Sülhə maneələr olmamalıdır
Siyasət

Sülhə maneələr olmamalıdır

Cənubi Qafqazda uzun illərdir hökm sürən destabil vəziyyət Azərbaycan ilə Ermənistanın qarşılıqlı səyləri ilə aradan qaldırıla bilər. Xüsusən də region ölkələrinin bu prosesə dəstəyi vəd edilən sülhün əldə olunmasında önəmli amildir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində saxlanılan hərbçilərin azadlığı barədə razılığın əldə edilməsi nəticəsində Azərbaycanın 32 erməni əsilli şəxsi azad etməsi və Ermənistanın 2 hərbçimizi təhvil verməsi sülh prosesində müsbət impulslar kimi qiymətləndirilir. Ermənistan dövlətinin COP29 konfransının Azərbaycanda keçirilməsinin lehinə səs verməsi də deyilənləri təsdiq edir.

Əfsuslar olsun ki, sülh prosesi fonunda xoşməramlı addımların atılması qərəzli dairələri dərindən narahat edir. Sülh müqaviləsinin imzalanması üçün hərəkətə keçməli olan Fransa və digər qlobal güclər silah satışı etməkdə daha maraqlıdırlar. Buna paralel olaraq, rəsmi Parisin ölkəmizə qarşı əsassız, qərəzli bəyanatlar səsləndirməsi, erməni təəssübkeşliyi artıq ifrat həddə çatıb. Ermənidən çox erməni olmaq missiyasını həyata keçirən Yelisey sarayı Emmanuel Makronun patronajlığı ilə birlikdə sülh prosesinin önünə keçmək istəyir. Maraqlısı budur ki, dünyada aktiv olaraq Cənubi Qafqazdakı sülh prosesinə mənfi rəyi ilə daha çox diqqətçəkən tərəf Fransadır. Doğrudur, son mərhələdə rəsmi Vaşinqtonun tutarsız davranışları, Almaniya və digər Avropa ölkələrinin mənfi mövqeyi qeydə alınıb. Lakin dövlət səviyyəsində bu əlaqələr tədricən bərpa olunmuşdur. Hətta Azərbaycan və Ermənistan arasındakı qarşılıqlı addımlara dünyanın bəzi dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, Roma Katolik Kilsəsi də daxil olmaqla, ABŞ və bir sıra mərkəzlər humanizm prinsipləri əsas tutulduğu üçün dəstək nümayiş etdiriblər. Rusiyanın mövqeyi isə xüsusilə fərqlənir. Belə ki, Kremlin sözçüsü Dmitri Peskov deyib: "Bizim üçün iki tərəfdaş və müttəfiqin bu müqaviləni mümkün qədər tez imzalaması olduqca vacibdir". "İzvestiya" telekanalına müsahibəsində Peskov "Rusiya onlara kömək etməyə hazırdır", - deyə bildirib.

Məhz Fransanın bu kontekstdə nəzərə çarpmaması, Azərbaycanla ikitərəfli münasibətləri uçuruma aparması şübhə ilə qarşılanmışdı. Əminliklə qeyd edə bilərik ki, Fransa üçün Cənubi Qafqazda sülh lazım deyil. İlk növbədə, sülh müqaviləsinin imzalanması ilə birlikdə Fransanın Ermənistana silah satışı öz məntiqini itirəcək. Digər tərəfdən, Rusiya ilə mübarizədə regional xaosun hökm sürməsi Yelisey sarayı üçün daha məqsədəuyğundur.

Son zamanlar Azərbaycan-Fransa əlaqələrinin tarıma çəkilməsi Makron rejiminin bir növ mesajıdır. Aqressiv ritorikanı gizlədə bilməyən Fransanın son sərgilədiyi zəif davranışları açıq təhdid olaraq da qəbul edilə bilər. Belə ki, Azərbaycanın siyasi və diplomatik münasibətlər baryerini aşan fransızlara Cənubi Qafqazla bağlı məsələlərdə duracağı yeri göstərməsi qıcıq yaradır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar nəticəsində bu ölkənin casus şəbəkəsinin aşkarlanması, Fransa kəşfiyyatının rıçaqlarının regionda məhv edilməsi əsas səbəblər arasındadır. Digər tərəfdən, Yelisey sarayı bu gün Azərbaycana qarşı revanşist addımlar atır. Bir müddət əvvəl Fransanın ölkəmizdəki səfirliyinin 2 əməkdaşı diplomatik statusa uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən konkret əməllərinə görə Azərbaycan tərəfindən "persona-non-grata" elan edilərək ölkədən qovuldu. Bu prosesdən sonra beynəlxalq münasibətlərdə özünü ifşa edən Fransa səfirliyimizin iki əməkdaşını öz ölkəsindən eyni ad altında uzaqlaşdırdı. Onlar unudur ki, Fransa səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan, həmçinin diplomatik əlaqələr haqqında beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edən fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən "arzuolunmaz şəxs" elan ediliblər. Hadisələrin revanşizm müstəvisində irəliləməsi bariz şəkildə görünsə də Fransanın bu prosesi dayandırması gözlənilmir. Hətta Azərbaycana qarşı bu çirkin "mübarizə"nin məcrasını daha da genişləndirirlər. Fransanın son zamanlar kəskin şəkildə güclənən anti-Azərbaycan siyasəti artıq mədəniyyət və incəsənət sahəsinə keçib. Hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq Xartiyası imzalayan Fransanın Evian-Le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. Belə ki, qərara əsasən "Azərbaycan Parkı"nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, "Azərbaycan Parkı" 2017-ci ildə açılıb. Bununla yanaşı, Azərbaycan mədəniyyətinin düşmənləri diqqətlərini məşhur Azərbaycan şairi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər. Fransa şəhərinin meriyasının bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir.

Məlum məsələdir ki, agentura şəbəkəsinin ifşası ilə birlikdə Fransa Cənubi Qafqazda əvvəlki imkanlarına sahib olmayacaq. Azərbaycana təsir imkanlarının sıfıra bərabər olduğunu da nəzərə alsaq, Fransa üçün bu, güc balansında əsaslı itki deməkdir. İstənilən halda Fransa və Hindistan kimi silah satışında maraqlı olanlar bilməlidir ki, bu texnikaların əvvəl-axır yeri Bakıda Hərbi Qənimətlər Parkında olacaq.

Nurlan ABDALOV,

"Respublika".