Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik işğaldan sonra ötən il, sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb: "Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğrudan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı vurğulayıb ki, danışıqların işğal dövründə belə uzun davam etməsi, yəni uğursuzluqla nəticələnməsi də məhz Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi onların əlində qalsın.
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. 10 noyabr tarixli atəşkəs razılaşmasına əsasən, Ermənistanın Bakıya təhvil verməli olduğu, dağlıq bölgədə yerləşən Laçın bufer zonanı təşkil edən rayonlardan biri idi. Döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan razılaşmaya əsasən, Ermənistanın təhvil verməli olduğu 3-cü rayon Laçın idi.
Xatırladaq ki, Ermənistanın Azərbaycana noyabrın 20-də təhvil verdiyi Ağdam və 25-də qaytardığı Kəlbəcər rayonları kimi, dekabrın 1-də qaytarılan Laçın da 1994-cü ildə başa çatmış Birinci Qarabağ müharibəsindən sonra özünü "müstəqil" elan etmiş, əsasən ermənilərin yaşadığı keçmiş Dağlıq Qarabağın ətrafında bufer zona təşkil edirdi. Eyni rola malik olan digər 4 rayonu Azərbaycan Ordusu sentyabrın sonlarından başlayaraq 6 həftə davam etmiş şiddətli döyüşlər nəticəsində azad edib.
Ermənistanın şərq sərhədi boyunca uzanan Laçın rayonu daha çox eyniadlı dəhlizi ilə tanınırdı. Rayonu tərk edən ermənilərə gəlincə, onlar gedərkən buradakı evləri dağıdıb, infrastrukturu məhv ediblər. Ayrı-ayrı yerlərdə ağacları belə kəsərək odun şəklində özlərilə aparıblar. Razılaşmaya əsasən, bölgəyə təxminən 2 minlik Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Onu da qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı, 1994-cü ildə köç əks istiqamətdə idi. O vaxt azərbaycanlılar rayonu tərk etmiş və burada ermənilər məşkunlaşdırılmışdı.
Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri də məhz Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs gətirilməsi idi. Cünki vaxtilə qətliamlar, etnik təmizləmə törədən ermənilər keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarda azərbaycanlıların yaşamasını istəmirdilər. Özlərinə neytral bufer zonası yaratmışdılar. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi əminlik yaradırdı ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək. İndi artıq belə bir zona yoxdur.
Bu il martın 30-da yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar rayonun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr ordumuz tərəfindən nəzarətə götürüldü. Ermənistan hökuməti "Laçın dəhlizi" ətrafında yaranan problemi gündəmə gətirirdi. İrəvanda düşünürdülər ki, Azərbaycan yaxın vaxtlarda ya onu bağlayacaq, ya da orada nəzarət-buraxılış məntəqəsi quracaq. Laçın şəhəri, Zabux qəsəbəsi və Sus kəndinin Azərbaycanın nəzarətinə keçməsindən sonra Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin marşrutunun dəyişməsi, nəticə etibarilə onun dəhliz mahiyyətini itirmişdi.
Azərbaycanın qarşısında hərbi güc baxımından çox zəif olsa da Ermənistan hələ də barışıq əldə olunması üçün rəsmi Bakının təşəbbüslərinə adekvat cavab vermir, əksinə, vəziyyətin daha da gərginləşməsinə xidmət edən addımlar atırdı. 44 günlük Vətən müharibəsindən sonra Qarabağın hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində əməliyyatlar keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü, terrorçulara qarşı antiterror əməliyyatları aparıldı.