Bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirməyi təklif edib. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşünün noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcəyini elan edib. Bu, komissiyaların beşinci iclası olacaq. Qeyd edək ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması 2022-ci ilin aprelində Brüssel görüşündə razılaşdırılıb və indiyə qədər cəmi 4 iclas keçirilib. Onlardan ikisi Arazdəyən və Qazax olmaqla dövlət sərhədində, digər ikisi isə Moskva və Brüsseldə baş tutub. Görüşün yenidən sərhəddə keçirilməsinin razılaşdırılması isə həm ikitərəfli formatda fəaliyyətin davam etdirilməsi, həm də son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsinə son qoymaq baxımından müsbətdir. Çünki sərhəd platformasının formalaşdırılması Cənubi Qafqazdakı sülh prosesinə vasitəçilik etmək istəyənləri arxa plana keçirir.
Bununla belə, sərhəd danışıqları tam olaraq sülh sazişi üzrə müzakirələrin aparılması demək deyil. Çünki Azərbaycanın sülh gündəliyində təkcə sərhədlərlə bağlı məsələ öz əksini tapmır. Burada kommunikasiyaların açılması, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı, eləcə də birgəyaşayış kimi perspektivlər yer alır. Görünür, iki anlayışın bir-birindən fərqli olduğunu Paşinyan hökuməti də başa düşür. Elə bu səbəbdən sülhə hər vəchlə mane olmağa çalışan Ermənistan asanlıqla sərhəd danışıqlarına razılıq verir. Digər tərəfdən, delimitasiya üzrə danışıqların uzun zaman tələb etdiyini anlayan İrəvan özünü konstruktiv tərəf kimi göstərmək istəyir. Bu məqamda Ermənistan rəhbərliyinin sülh sazişinin delimitasiya razılaşmasından sonra imzalanması barədə fikirlər səsləndirməsi də təəccüblü görünmür. Deməli, Paşinyan Administrasiyası sərhəd görüşünə razılıq verərək sülh prosesini uzatmaq istəyir. Ermənistan hakimiyyətinin bu fikrinin arxasında isə Qərb dayanır. Çünki Vaşinqton və Brüssel də Cənubi Qafqazda sabitlik və əmin-amanlığın bərqərar olmasını istəmir. Qlobal güclərin bu regionda geosiyasi maraqları var. Odur ki, sərhəd görüşündən sonra sülh sazişi üzrə danışıqlarda müsbət nəticələrin əldə olunması ehtimalı azdır.
Amma istənilən halda, Azərbaycan və Ermənistan rəsmiləri arasında qarşılıqlı təmasların baş tutması mühüm irəliləyişdir. Çünki sərhəd görüşündə anklavlar məsələsinin müzakirə olunacağı gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan da uzun müddətdir anklavların sülh danışıqları çərçivəsində gündəmə gətirilməsinin tərəfdarı olmadığını, bu məsələni delimitasiya komissiyalarının müzakirə edəcəyini bildirirdi. Azərbaycan tərəfinin də öz növbəsində Qazaxın 7, Naxçıvanın bir kəndinin qaytarılması tələbini qaldırması gözlənilir. Anklav və eksklav məsələsinin həllini tapması isə kifayət qədər əhəmiyyətlidir. Belə ki, Azərbaycanın eksklavları Ermənistanın Gürcüstan və İrana olan əsas yollarının üzərində yerləşdiyindən strateji ərazi hesab olunur. Eyni zamanda, Qazaxın 7 kəndinin də qaytarılması Ermənistanın strateji yollarının Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Bu səbəbdən də, delimitasiya məsələsi Paşinyan hökuməti üçün son dərəcə kritikdir.
Yekunda vurğulamaq lazımdır ki, Azərbaycan Xarici İşlər Nazirliyi sərhəd görüşünün təfərrüatlarını açıqlamayıb. Odur ki, təmasların sərhədin hansı ərazisində reallaşacağı, eləcə də nələrin müzakirə olunacağı noyabrın 30-da konkretləşəcək.
Jalə QASIMZADƏ,
"Respublika".