Sumqayıt Regional Mədəniyyət İdarəsi “Şuşa İli
Digər xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsi “Şuşa İli"ni yaddaqalan tədbirlərlə başa vurub

Dövlət başçısının 2022-ci ili "Şuşa İli" elan etməsi milli-mədəni və tarixi irsimizin qorunması və təbliği istiqamətində atılmış müstəsna bir addım oldu. "Şuşa İli" ilə bağlı ölkəmizdə il ərzində yüzlərlə yaddaqalan tədbirlər baş tutdu. Keçirilən konsert və festivallarda, sərgi və müsabiqələrdə, eləcə də poeziya gecələri və yubileylərdə mədəniyyətimizin və incəsənətimizin bütün rəngarəngliyi təqdim olundu.

Sumqayıt Regional Mədəniyyət İdarəsi də  "Şuşa İli" çərçivəsində çoxsaylı, müxtəlif səpkili parlaq tədbirlər keçirib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev bu barədə ətraflı məlumat vermişdir:

- Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili "Şuşa İli" elan etdi və yanvar ayının 5-də imzaladığı Sərəncamla bu xəbəri rəsmən təsdiqlədi. Bu Sərəncam xalq tərəfindən böyük sevinclə qarşılandı.

Qarabağın baş tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Sumqayıt Regional Mədəniyyət İdarəsinin (SRMİ) kollektivi də bu xəbəri ruh yüksəkliyi ilə qəbul etdi.

Qeyd edim ki, 2022-ci ildə idarəmizdə "Şuşa İli" ilə bağlı bir-birindən maraqlı  tədbirlər keçirilib. Ötən il  iyunun 10-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbi "Şuşam" adlı hesabat konserti verib. Konsertdən öncə simli alətlərin müşayiəti ilə təsviri incəsənət şöbəsi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra tədbir məktəbin şagird və müəllimlərinin ifalarında rəngarəng musiqi nömrələri ilə davam edib. Qeyd edim ki, "Şuşa İli"nə həsr olunmuş bu cür hesabat konsertləri SRMİ-nin bütün regional subyektləri üzrə baş tutub.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Bu gün şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Bu nümunədən SRMİ kollektivi də bəhrələnərək şəhid ailələrinə və qazilərə bacardığı köməkliyi əsirgəmir. Ötən iki il ərzində maddi və mənəvi köməkliklə yanaşı, şəhid ailə üzvləri, qazi və onların ailə üzvləri idarəmizdə işlə təmin edilmişlər.

İdarəmizin təşəbbüsü ilə "Şuşa İli" çərçivəsində həm maddi, həm də mənəvi yardım xarakterli bir çox tədbirlər keçirilmişdi. Onlardan biri - 2022-ci ilin iyul ayında Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində şəhid və qazi ailə üzvlərinin əl işlərindən ibarət "Şuşa inciləri" adlı xeyriyyə satış sərgisi baş tutmuşdur. Belə tədbirlər SRMİ-nin bütün regional subyektləri üzrə reallaşdırılıb.   

"Şuşa İli" çərçivəsində Abşeron Rayon Mərkəzi Kitabxanası Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində "Əziz Şuşa, sən azadsan" adlı tədbir keçirmişdir.

Sumqayıtın Tarixi muzeyində "Şuşa mədəniyyət mərkəzimizdir" adlı tədbir və "Zəfər sədası" Musiqi Festivalı çərçivəsində keçirilən konsert  də yaddaqalan olmuşdur.

SRMİ və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Qarabağın tacı - Şuşa" adlı peşəkar rəssamların və dekorativ-tətbiqi sənət ustalarının sərgisi təşkil edilmişdir. Sərgidə Sumqayıt, Şuşa və Xızıdan olan, ümumilikdə 33 sənət adamının 100-dən çox rəsm və xalq tətbiqi sənət əsəri nümayiş olunmuşdur. 

Qeyd edim ki, ötən il idarəmizdə "Şuşa İli" ilə yanaşı, iki yüzə yaxın digər əlamətdar hadisələrlə bağlı tədbirlər də keçirilmişdir.

Bildiyiniz kimi, bu il müasir Azərbaycan dövlətinin qurucusu, dünya miqyaslı siyasətçi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq, dövlət başçımızın müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Hazırda idarəmiz bu mühüm tarixi əhəmiyyət kəsb edən hadisəni qeyd etmək üçün silsilə tədbirlər planı hazırlayır. Ümidvaram ki, fevral ayından başlayaraq bu tədbirlər uğurla həyata keçiriləcək.

Söhrab SƏFİYEV,

"Respublika".