Qərbi Azərbaycana qayıdış hər şeydən öncə tarixi ədalətin bərpası baxımından vacibdir. Çünki bu torpaqlar qədimdən Azərbaycan ərazisinin bir hissəsi olub. 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələrindən sonra çar Rusiyası dünyanın müxtəlif ölkələrindən minlərlə erməni ailəsini bu əraziyə köçürüb. Nəticədə, Qərbi azərbaycanlılar öz doğma torpaqlarından deportasiyaya məruz qalıb, onların çoxu erməni vəhşiliyinə dözə bilməyib ata-baba yurdlarını tərk ediblər. SSRİ dönəmində sovet rəhbərliyinin göstərişi ilə soydaşlarımızın Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılmasının yeni mərhələsi başlanıb. Yüz minlərlə azərbaycanlı doğma ev-eşiyindən didərgin salınıb, erməni daşnakları bu işi mərhələ-mərhələ həyata keçiriblər.
Məlumdur ki, sovetlər dönəmində bu məsələlər gizli saxlanılırdı, o dövrdə yetişən nəsil öz tarixini dəqiq bilmirdi. Sovet İttifaqı isə azərbaycanlıları və erməniləri qardaş xalqlar kimi təqdim edirdi. Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tarixi faktlar üzə çıxarıldı. Bu baxımdan, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra verdiyi qərarlar mühüm rol oynadı. Ümummilli liderin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" və "Azərbaycanlıların soyqırımı haqqında" fərmanları tarixi həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində çox mühüm siyasi-hüquqi sənədlərdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətrafında yerləşən Azərbaycan torpaqlarında özlərinə dövlət qurmuşlar. İkinci dəfə Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana erməni dövləti yaratmağa imkan verməyəcəkdir.
İrəvan Qərbi Azərbaycanın nəinki bütün Qafqazda, hətta Şərq ölkələrində belə ən iri ticarət, elm və mədəniyyət mərkəzi, tipik müsəlman şəhəri olmuşdur. Burada bir-birindən yaraşıqlı 8 məscid tikilmişdir. Əzəmətli Göy məscid və Günlüklü məscid son dövrlərə qədər qalırdı. Şəhərin bir tərəfi mənbəyini Göyçə gölündən olan Zəngi çayının sıldırım təpəsi üstündə, o biri tərəfi isə çuxurda yerləşirdi. Ağrı dağı vadisi bura qədər uzanırdı. İrəvanın ətrafı sıx meşə və bağlarla əhatə olunurdu.
XIX-XX əsrlərdə erməni millətçiləri Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər və mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi ata-baba torpaqlarından qovulublar.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz - İrəvan Ermənistana bağışlanıb. 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra digər torpaqları sovet hökumətinin xain siyasəti nəticəsində Ermənistana birləşdirilib.
1948-1953-cü illərdə Qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalmışlar. 150 mindən çox soydaşımız tarixi torpaqlarından İ.Stalinin, Molotovun xəyanəti və dəstəyi ilə min bir əzab-əziyyətlə Azərbaycanın Kür-Araz ovalığına köçürülmüşlər.
1988-ci ildə Mixail Qorbaçovun maymaqlığından istifadə edən erməni vandalları Qərbi azərbaycanlılara qarşı növbəti xəyanət torunu hazırlamış, 300 mindən çox azərbaycanlı İrəvan, Göyçə, Amasiya, Dərələyəz, Zəngəzur, Kalinino, Zəngibasar və digər ata-baba torpaqlarından deportasiya olunmuş, "Qızıl Moskva" isə bu ədalətsizliyə göz yummuşdur. 35 ildir ki, Qərbi azərbaycanlılar qaçqınlıq həyatı keçirir, yurd həsrəti ilə yaşayırlar.
24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev vurğulamışdır ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və öz doğma torpaqlarına qayıtmalıdırlar.
Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin olunması istiqamətində gerçəkləşdirilən bütün məsələlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altındadır. Bu baxımdan, dövlət başçımızın Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı tarixi ərazisindən deportasiya edilən soydaşlarımızın yurdlarına qayıdışı ilə gələcəkdə görülməsi vacib olan işlərlə bağlı səsləndirdiyi fikirləri Qərbi Azərbaycana qayıdışın mükəmməl yol xəritəsi hesab etmək olar.
Nuran ABDULLAYEV,
Almaniya Azərbaycanlıları Alyansı
İdarə Heyətinin sədri, tibb elmləri
doktoru, dosent.