin iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı imzaladığı sərəncamlardan irəli gələn vəzifələr rayonda uğurla icra olunur.
Rayonda dövlətin aqrar sahəyə göstərdiyi hərtərəfli dəstəkdən yetərincə bəhrələnilir. Respublikanın hər yerində olduğu kimi, Tovuzda da aqrar sahənin müasir metodlarla idarə olunmasına xüsusi diqqət yetirilir.
Məlumdur ki, Tovuz dağlıq və aran relyefə malikdir. Dağlıq ərazilərdə bitkilər dəmyə şəraitində yetişdirilir. Bu təsərrüfat ilində yağıntının iqlim normasından bir qədər yuxarı olması fermerləri qorxutsa da, mütəxəssislər bol məhsulun əldə olunacağını proqnozlaşdırırlar.
Tovuz DAİM-in direktoru Emin Eyvazov bizimlə söhbətdə bildirdi ki, Tovuzun əlverişli iqlimi və münbit torpağı, eləcə də zəhmətsevər insanların zəhməti hər il bol məhsulun əldə olunmasına stimul verir. Aran bölgəsində minlərlə hektar əkin sahəsinin suvarılmasında mütərəqqi üsullardan - çiləmə, damcılama, eləcə də PİVOT suvarma sistemindən istifadə olunur. Belə olan halda suvarmanın keyfiyyəti yüksəlir, su itkisinin qarşısı alınır. Hazırda rayon ərazisində taxıl biçini və kartof yığımı dövrüdür. Sahələrdə nəhəng kombaynların səsi sükutu pozur.
Kartof tarlalarında səhərdən-axşamacan insanların həvəslə çalışdığını görmək olur. Tovuzun respublikamızın ərzaq təminatında özünəməxsus yeri var. Hər il tovuzlular daxili bazarlarda bolluq yaratmaqla yanaşı, xarici ölkələrə minlərlə ton ekoloji təmiz, rəqabətədavamlı meyvə-tərəvəzi "Made in Azerbaijan" brendi adı altında ixrac edirlər.
Aqrar sahənin inkişaf etdirilməsi ölkədə ərzaq təhlükəsizliyinin təminatına töhfə verməklə yanaşı, rayonda işsizliyin minimuma endirilməsində böyük əhəmiyyət kəsb edir. Hər il rayonda əkin sahəsi bir qədər genişləndirilir. Müqayisə üçün bildirək ki, ötən təsərrüfat ilində Tovuzda 14,6 min hektar taxıl, o cümlədən 11520 hektar buğda səpilərək 50381 ton, 2113 sahədə arpa yetişdirilərək 8030 ton məhsul əldə olunmuşdur.
2023-cü ilin məhsulu üçün rayon ərazisində 18454 hektar taxıl, o cümlədən 15644 hektar buğda, 2810 hektar arpa becərilmişdir. Hazırda Tovuzda taxıl biçininin qızğın çağıdır.
13.07.2022-ci il tarixdə olan məlumata görə 5214 hektar sahədə biçin aparılmışdır. 21054 ton məhsul toplanmışdır. Biçinin optimal müddətdə və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunmuşdur. İlkin göstəricilər ürəkaçandır. Hər hektar buğda sahəsindən 42 ton, arpa sahəsindən isə 36.1 ton məhsul əldə olunmuşdur. Əminliklə bildirmək olar ki, məhsuldarlıq bir qədər də artacaq. Məhsul yığılan sahələr dərhal şumlanır və təkrar əkin aparılır. Hazıradək 1016.5 hektar sahədə təkrar əkin aparılaraq qarğıdalı səpilmişdir. Səpin davam etdirilir.
Tovuzlu fermerlərin respublikamızda əhalinin kartofa olan tələbatının ödənilməsində özünəməxsus yeri var. Yay aylarında rayonun aran zonasında yetişdirilən hər kəsin süfrəsinin bəzəyi olan kartofun satışı, qış aylarında isə dağlıq ərazidə dəmyə şəraitində becərilən kartof satışı həyata keçirilir.
