2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhəboyu törətdiyi təxribatlara cavab olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Qısa bir müddətdə ordumuz ərazi bütövlüyümüzü bərpa etdi. 3 il öncə 30 illik arzularımız, xəyallarımız gerçəyə çevrildi. Azərbaycan xalqı illərdir həsrətlə gözlədiyi Qarabağın döyünən ürəyi – Şuşaya qovuşdu.
Məşhur rus yazıçısı Nikolay Çernişevski deyib ki, insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Azərbaycanın bu gün güclü dövlətə çevrilməsində, təkcə regionda deyil, beynəlxalq arenada da nüfuz qazanmasında Prezident İlham Əliyevin əvəzsiz rolu var. İkinci Qarabağ savaşındakı qələbə də vətənpərvər ölkə başçımızın və şəhidlərin qanı bahasına qazanılıb. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin cəsurluğu, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmən məğlubiyyətə uğradı. Prezident İlham Əliyev doğma xalqını böyük qələbə xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır".
30 il sonra Qarabağ münaqişəsinə son qoyuldu və Azərbaycan tarixi ədaləti bərpa etdi. 44 günlük haqq savaşımız tariximizə qızıl hərflərlə həkk olundu. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrində, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə milli qürurumuzun təntənəsinə çevrilən, Azərbaycanın nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin ölkəmizdə Zəfər Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Azərbaycanın haqq işinə ən böyük dəstəyi qardaş Türkiyə verdi. Bu gün postmüharibə dövründə davam edən proseslərdə də Türkiyə Azərbaycanın yanındadır. Pakistan Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmasını tələb etdi. Pakistanın Baş naziri İmran Xan, qardaş ölkə adlandırdığı Azəbaycanın yanında olduğunu və onun haqq işini dətəklədiyini bildirib.
Əfqanıstan da 44 günlük müharibənin ilk günlərindən birmənalı olaraq Azərbaycanı dəstəklədi. Ölkənin Xarici İşlər Nazirliyi Qarabağın Azəbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirərək, Ermənistandan işğal etdiyi torpaqlardan çıxmasını tələb etdi. Bundan başqa, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, Ermənistanın qardaş Azəbaycana qarşı hücumlarını qətiyyətlə pislədi və Azərbaycanın yalnız olmadığını qeyd etdi. Azərbaycanın zəfərinə dəstək verən ölkələrdən biri də İsrail idi. Bu ölkənin siyasi və ictimai elitası işğal altındakı torpaqlarımızı xilas etmək məsələsində dövlətimizin yanında oldu. Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto da ölkəmizə dəstək verərək azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü pozulmadan, sülh danışıqları ilə həll edilməsini arzuladıqlarını bildirdi. Azərbaycanı müdafiə edən ölkələrdən biri də Moldovadır. Moldova XİN döyüşlərin dayandırılmasına tərəfdar olmaqla, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə, uzunmüddətli siyasi həll yolu tapmağa çağırdı. Ölkənin Xarici İşlər Nazirliyi bəyan etdi ki, münaqişə ancaq beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll edilməlidir.
Dövlətimizin haqq işinə dəstək olanlar arasında Bosniya və Herseqovinanı və Gürcüstanı da qeyd etmək lazımdır. Bosniya və Herseqovina Dövlət Şurasının sədri Şefik Caferovic Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq vurğulamışdı ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, erməni silahlılar işğal etdikləri torpaqları əsl sahibləri olan azərbaycanlılara qaytarmalıdırlar. Eyni zamanda, ölkənin ən böyük siyasi partiyası olan SDA-nın sədri Bakir İzzətbegovic də Qarabağın Azərbaycana aid olduğunu, Ermənistanın mülki insanları hədəf alan hücumlarının əsla qəbuledilməzliyini söyləmişdi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verən Gürcüstan hətta müharibə dövründə Ermənistana silah və sursat daşımalarının qarşısını almaq üçün, quru və hava məkanını bağlamışdı. Müharibə günlərində paytaxt Tbilisidəki "Sülh" körpüsü və televiziya qülləsi Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.
44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən ölkələrlə yanaşı, beynəlxalq təşkilatlar da var idi. İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH), Türk Şurası (TH) da bu qəbildəndir. Belə ki, İƏT Baş katibliyindən verilmiş bəyanatda deyilirdi ki, atəşkəsi pozan Ermənistan ordusu Azərbaycan torpaqlarına qarşı təcavüzünü davam etdirir. Nəticədə çox sayda mülki insan həlak olur, yaralanır və mülki obyektlər dağılır. Azərbaycana qarşı hücumları şiddətlə qınadığını bildirən İƏT Baş katibliyi Ermənistandan öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmasını tələb edib.
Qoşulmama Hərəkatı bəyanat yayaraq, münaqişənin BMT TŞ-nin qətnamələri əsasında həll edilməsinə tərəfdar olduqlarını bildirmişdir.
Türk Şurasına gəldikdə isə qurumun rəhbərliyi Azərbaycana bu haqq işində açıq və birbaşa dəstəyini ifadə etmişdir.
Nəzrin ELDARQIZI,
"Respublika".