1956-cı il 14 fevral. Azərbaycan Televiziyasının ilk dəfə yayıma başladığı gün. Bəli, düz 67 il əvvəl çoxlarının sehrli qutu adlandırdığı televizor məişətimizə daxil oldu, evlərimizin qonağına çevrildi. Ötən illərdə böyük inkişaf yolu keçən milli televiziyamız maraqlı, rəngarəng verilişləri ilə özünə geniş tamaşaçı auditoriyası qazanmışdı. Uşaqdan-böyüyə, cavandan-yaşlıya, sadə insandan elm adamlarınadək hər kəsin öz sevimli verilişi vardı bu teleməkanda. O verilişləri araya-ərsəyə gətirmək, mütəmadi şəkildə efirə çıxmaq, tamaşaçıların tələbatını ödəmək üçünsə texniki işçidən tutmuş, yaradıcı heyətə qədər hər kəsdən böyük məsuliyyət, hazırlıq, peşəkarlıq tələb olunurdu. Bu mənada hər gün müəyyən olunmuş saatlarda yayımlanan xəbərlər proqramını hazırlayanların məsuliyyət yükü daha çox idi. Arxada qoyduğumuz bu 67 ilin içində Azərbaycan Televiziyasının "Günün ekranı" xəbərlər proqramında çalışdığım (kənar müəllif kimi) illərdə buna daha çox əmin olmuşam...
Yunanca "tele" - uzaqlıq, latınca "vizor" - görmə mənası verən sözlərdən yaranan televizorun ixtirası XX əsrin 20-30-cu illərinə təsadüf edir, ilk televiziya verilişi isə 1936-cı ildə Londonda olmuşdur.
Bakı şəhərində 180 metrlik ilk televiziya qülləsi 1956-cı ildə qurulub. 1956-cı il fevralın 14-də ilk dəfə TV verici vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb. 1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub. 1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub. 1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayıma başlayıb. Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır.
2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsi təmin edilib. Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV proqram sayına məhdudiyyət yoxdur, yəni müştəriyə yüzlərlə kanalı izləmək imkanı yaradılıb. Həmin ildə "Azərbaycan" və "İctimai" radioları, eləcə də "İctimai" televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib. 2016-cı il dekabrın 20-də isə rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.
2016-cı ildə Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub. "Teleradio" İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb.
Bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində iki müstəqil kanal - "İdman Azərbaycan", "Mədəniyyət" kanalları fəaliyyət göstərir və bu kanallar tamaşaçılar tərəfindən maraqla izlənilir. Artıq "ATV", "İTV", "Xəzər", "Space", "ARB", "CBS-sport", "Real TV" televiziya kanallarının da öz tamaşaçıları formalaşıb. Gəncə, Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət göstərən televiziya kanalları öz işlərini dünya standartları səviyyəsində qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi də fəaliyyət göstərir. Xarici ölkələrdə azərbaycandilli televiziya kanalları mövcuddur. ABŞ-da "Günaz", Kanadada "AzCan", Rusiyada "İnterAz" TV-ləri