Fransa bölgədə gərginliyi daha da artırmağa çalışır
Siyasət

Fransa bölgədə gərginliyi daha da artırmağa çalışır

Fransa beynəlxalq hüquq normalarını, insan hüquq və azadlıqlarını kobud şəkildə pozmaqda davam edir. Bu dövlət dünya ictimaiyyətinə Azərbaycanla bağlı böhtan və qərəz dolu birtərəfli məlumatlar yaymaqdan yorulmur. Başqa sözlə, Paris hökuməti erməni lobbisindən aldığı rüşvətin "haqqını" vermək üçün hər cür çirkin, riyakar siyasət yürütməkdə davam edir. Qatı ermənipərəst mövqe nümayiş etdirən bu dövlət və onun rəsmiləri, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur, yalan və böhtan kampaniyasını gücləndirir, anti-Azərbaycan fəaliyyətini genişləndirir.

Bu günlərdə Fransa xarici işlər naziri Ketrin Kolonna Fransa Senatında toplantı keçirərək növbəti dəfə çirkin və qərəz dolu açıqlamalarla çıxış edib. O, Azərbaycanı Qarabağda yaşayan erməni sakinlərinin çıxarılmasını təşkil etməkdə günahlandırıb, buna görə rəsmi Bakının cəzalandırılması məsələsini irəli sürüb. Maraqlıdır ki, Qarabağda "etnik təmizləmə" barədə danışan nazir ortaya bir fakt belə qoya bilməyib. Qoya da bilməz, çünki belə bir fakt mövcud deyil. Ən əsası, BMT-nin Azərbaycanın Qarabağ bölgəsinə iki dəfə missiya göndərməsini də "unudub". Çünki həmin missiya bir dəfə də olsun Kolonnanın gətirdiyi arqumentləri təsdiqləməyib. Parisin təşəbbüsü ilə növbəti riyakarlıq BMT-nin İnsan Haqları Şurasında yaşanıb. Ermənistan mediasının israrla 34 ölkənin birgə sənədi kimi təqdim etdiyi bəyanatı Fransa və Ermənistanın birgə təşəbbüsü də adlandırmaq olar.

''Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair səslənən iddialar əsassız və böhtan xarakterlidir. Nəzərə almaq lazımdır ki, 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından qovulub, hazırda onlardan cəmi bir neçə mini vətənə qayıdıb, yüz minlərlə insan hələ də köçkün həyatı yaşayır. Amma sənəddə onlar haqda heç nə deyilmir. Dünyanın bir çox ölkəsində əli qana batan Fransa bizə irad bildirə bilməz''. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib. O deyib: "Fransa Birinci Dünya müharibəsindən sonra və əvvəlki dövrdə dünyanın bir çox yerində müstəmləkələri olan güclü bir ölkə olub. Lakin dünyada divarların uçması, dəmir pərdənin yıxılması, təkqütblü hakim dünyaya keçid, Fransanın da gücünü, nüfuzunu və sözünü demək qabiliyyətini aşağı salıb. Fransa Afrikada və dünyanın müxtəlif yerlərində müstəmləkələrinə qarşı cinayətlər törədib, həmin ölkələrin mallarını, təbii sərvətlərini oğurlayıb öz ölkəsinə aparan dövlətdir. Fransa Azərbaycan və Türkiyəyə insan haqlarından danışa bilməz. 300 ilə yaxındır ki, Fransa Afrika başda olmaqla bir çox ölkədə insan haqlarını pozan, insanları qətlə yetirən, təbii sərvətləri oğurlayan, yerli əhalini kölələşdirən zehniyyətli bir dövlətdir. Əslində Fransa Qarabağ məsələsində Azərbaycanın adını gündəmə gətirməklə itirdiyi reputasiyasını qaytarmağa çalışır. Azərbaycana gələn BMT-nin insan haqları müşahidəçiləri insan haqlarının pozulduğuna dair tək bir dəlil göstərə bilmədisə, Fransanın cəhdləri boşdur. Ona görə də Fransanın bu davranışı dünyada kifayət qədər səs-küy yaratmayıb və heç bir təsiri yoxdur. Bu hərəkətlə Fransa öz acizliyini və zəifliyini ortaya qoyur. 28 il ATƏT-in Minsk qrupunda olan Fransa Xocalı, Bərdə, Gəncədə sivil əhaliyə edilən terrorlara göz yumdu. Çox qəribə bir vəziyyətdir ki, indi insan haqlarını müdafiə etmək mövqeyindədir. Ona görə də biz Fransanı ciddi qəbul etmirik. Fransanın dedikləri artıq diqqətimizdə deyil. Fransanın bəyanatına qoşulan ölkələrin tarixinə baxsaq, görərik ki, qanlı və çirklidir.

Bir məsələyə də toxunmaq istəyirəm. Nə Makron, nə də onun komandası bir dəfə belə olsun Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın əzəli Azərbaycan torpağı olduğu barədə bəyanatını şərh etmək istəməyib. Necə olur ki, keçmiş münaqişə tərəfi - İrəvan bu faktı etiraf edir, amma Paris buna diqqət belə ayırmır. Digər keçmiş həmsədr dövlət - Rusiya, onun prezidenti və digər rəsmiləri də bu faktı dəfələrlə bəyan ediblər. Amma Makron bu həqiqəti anlamaq istəmir. Demək ki, sərf etmir. Afrikadan biabırcasına qovulan müstəmləkəçi rejim Cənubi Qafqazda kök salmağa çalışır, Rusiyanı bölgədən sıxışdırıb çıxarmağı əsas prioriteti hesab edir. Təbii ki, yenə də əsas məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir. İrəvan yaxın keçmişdəki səhv qərarlarını təkrarlamamalıdır. Nikol Paşinyan nəhayət, anlamalıdır ki, Fransanın təsiri və mövqeyi həlledici deyil. O başa düşməlidir ki, Fransanın onu silahlandırıb Azərbaycana qarşı müharibəyə sövq etməsi heç bir nəticə verməyəcək. Fransa Hindistanla birləşib nə qədər Ermənistanı silahlandırmağa cəhd göstərsə də, onlar Azərbaycana təsir etmək iqtidarında olmayacaqlar. Ermənistanın bir doğru yolu var: Azərbaycanla sülh müqaviləsi imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq''.

Özünü Fransa lideri kimi yox, daha çox erməni diasporunun köləsi kimi aparan Makronun hədəfi bəllidir - Cənubi Qafqaza soxulmaq üçün Ermənistan və Azərbaycan arasındakı münasibətləri gərginləşdirmək və Cənubi Qafqazı yenidən qarışdırmaq. Lakin Fransa Afrikada olduğu kimi, bu dəfə də yanılır. Nə Fransanın, nə də ona dəstək verən Almaniyanın bölgəyə aidiyyəti yoxdur, onların burada möhkəmlənməsi perspektivsiz məsələdir. Məğlub Ermənistanı silahlandırıb növbəti müharibəyə sövq etmək cəhdi nəticəsiz qalacaq. Ermənistana gəldikdə, məntiqli davranmalı, müharibə yolundan birdəfəlik imtina etməlidir. Bu yoldan imtina etməsə, bir dövlət kimi məhvə sürüklənəcək. Odur ki, yeganə çıxış yolu qonşularla normal münasibət, sülh, inkişaf yaratmaqdır. Fransa və digərlərinin fitnəsi ilə müharibəyə girmək fəlakətə sürüklənmək, məhv olmaq deməkdir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.