Tarixi və ilahi ədalət hər zaman öz yerini tapır - Deputat
Gündəm

Tarixi və ilahi ədalət hər zaman öz yerini tapır - Deputat

Erməni hərbi birləşmələri 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Meşəli kəndinə hücum ediblər. Hər nə qədər qüvvələr qeyri-bərabər olsa da, kənd sakinləri ermənilərə inadla müqavimət göstərib. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar.

Kənd həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Hazırda Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Qeyd edək ki, Meşəli soyqırımını törədənlərdən biri - Vaqif Xaçaturyan adlı erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

“Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş cani Vaqif Xaçaturyanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində həbs edilməsi Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunur. Çünki bu şəxsin adı çoxdan beynəlxalq axtarışa verilmişdi və onun cinayətləri təsdiqləyən çoxsaylı sübutlar var”.

Bu fikirləri "Respublika"ya açıqlamasında deputat Fatma Yıldırım deyib.

O, bildirib ki, Meşəli faciəsinin şahidi olan insanlar V.Xaçaturyanın hansı amansız cinayətlər törətdiyini KİV-lərə danışırlar:

"Azərbaycan hüquq-mühafizə orqanlarının onu həbs etməsi Meşəli faciəsini yaşamış insanların qəlbinə böyük təsəllidir, şəhid olanların isə ruhu şaddır. Azərbaycan bütün müstəvilərdə ədalətin bərpası uğrunda mübarizə aparır və buna nail olur. Meşəli cinayətinin iştirakçılarından olan, günahsız azərbaycanlıların qətlində iştirak edən Vaqif Xaçaturyanın saxlanılması, istintaqa cəlb edilməsi də ədalətin bərpasının göstəricisidir. Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər məhkəmə qarşısında cavab verir. Əslində, tarixi və ilahi ədalət hər zaman öz yerini tapır - hər kəs törətdiyi cinayətin məsuliyyətini daşımağa məhkumdur. Xaçaturyanın da məsuliyyətə cəlb olunması bunu təsdiqləyir".

Fatma Yıldırım qeyd edib ki, əli günahsız azərbaycanlıların qanına batmış Xaçaturyanın saxlanılmasına qarşı Ermənistanın və onun havadarlarının etiraz etməsi qəbulolunmazdır: 

"Çünki Xaçaturyanın dəstəklənməsi, insanlıq əleyhinə cinayətlərin dəstəklənməsi deməkdir. Beynəlxalq birlik bu davranışı qınamalıdır. Bu baxımdan, Meşəli kəndinin sakinlərinin beynəlxalq ictimaiyyəti böyük əhəmiyyət kəsb edir. Həmin müraciətdə V.Xaçaturyan və digərlərinin Meşəli kəndində dinc insanlara qarşı amansız cinayətləri barədə ətraflı məlumatlar verilir, eləcə də bu gün Xaçaturyana dəstək verənlərə kəskin etiraz bildirilir. Haqlı olaraq vurğulanır ki, 30 il ərzində ermənilərin işğalçılıq siyasətinə, insanlığa qarşı cinayətlərinə göz yuman beynəlxalq təşkilatların nümayəndələrinin indi Xaçaturyana dəstək verməsi yolverilməzdir. Meşəli sakinlərinin müraciəti gerçək həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, mən əslən Şuşanın Malıbəyli kəndindənəm və  Meşəli Malıbəyliyə çox yaxın kənddir. Bu kənddə də çox qohumlarımız var. Hələ o illərdə Meşəlidən  tanışlarımız, əqrəbələrimiz öz evlərindən didərgin düşəndə hamısı bu təxribatlardan, erməni vəhşiliklərindən bəhs edirdilər. Yəni bu insanlar törədilən cinayətlərin canlı şahidləridir. Bütün bunlar danılmaz faktlardır. V.Xaçaturyan kimi canilər ədalət mühakiməsindən yaxa qurtara bilməz. O, layiq olduğu cəzanı mütləq alacaq!” - deyə, Fatma Yıldırım bildirib.

Röya RÜSTƏMLİ,

“Respublika”.