Sülhə deyil, revanşizmə dəstək
Siyasət

Sülhə deyil, revanşizmə dəstək

Ermənistan yenidən öz xislətini nümayiş etdirib. Belə ki, İrəvan sabitliyi təmin etmək, Azərbaycan tərəfindən sülh üçün atılan bütün addımları dəstəkləmək əvəzinə, revanşizmə yol açır. Erməni mediasındakı xəbərlərə görə, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib. Təbii ki, Şahramanyan bu qərarı müstəqil şəkildə qəbul edə biləcək biri deyil. Bu da onu göstərir ki, baş nazir Nikol Paşinyan hakimiyyəti və havadarları sülh prosesini dəstələməkdə maraqlı deyil. Bu qərarın qəbul edilməsi onu göstərdi ki, Paşinyanın hakimiyyəti revanşistlərin əlində oyuncaqdır.

2023-cü ilin oktyabr ayında Azərbaycanın hüquq-mühafizə orqanlarının əhatəsində olanda səsi çıxmayan Şahramanyan Ermənistana gedəndən sonra dil açıb. Şahramanyanın sentyabr ayının 28-də verdiyi qondarma qurumun buraxılması haqqında "fərman"ı ləğv edən qərarı, revanşist fikirlərin sönmədiyini və müəyyən qüvvələr tərəfindən alovlandırıldığını sübut edir. Hələ də öz haqsız iddialarından əl çəkməyən bəzi separatçılar kimlərinsə dəstəyinə arxalanaraq qondarma rejimi yenidən qurmağa cəhd göstərirlər. Bunkerlərdə, meşələrdə gizlənənlərin bu gün yenidən revanşist addımlar atmağa çalışması absurddur.

Bu gün artıq haqq-ədalət öz yerini tapıb. Azərbaycan beynəlxalq qanunlarla təsdiqlənmiş öz əraziləri üzərində suverenliyini bərpa edib. Revanşist fikirləri yaşatmağa çalışanlar anlamalıdır ki, onların yenidən ərsəyə gətirmək istədikləri xunta rejiminə bu torpaqlarda yer yoxdur. Ölkəmiz sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbirləri ilə Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyub, Xankəndiyə əbədi dalğalanan Azərbaycan bayrağı sancılıb.

Azərbaycan tərəfindən Qarabağın erməni əhalisinə vətəndaşlıq təklif edilib, onlara bütün hüquqlarının təmin edilməsi barədə söz verilib. Əgər erməni əhalisi Xankəndidə, yaxud digər bölgələrdə yaşamaq istəyirsə, bu, Azərbaycanın təklif etdiyi şərtlər əsasında olmalıdır, hansısa separatçı, qondarma qurumun deyil. Bu kimi revanşist fikirlərə sahib olanlar anlamalıdır ki, ölkəmiz BMT-nin 4 qətnaməsinin icrasını reallaşdırıb, haqq-ədaləti bərpa edib. Bu səbəbdən hər kəs beynəlxalq hüququn tələblərinə riayət etməlidir.

Bu hadisələrin fonunda onu demək mümkündür ki, Ermənistan sülh sazişinin imzalanması prosesinə biganə yanaşır. Köhnə dövrdə qalmış, qisasçı fikirlərin təsirindən qopa bilməyənlər hesab edirlər ki, havadarlara arxalanaraq geri dönüş edə bilərlər. Hər kəsə aydındır ki, bəzi böyük dövlətlərin Cənubi Qafqazda sülh və sabitlik üçün guya addımlar atması sadəcə onların şəxsi maraqlarının təcəssümüdür. Ermənistan rəhbərliyi bu kimi maraqlara görə xalqının gələcəyini təhlükə altına atır. Bununla da aydın olur ki, bu dövlət müstəqil siyasət yürütməyə qadir deyil. Həmçinin sülh prosesinə əngəl olan tərəfin Ermənistan olması da artıq aydındır.

Bir tərəfdən sülhdən danışan, digər tərəfdən silah alan, sözlərinə əməl etməyən Nikol Paşinyan öz dövlətinin nüfuzunu aşağı salmağa davam edir. Müstəqil qərar qəbul edə bilməyən, havadarların tapşırıqlarını yerinə yetirən bir hakimiyyətdən də ancaq bunu gözləmək olardı. Xalqının gələcəyini düşünmədən məkrli addımlar atan İrəvan anlamalıdır ki, revanşist cəhdlərin artıq heç bir faydası yoxdur. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, işğaldan azad olunan torpaqlarında quruculuq prosesini davam etdirir. Azərbaycan ərazisində revanşizmə rəvac verən qüvvələrin sonu hər kəsə məlumdur və bu bundan sonra da belə olacaqdır.

N.SÜLEYMANOVA,

"Respublika".