Keçən əsrin sonlarında xalqımız növbəti dəfə mənfur qonşumuzun xəyanəti ilə üzləşmiş, torpaqlarımızın 20 faizdən çox hissəsi işğal olunmuş, soydaşlarımız doğma yurd yerlərindən zorla çıxarılmışdır. Azərbaycanın dilbər guşəsi olan Qarabağ və ətraf rayonlar 30 ilə yaxın düşmən əsarətində qalsa da, xalqımız öz məqsədindən bir an belə dönmədi, tarixi yurd yerlərinə qayıdacaqlarına inamını itirmədi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində xalqımızın torpaq həsrətinə son qoyuldu. İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz düşməni döyüş meydanında məğlub etdi. 2020-ci il 8 noyabr günü isə xalqımızın yaddaşına və dövlətçilik tariximizə əbədi həkk olundu. Həmin gün Şuşanın işğaldan azad olunması Vətən müharibəsində qalibiyyətimizi şərtləndirdi. Cəmi 44 gün ərzində həm hərb meydanında, həm də siyasi müstəvidə məğlubiyyətə uğrayan düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən, Ağdam, Laçın, Kəlbəcər rayonları hərbi əməliyyatlarsız geri alındı. Üçtərəfli Bəyanatın 9-cu bəndində isə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi yer alırdı. Həmçinin Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Zəngəzur dəhlizi böyük strateji əhəmiyyətə malik olmaqla iqtisadi inkişaf mərhələsinin vacib amili kimi türk dünyasının iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşdıracaq. Azərbaycan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirmək imkanı verəcək".
Zəngəzur dəhlizinin açılması son üç ildə əldə etdiyimiz nailiyyətlərin növbəti səhifəsi olacaq. Lakin imzaladığı Bəyanatın müddəalarına əməl etməkdən boyun qaçıran Ermənistan dəhlizin açılmasında maraqlı olmadığından Azərbaycan bu məsələdə İran İslam Respublikası ilə razılıq əldə edib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanla quru yol əlaqəsi tamamilə kəsilən Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını bərpa etmək və yükdaşımaları yerinə yetirmək istiqamətində mühüm addımlar atılır. Heç bir ölkə ilə dəmiryolu əlaqəsi olmayan Ermənistan anlamır ki, dəhlizin açılması elə ilk növbədə onun özü üçün mühüm əhəmiyyət kəsb edir.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra qalib Azərbaycan işğaldan azad etdiyi tarixi ərazilərində yenidənqurma və bərpa işlərinə başlayıb. Düşmənin 30 il ərzində basdırdığı minalardan təmizlənən ərazilərdə həyata keçirilən yenidənqurma işləri geniş vüsət alıb, tarixi yurd yerlərimizdə müasir texnologiyalar əsasında yeni şəhərlər, kəndlər, qəsəbələr salınır.
Fəridə SƏFƏROVA,
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının
tələbəsi.