Ötən il dekabr ayının 24-də dövlət başçımız İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup tanınmış ziyalı ilə görüşündə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasını bir vəzifə olaraq qarşıya qoymuş və qeyd etmişdir ki, Azərbaycan xalqının, Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixən yaşadıqları torpaqlara geri dönüşləri sadəcə zaman məsələsidir. Azərbaycan Prezidentinin hər bir kəlməsinin ən yüksək səviyyələrdə imzalanmış istənilən bir saziş və müqavilədən daha etibarlı təminat olduğunu artıq təkcə Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyəti də yaxşı bilir. Əgər dövlət başçımız bizim Qərbi Azərbaycana qayıdacağımızı da ən mühüm məsələ kimi qarşıya qoyubsa deməli, bu, artıq labüddür. Prezident cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin, ifadə etdiyi fikirlərin bu qədər yüksək çəki və nüfuza malik olmasının başlıca səbəbi dediklərinin təkzibolunmaz dəlil və sübutlara, tarixi faktlara əsaslanmasıdır. Dövlət başçımız Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Azərbaycan xalqının bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan zəruri addımlar barədə fikirlərini açıq şəkildə ifadə etmişdir. Əslində, dövlət başçımızın çıxışının əsasında duran Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası mahiyyət etibarilə bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir və bu ideyanın tezliklə həyata keçirilməsi dövlət əhəmiyyətli məsələdir.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas prioritet istiqamətlərindən biri də məhz Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu məqsədlə, dövlət başçısı işlərin daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparılmasının vacib olduğunu qeyd etmişdir. Azərbaycanın tarixi torpaqlarında ermənilərin xarici havadarlarının köməyi ilə yaratdıqları Ermənistan bu gün Avrasiya məkanında mövcud olan yeganə monoetnik dövlətdir. Bu da tarixən həmin torpaqlarda yaşamış azərbaycanlıların öz dədə-baba yurdlarından zorla deportasiya olunmalarından sonra baş vermişdir. Lakin Azərbaycan iki il bundan öncə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsi ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu gün artıq həmin reallıqların verdiyi imkanlardan yararlanmağın və tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın tam zamanıdır.
Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri "dənizdən-dənizə" böyük imperiya xülyasına qapılaraq XIX-XX əsrlər boyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər. Onların mərhələli şəkildə həyata keçirdikləri məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar.
Xalqımızın taleyində faciəvi rol oynamış tarixi faktlardan biri, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz İrəvanın Ermənistana bağışlanması olub. Bundan sonra erməni millətçiləri daha da iştahlanaraq min bir fitnə-fəsadla tarixi Azərbaycan ərazilərinə yiyələnməyə, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da sovet hakimiyyətinin köməyi ilə Ermənistana birləşdirməyə nail olublar.
1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökuməti tərəfindən Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş cinayət idi. 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayəti törətdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında vəzifədən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildilər. Bütövlükdə, 300-dən çox şəhər və kənddə yaşayan azərbaycanlıların hamısı 3 il ərzində Ermənistandan zorla qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.
44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşməndən azad edildi. Belə bir Zəfər qazandığımız dövrdə əlbəttə ki, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlıqlarının, erməni yalanlarının sona qədər ifşası və son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması və digər məsələlər Qərbi Azərbaycan İcmasının üzərinə böyük məsuliyyət qoyur.
Vətən müharibəsindən sonra işğaldan azad olunan Kəlbəcər və Laçına səfər edən Prezident İlham Əliyev qədim tarixi dədə-baba torpaqlarımızla bağlı bildirmişdi ki, indiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalıdır: "Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın "Yerasx" kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm, ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri".
Əli SADIQOV,
"Respublika".