Ölkə Prezidentinin hər bölgəyə səfəri yeniliklərlə, böyük sevinclə yadda qalır. Azərbaycanın qabaqcıl aqrar rayonlarından sayılan Samux rayonu dövlət başçısının diqqət və qayğısı nəticəsində bu gün özünün tərəqqi dövrünü yaşayır. Heydər Əliyev Fondu tərəfindən rayonda bir çox diqqətçəkən layihələr həyata keçirilib. Belə ki, Fond tərəfindən Sərkar kəndində 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası inşa edilərək istifadəyə verilib. Eləcə də rayonun Ziyadlı kəndində 523 şagird yerlik orta məktəb əsaslı təmir olunub.
Avqustun 7-də Prezident İlham Əliyevin rayona növbəti səfəri çərçivəsində Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olmuş, dünya standartlarına uyğun inşa edilərək ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş müəssisə sakinlərin ixtiyarına verilmişdir. İki hektar sahədə inşa olunan xəstəxana 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidmətinin göstərilməsi üçün lazımi şərait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Tibb müəssisəsində cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ və təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün də binalar inşa olunub. Burada yaradılan şərait bir daha göstərir ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam böyüməsi dövlətimizin başçısının daim nəzarətindədir.
Ölkə başçımız səfəri zamanı Samuxda Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi əsasında inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib. Qeyd edək ki, Sərkar kənd musiqi məktəbi 2002-ci ildən etibarən 1935-ci ildə inşa olunmuş kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərir. Məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Üç yüz şagird yerlik yeni məktəb binası Heydər Əliyev Fondu tərəfindən müasir, dünya standartlarına uyğun, gözəl dizaynla inşa olunmuşdur. Məktəbin ümumi ərazisi 0,5 hektar, üçmərtəbəli korpusun sahəsi isə 2500 kvadratmetrdir. Binada 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı var. Təhsil ocağı zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları qurulub. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Sərkar kəndində yeni park da istifadəyə verilib. Parkın ərazisində yaşıllıq zonası salınıb, uşaq əyləncə və idman meydançası yaradılıb. Açıq havada idmanla məşğul olmaq üçün ərazidə müasir trenajorlar qoyulub. Heydər Əliyev Fondunun dəstəyi ilə Sərkar kəndində 6 min nəfərə yaxın sakinə xidmət göstərəcək yeni tibb məntəqəsi də fəaliyyətə başlayıb. Həkim otağı, sarğı otağı və texniki otaqlardan ibarət olan tibb məntəqəsi zəruri avadanlıqlarla təmin edilib. Artıq xəstələr şəhərə müayinəyə getmir, burada müalicə alırlar. Samux rayonunda Heydər Əliyev Fondu tərəfindən 3 saylı körpələr evi-uşaq bağçası üçün də yeni bina inşa olunur.
Sərkar sakini Məmmədbəyova Səadət qeyd edir ki, Prezidentimizin hər bir gəlişi bizim üçün toy-bayramdır. Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqı üçün əsrlərə bərabər işlər görüblər. Məhz dövlət başçısının müdrik rəhbərliyi sayəsində bu gün qalib xalqıq. Ölkə başçımız möcüzəli Qarabağımızı, mədəniyyət beşiyi sayılan məğrur Şuşamızı bizə qaytardı, xalqımıza sevinc yaşatdı, keçmiş məcburi köçkünlərimiz artıq öz doğma yurdlarına qayıdır.
Biz samuxlular Prezidentimizin ətrafında sıx birləşərək Azərbaycanın inkişafı və tərəqqisi üçün əlimizdən gələni əsirgəmirik. Sərkar sakini Nofəl Xəlilov böyük fəxarətlə bildirdi ki, Azərbaycan heç vaxt belə gözəl olmamış, xalqımız belə firavan yaşamamışdır. Azərbaycanımızın hər yerində olduğu kimi, bizim Sərkarda da gənclərin və yaşlı insanların istirahəti üçün yetərincə şərait yaradılmışdır. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi Prezidentimizin müdrikliyini, ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün bütün gənclər vətəni, xalqı üçün canını verməyə hazırdır. Bu inamı Müzəffər Ali Baş Komandanın qətiyyəti, vətənpərvərliyi, xalqına sevgisi yaratmışdır.
Zabit XƏLİLOV,
"Respublika".