Ötən ildə 5947 hektarda kartof əkilmiş və yüksək məhsuldarlığa nail olunmuşdur. Becərilən məhsulun bir hissəsi sahələrdən yığılarkən yerindəcə satılmış, bəzi fermerlər isə məhsulu bir qədər soyuducu kamerada saxladıqdan sonra satışa çıxarırlar.
Qeyd etmək lazımdır ki, hazırda rayonda ümumi tutumu 2908 min ton tutumu olan 37 ədəd müasir standartlara cavab verən meyvə-tərəvəz saxlanılması üçün soyuducu kameralar mövcuddur. Hazırda rayon ərazisində 270 hektar sahədə kartof yığımı aparılmış, hər hektardan hələlik 282 sentner keyfiyyətli məhsul əldə olunur. Kartof yığımı uğurla davam etdirilir. Müsahibim bir məsələni xüsusilə vurğuladı ki, sahələrin suvarılmasında cari ildə fermerlər heç bir çətinliklə üzləşməmişlər.
Tovuz rayonu üzümçülüyün inkişaf etdirilməsi üçün də əlverişli məkandır. Ötən əsrin 80-90-cı illərində minlərlə hektar üzüm plantasiyası məhv edilsə də, indi rayonda ilbəil bu qiymətli bitkinin ərazisi genişləndirilərək əvvəlki şöhrəti qaytarılır. Rayonda 849 hektar sahədə intensiv üzüm bağlarından əldə olunan gəlir rayon iqtisadiyyatına töhfə verir. 26.6 hektar yeni salınmış plantasiyalar isə növbəti illərdə məhsul verəcəkdir.
Bağlara göstərilən yüksək aqrotexniki qulluq ürəkaçan məhsuldarlığın əldə olunmasına zəmin yaradır. Əsasən müxtəlif növ süfrə üzümləri daxili bazarlarda bolluq yaradır. Eyni zamanda, hər il minlərlə ton keyfiyyətli üzüm ölkədən ixrac olunur ki, bu da respublikaya valyuta axını deməkdir.
Yetişdirilən texniki sort üzüm isə rayonda fəaliyyət göstərən üzüm emalı zavoduna təhvil verilir ki, bu da fermerlərin işini xeyli asanlaşdırır. Belə ki, məhsul vaxtında, itkisiz yığılır, təhvil verilir, dəyəri isə yerindəcə ödənilir.
Rayonda istixanaların yaradılması da geniş vüsət almışdır. Burada müxtəlif növ məhsullar yetişdirilir. Rayon ərazisində 29.9 hektar istilikxana şəraitində 2393.9 ton məhsul istehsal edilmişdir. Cari ildə ötən ilin göstəricilərinə nisbətən məhsul istehsalı 35.7 faiz artmışdır. İstilikxanalarda məhsul yığımı başa çatmışdır.
Tovuz rayonu tütünçülüyün inkişaf etdirilməsi üçün əlverişli iqlimə malikdir. Cari təsərrüfat ilində 110.5 hektar sahədə tütün əkilərək yüksək aqrotexniki qulluq göstərilir.
Rayonda fəaliyyət göstərən "Aqrosupply" MMC 1147 hektar sahədə Superelit, Elit-1 buğda toxumlarının, 308.1 hektar sahədə isə Superelit arpa toxumunun səpinini aparmış və yüksək məhsuldarlığa nail olunmuşdur. Məlum olduğu kimi, son illər ölkəmiz üçün gəlirli sahə olan ipəkçilik və baramaçılığın inkişaf etdirilməsi üçün bir sıra vacib tədbirlər həyata keçirilir. Cari ildə kümçülərə 143 qutu ipəkqurdu toxumu paylanmış, cəmi 4633.6 kiloqram yaş barama əldə olunaraq təhvil verilmişdir.
Rayonda heyvandarlığın inkişafı diqqətdə saxlanılır. Hazırda Tovuzda 41722 baş iribuynuzlu, 190 min baş xırdabuynuzlu mal-qara mövcuddur. Qeyd etmək lazımdır ki, Tovuz baytarlıq idarəsi epizootik vəziyyəti daim nəzarətdə saxlayır. Bunun nəticəsidir ki, rayonda heyvanlarda təhlükəli infeksion xəstəliklər qeydə alınmamışdır.
Vəli VƏLİYEV,
"Respublika".