Fransa Ermənistanı məhvə aparır
Siyasət

Fransa Ermənistanı məhvə aparır

Biz İkinci Qarabağ müharibəsində sadəcə Ermənistana deyil, onun havadarlarına da qalib gəldik. Vətən müharibəsində qələbə qazandıqdan sonra böyük qüvvələr Cənubi Qafqazda öz oyunlarını oynamağa başladılar.

Bu gün onları narahat edən məsələlərdən biri 44 günlük müharibədən sonra regiondakı yeni geosiyasi reallığın Azərbaycan və Türkiyə tərəfindən formalaşdırılmasıdır. Vətən müharibəsinin davam etdiyi günlərdə BMT Təhlükəsizlik Şurasında məsələni gündəmə gətirən Fransa müharibəni dayandırmaq istəyirdi. Qarabağ zəfərindən sonra ölkəmizin təklif etdiyi sülh sazişinin imzalanması prosesinə maneçilik törədən də elə Fransadır.

Qarabağda qondarma qurumun özünü buraxması sülh sazişinin imzalanmasını yaxınlaşdırdı. Lakin regionda marağı olan Fransanın aktivləşməsi onu göstərir ki, rəsmi Paris bölgədə sabitliyin yaranmasında heç də maraqlı deyil. Çünki bu ölkənin siyasi tarixi müharibə və münaqişələr üzərində qurulub. Afrikada Fransanın təhriki və birbaşa iştirakı ilə davam edən münaqişələr, hərbi çevrilişlər və s. bunu aydın şəkildə göstərir. Görünən odur ki, Fransa bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır. Əslində, Parisin sərgilədiyi mövqe qəbuledilməzdir və başadüşülən deyil. Fransanın əsl məqsədi odur ki, regionda daim münaqişəli vəziyyət hökm sürsün və bunun sayəsində də Fransa Cənubi Qafqazda möhkəmlənsin. Parisin indiyədək bölgədə yürütdüyü militarizasiya (hərbiləşdirmə) siyasəti Cənubi Qafqazda sülhün əldə olunması üçün əsas maneə idi. İndi isə bu siyasət təhlükəyə çevrilib. Fransa bu kimi addımlarla İrəvanı sülhə yaxınlaşmağa qoymur, münasibətlərin daha da pisləşməsinə gətirib çıxarır. Bundan da itirən yalnız Fransa olacaq. Dünyanın bir çox ölkəsi ilə əməkdaşlıq əlaqələri quran Azərbaycan Fransa ilə dostluq və tərəfdaşlıq münasibəti qurmağa səy göstərib, həm də bunu konkret addımlarla sübut edib. Amma Fransanın anti-Azərbaycan siyasəti və son vaxtlar Ermənistanı silah-sursatla təchiz etməsi heç də xoş niyyətindən xəbər vermir.

Fransanın neomüstəmləkəçilik siyasəti bütün dünyanı narahat edir. Ermənipərəst mövqeyilə özünü ifşa edən Makron neomüstəmləkəçilik siyasəti ilə dünyada rəzil duruma düşür. Rəsmi Parisin məqsədi - neomüstəmləkəçilik siyasətini Qafqaza gətirməkdir. Dünyaya "demokratiya" dərsi keçən Fransanın əsrlər boyu başqa xalqlara, dövlətlərə qarşı istismarçı, soyqırımlarla müşayiət olunan müstəmləkəçi davranışları beynəlxalq hüquq müstəvisində öz qiymətini almalıdır. Fransada hökm sürən neomüstəmləkəçilik siyasətinə qarşı Bakıda atılan addımın BMT səviyyəsində müzakirəsi Azərbaycanın böyük uğurudur. Oktyabrın 20-də "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransda əldə edilən nəticələr də sübut etdi ki, Bakı Fransanın neomüstəmləkəçiliyinə qarşı mübarizəni dünya gündəminə gətirməkdə haqlıdır.

Qeyd etdiyimiz kimi, ölkəmiz sülh sazişini irəli sürdüyü halda, Fransanın bölgəyə silah-sursat göndərməsi prosesə böyük zərbə vurur. Fransanın təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının "sivil" missiyası heç nəyə nail ola bilmədi, indi artıq hərbi missiya haqda danışılır. Göründüyü kimi, Fransa qaşınmayan yerdən qan çıxarır. Parisin məqsədi heç də erməniləri Azərbaycanın "hücumundan" qorumaq deyil. Niyyət nəyin bahasına olursa-olsun, Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Ermənistan imperialist qüvvələrin məkrli siyasətinin icrası üçün bir vasitədir. Bütün bunların fonunda indi hərbi missiya haqqında danışılması da əlbəttə ki, səbəbsiz deyil. Dünya ictimaiyyəti hər şeyi çox gözəl müşahidə edir və şahiddir ki, Fransa Cənubi Qafqaza soxulmaq, bu vaxta qədər yürütdüyü müstəmləkəçilik siyasətini bölgədə davam etdirmək üçün çalışır.

Avropanın bir sıra digər ölkələri, o cümlədən Almaniya, Niderland, İspaniya məhz Fransanın təhriki ilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir, müharibəni alovlandırmağa çalışırlar. Niderland parlamentinin Ermənistana hərbi dəstək göstərməyə çağırış etməsi bunun nümunəsidir. Niderlandın Nümayəndələr Palatası hökuməti Ermənistanın Avropa İttifaqından hərbi dəstək üçün istənilən müraciətinə müsbət yanaşmağa çağıran təklifə səs vermişdi.

Rəsmi Bakıya təsir imkanları olmayan Paris məhz İrəvanı hədəfə alıb və ermənilər özləri də dərk etmədən, yaxud dərk edərək fransızların alətinə çevrilməkdədirlər. Erməni ambisiyalarından məharətlə istifadə edən Paris erməni lobbisinin silah tədarükü məsələsinin "haqqını" onlara artıqlaması ilə ödəyəcəyinə əmin olduğu üçün tam sərbəst şəkildə manipulyasiya etməkdə davam edir. Fransa imperialist siyasətinə, öz ənənəsinə uyğun olaraq, digər dövlətlərin daxili işlərinə qarışmaq üçün əlindən gələni edir.

Röya RÜSTƏMLİ,

"Respublika".