Azərbaycan-Moldova münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
Gündəm

Azərbaycan-Moldova münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan və Moldova dövlətləri ötən əsrdə SSRİ tərkibində olub və o dövrdən müttəfiqlik əlaqələri yürüdüb. Sovet imperiyası dağıldıqdan sonra bu iki ölkə müstəqillik qazanıb və ticari, iqdisadi və mədəni əlaqələrini davam etdirib. İki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər nəticəsində ölkələrin dostluq əlaqələri yüksək səviyyədədir. Ötən gün Azərbaycan Resphblikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya Moldova Respublikasının Müstəqillik günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

Azərbaycan-Moldova münasibətləri barədə siyasi-ekspert Samir Hümbətov “Respublika”ya bildirib ki, Azərbaycan və Moldova arasında əlaqələrin tarixi kökləri uzun illərə dayanır: "Çünki bildiyimiz kimi, SSRİ dönəmində də Azərbaycan və Moldova arasında ciddi iqtisadi əlaqələr mövcud olmuşdur və ittifaq çərçivəsində də hər iki ölkənin həm də mədəni əlaqələri formalaşmışdır. Təhsil əlaqələri mühüm dərəcədə inkişaf etmişdir. Həm Azərbaycan, həm də Moldova müstəqillik əldə etdikdən sonra da bu proses davam elədi və yenə də hər iki tərəfin bu dəfə həm siyasi, iqtisadi, mədəni və hərbi təhlükəsizlik və s. sahələrdə əməkdaşlığı formalaşdı".

"Xüsusilə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu əlaqələrin artıq yüksək inkişaf mərhələsinə keçməsinin şahidi olduq. 2003-cü ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Moldova əlaqələrində yeni bir mərhələ başlandı və bunun məntiqli nəticəsi kimi bu gün artıq tərəflər bir-birini istər regional , istər beynəlxalq platformalarda, istər də ikili əməkdaşlıq sahəsində bir birini daha çox dəstəkləyirlər. Bu əlaqələrin dərinləşməsi istiqamətində tərəflərin diqqətini cəlb edən addımların şahidi oluruq. Həm Azərbaycan-Moldova əlaqələrinin inkişafın sürətlənməsi, həm də liderlər səviyyəsində bu əlaqələrin daha da möhkəmləndirilməsi artıq bir ənənə halına çevrilib. O baxımdan düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Müstəqillik günü ilə bağlı Moldovaya verdiyi təbrik mesajı əslində dostluğun, qardaşlığın açıq nümunəsi kimi dəyərləndirilə bilər.” - deyə ekspert vurğulayıb.

Tacir SADIQOV,

“Respublika”