Azərbaycana münasibətdə Avropa İttifaqının mühüm təsisatlarından fərqli olaraq, Avropa Parlamentinin (AP) qərəzli və riyakar yanaşma tərzi, AP-da təmsil olunan bəzi deputatlar və qruplar tərəfindən ölkəmizə qarşı başladılan davamlı qarayaxma kampaniyaları artıq kimsədə təəccüb doğurmur. Sanki belə də olmalıdır. Avropa İttifaqına üzv olan ölkələrdən daha çox ayrı-ayrı dairələrin, o cümlədən erməni diasporu və lobbisinin maraqlarını, korporativ mənafelərini qorumaqla məşğul olan bu deputatların missiyaları Azərbaycana, eləcə də öz suveren hüquqlarının keşiyində dayanan, müstəqil siyasət yürüdən digər ölkələrə böhtan atmaqdan ibarətdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən müddət ərzində Avropa Parlamenti deputatlarının Avropa İttifaqının ayrı-ayrı komissiyalarının il ərzində təqdim etdikləri bir-iki hesabat, proqram və iş planını müzakirə etməkdən başqa hansısa bir faydalı işə töhfə verdiklərinin şahidi olmamışam. Əksinə, bu təsisatın bəzi təmsilçiləri bacardıqları qədər İttifaqın tərəfdaşları ilə münasibətlərini pozmağa, Aİ-nin bir çox hallarda həyati əhəmiyyət daşıyan mənafelərinə zərbə vurmağa çalışıblar. Sərgilədikləri davranışlar isə əksər hallarda Avropa İttifaqının elan etdiyi prinsiplərlə ziddiyyət təşkil edib. Elə bu xüsusda, Avropa Parlamentinin xeyli sayda deputatının, ayrı-ayrı fraksiyalarının Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu zaman kəsiyində nümayiş etdirdikləri hüquqazidd davranışlarını, işğal altında olan ərazilərimizə qanunsuz səfərlərini, işğalın davam etməsi üçün "yandırdıqları şamları", etdikləri "dua"ları, səsləndirdikləri ksenofob və islamofob şüarlarını, dini konfessiyaların arasına nifaq toxumunun səpilməsinə xidmət edən ikrah doğuran antihumanist mülahizələrini xatırlamaq yetərlidir. Avropa Parlamentinin deputatlarının davamlı olaraq Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, azərbaycanlılara məxsus milli, mədəni və dini abidələri, ziyarətgahları, məzarlıqları viran qoyan, yaşayış məntəqələrini yaşanmaz hala gətirən erməni canilərinin, vandallarının vəhşiliklərinə dini konfessiyalararası müstəvidən haqq qazandırmağa cəhd göstərmələri isə vicdansızlığın, ədalətsizliyin, haqsızlığın ən son həddidir və bütövlükdə insanlıq adına utanc gətirən bir davranışdır.
30 ilə yaxın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evindən didərgin düşməsinə, on minlərlə günahsız insanın xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin - kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə dağıdılmasına seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısıyla dəstək verən Avropa Parlamentinin ölkəmizi "əsassız hərbi hücum"da suçlaması siyasi əxlaqsızlığın, simasızlığın ən son həddidir.
Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən böyük filosof, natiq və siyasətçi Siseron "heyif ki, kağız qızarmır" deyirdi və bildirirdi ki, əgər Roma siyasətçilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı. Görünür, “qoca qitə”nin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çünki Avropa Parlamentində həyasızcasına uydurulmuş yalanlardan ibarət kağız parçalarına etiraz edə, həqiqəti söyləyə biləcək kimsə qalmayıb.
Gözləri qatı irqçilik, islamofobiya və ksenofobiya pərdəsi ilə örtülmüş Avropa parlamentariləri nədənsə erməni vəhşiliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qanlı izlərini görmək istəmirlər.
Avropalı parlamentarilərin son kağız parçası onların hələ də inkivizisiyaçı və səlibçi təfəkkürü ilə yaşadıqlarını, parlamentarizm anlayışını "xristian klubu" ilə əvəzlədiklərini sübuta yetirir.
Elçin Mirzəbəyli,
Əməkdar jurnalist, şair, siyasi ekspert.