Bu gün Azərbaycanı regionda tranzit yükdaşımaların mərkəzinə çevirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməlinin qoyulmasından 16 il ötür. 2007-ci il noyabr ayının 21-də Gürcüstanın Marabda məntəqəsində təməli qoyulan Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 kilometrdir. 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşən dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.
Bu qısa və etibarlı yolun əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstandır. Lakin qeyd edək ki, Bakıdan Türkiyənin Qars şəhərinə qədər 16-17 saat təşkil edən yolun daha sonra Ankara, İstanbul, Avropa üzərindən La-Manş və Londona keçməsi nəzərdə tutulmuşdur. Bununla da Azərbaycan dəmir yolu vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə etmiş olur. Bakı-Tbilisi-Qars layihəsinin Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənməsi də qlobal əhəmiyyətindən xəbər verir.
Azərbaycanın uğurlu enerji strategiyasında dostluq və qonşuluq əlaqələri önəmli yer tutur. Bu çərçivədə Azərbaycan, Türkiyə və Gürcüstan arasında yüksək iqtisadi əməkdaşlığın, eləcə də uğurlu regional münasibətlərin getdikcə möhkəmlənməsi, irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin - Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. "Dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan Respublikasının Avratlantik məkanda nəqliyyat-tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirərək iştirakçı ölkələr üçün mühüm siyasi və sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Türkiyənin Bosfor boğazından keçən və Avropa ilə Asiyanı birləşdirən Mərmərə tunelinin 2013-cü ildə açılması Bakı-Tbilisi-Qars dəmir yolu üçün də yeni imkanlar yaratdı. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya yük daşıyan ilk qatar bu tuneldən keçərək Çexiyaya gedib. Bundan başqa, Azərbaycan ərazisində Ələtdə yeni limanın inşası da bu xəttin imkanlarını dəfələrlə artırıb. 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından olan nümayəndə heyətləri mərasimdə iştirak etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışarkən bildirdi ki, Orta Dəhliz layihəsinin ən önəmli mərhələsi başa çatdı və beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xətti quruldu: "Qətiyyətimizin və uzaqgörənliyimizin əsəri olan bu layihə hamımızın birgə uğurudur. Azərbaycanlı qardaşlarım "Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir" deyirlər. Məhz bu baxımdan, bu layihə zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırıldığı üçün həqiqətən çox önəmlidir. Ölkəm və xalqım adından layihənin bütün bölgəmiz və bütün xalqlarımız üçün xeyirli olmasını Allahdan arzu edirəm".
BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olmuşdur. Bəzi ölkələrin layihənin imkanları barədə şübhələri, xarici investisiyaların yatırılmaması, çətin coğrafi şərait müəyyən problemlər yaratsa da, tez bir zamanda ortaq məxrəcə gəlmək mümkün olmuşdur. Qeyd etmək lazımdır ki, dəmir yolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması səbəbindən tikinti təxirə salınmışdı. Digər tərəfdən layihə reallaşdırılmamışdan əvvəl anti-Azərbaycan dairələri planın Ermənistandan kənar keçməsinə görə bu məsələyə qarşı çıxaraq tikintinin maliyyələşdirilməsindən imtina etmişdilər. Onlar Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmir yolu xəttinin açılmasını tələb edirdilər. Lakin torpaqlarımızı işğal altında saxlayan düşmən ölkə ilə bu layihənin reallaşdırılması tələbi rədd edilmişdir. Məhz bu səbəbdən dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan öz üzərinə götürmüşdür.
Bu gün Bakı-Tbilisi-Qars Asiya regionundan Avropaya yüklərin daşınmasında ən perspektivli yol hesab olunur. Bu nəqliyyat dəhlizini cəlbedici edən yeni bazarlara çıxış, yükdaşımaların ucuz başa gəlməsi və təyinat nöqtəsinə qısa zamanda çatmasıdır. Bütün bunlar sübut edir ki, Bakı-Tbilisi-Qars həm də gələcəyin dəmir yol xəttidir.
Nurlan ABDALOV,
"Respublika".