Qərbdə şöhrəti qürub edən "The Washington Post" qəzeti Azərbaycana qarşı sərt ittihamlarla dolu məqalə dərc edib. Mətbu orqanı Azərbaycanda söz azadlığının olmadığını, korrupsiya hallarının geniş vüsət aldığını iddia edib.
Sözügedən nəşr bundan əvvəl də ölkəmizə qarşı böhtan xarakterli yazılarla çıxış edib. Təkcə bu il ərzində qəzetdə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 məqalə dərc olunub. Yazılarda dövlətimizin ərazi bütövlüyünü tam bərpa etməsi yolunda atdığı addımlara, antiterror tədbirlərinə kölgə salınıb. Əslində, özünü obyektivlik simvolu hesab edən qəzetin keçmişinə və hazırkı durumuna baxdıqda onun azad söz və demokratiya carçısı olmadığını, ABŞ-da müəyyən siyasi və maliyyə dairələrinin əlində alətə çevrildiyini görmək olur. Yəni "Demokratiya qaranlıqda ölür" şüarı ilə çıxış edən ictimai yayım orqanı məramına zidd olaraq həqiqətləri təhrif etməklə məşğuldur.
Bu işdə sözügedən qəzetin erməni əsilli kolumnisti (köşə yazarı) Devid İqnatiusun da müəyyən rolu var. Xarici siyasət mövzusunda yazıları ilə ABŞ cəmiyyətində rəy formalaşdıran jurnalist Qarabağ hadisələri və "erməni soyqırımı" məsələsinə görə tez-tez Azərbaycan və Türkiyəni hədəf alır. Məhz bu qərəzli və merkantil maraqlara əsaslanan siyasət qəzetin dəfələrlə qeyri-obyektivlikdə, böhran və yalan yaymaqda, feyk-nyus (dezinformasiya) istehsalçısına çevrilməkdə günahlandırılmasına səbəb olub.
Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa cəhd edən təkcə Birləşmiş Ştatların siyasi dairələri deyil. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel də Ermənistanın maraqlarının müdafiəçisi qismində çıxış edib. O, insan haqları üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının toplantısında iddia edib ki, Qarabağdan köçən erməni sakinlərin sayı 150 minə çatıb. Halbuki ermənilərin özləri belə bu sayı 100 minə qədər şişirtmişdilər. Üstəlik, Borrel Azərbaycanın əzəli, beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında apardığı antiterror tədbirlərini də "hərbi müdaxilə" kimi qələmə verməyə çalışıb. Amma beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqları müdafiə olunmamış yüz minlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir. Aİ nümayəndəsi anlamalıdır ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istifadə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib. Amma diplomat reallığı təhrif etməkdə ustalaşıb. Yalan, cəfəngiyyat və qərəz Borrel başda olmaqla, avropalı məmurların gözünü kor edib. Sanki ermənidən artıq erməni olmaq qərbli diplomatların əsas amalına çevrilib. Bu məsələyə Prezident İlham Əliyev ADA Universitetində "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş beynəlxalq forumda da toxunub: "Borrelin son bəyanatları səmərəsizdir. Mən təəssüf edirəm ki, bu cür təcrübəli diplomat yalan danışır. O, bəyanat verib ki, 150 min erməni Qarabağı tərk edib. Bu tamamilə yanlış bəyanatdır. Cənab Borrel, ola bilər ki, yuxular görür. Bu təkcə rəqəmlərlə manipulasiya etmək deyil, bu Azərbaycana qarşı ittihamlardır".
Birləşmiş Ştatlar və Avropa İttifaqının ermənipərəst siyasətindən danışarkən Fransanı diqqətdənkənar saxlamaq olmaz. Belə ki, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Üstəlik, jurnalist bir sutka polis bölməsində saxlanılaraq "arzuolunmaz şəxs" kimi ölkədən çıxarılıb. Çünki Fransa dövləti Yeni Kaledoniya və digər koloniyalarda getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizə məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da bu amillə bağlıdır. Onun polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür.
Son günlərdə Azərbaycana qarşı genişlənən dezinformasiya müharibəsi bununla da məhdudlaşmır. Birləşmiş Ştatlar və Avropanın yalanlarına Ermənistan da qoşulub. Erməni teleqram kanallarında Azərbaycan Silahlı Qüvvələrinin sentyabrda keçirdiyi antiterror tədbirləri ilə bağlı görüntülər yayılıb. Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçilərin öldüyü iddia edilib. Amma kadrlarda sadəcə olaraq uzanan əsgərlər görünür, onların bizim hərbçilərimiz, yoxsa erməni terrorçuları olduğu aydın deyil.
Təbii ki, ölkəmizin ona qarşı irəli sürülən bütün ittihamlara adekvat cavab vermək, yalanları ifşa etmək gücü var və bunu reallaşdırır. Çünki Azərbaycan regionda qalib, ən əsası isə haqlı tərəfdir. Rəsmi Bakı ikili standartlara məruz qaldığını bilir, tarixən hökm sürən bu vəziyyətlə mübarizə üsullarını da öyrənib. Odur ki, qərbin qarayaxma kampaniyası nəticəsiz qalacaq, "qoca qitə"nin yalanları öz nüfuzuna zərbə vuracaq.
Jalə QASIMZADƏ,
"Respublika".