İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun düşmən tərəfindən viran edilmiş torpaqlarında köklü dirçəliş baş verir, təcavüzkar hayların xüsusi qəddarlıqla törətdikləri xarabalıqlar arasından xoşbəxt həyatı, ləyaqətli qayıdışı, işıqlı gələcəyi ifadə edən şəhərlər və kəndlər salınır. Keçmiş məcburi köçkünlərin yüksək səviyyəli həyat şəraiti naminə quruculuq işləri sürətlə, həm də modern texnologiyalar əsasında davam edir. Bəlkə də dünyada yeganə haldır ki, ağır müharibədə qazanılan tarixi qələbədən səkkiz gün sonra Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən hər iki bölgədə tikinti, quruculuq və yenidənqurma işlərinə başlanılıb. Düşmənin basdırdığı minalar təmizləndikcə mühüm əhəmiyyət kəsb edən infrastrukturun qurulması, yolların çəkilməsi, körpülərin tikilməsi, tunellərin qazılması, enerji təsərrüfatının yaradılması, yeni yaşayış məhəllələrinin salınması onu göstərir ki, dövlətimiz öz vətəndaşlarının gələcək xoşbəxt həyatı üçün hər cür şərait yaradır. Məhz buna görə də dövlətimizin başçısı tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib və artıq iki ildir ki, proqramda nəzərdə tutulan tədbirlər ardıcıllıqla, tükənməz həvəslə, yüksək əzmlə yerinə yetirilir.
Hazırda Ağdamda, Füzulidə, Tərtərin işğaldan azad olunmuş ərazilərində, eyni zamanda, Xocavənddə tikinti, bərpa-quruculuq işləri gedir. Bir neçə ay bundan öncə Tərtərin işğaldan azad olunmuş Talış kəndinə 20 ailənin (90 nəfərin) köçü baş tutub. Burada 20 yaşayış evi, 10 qeyri-yaşayış binasının inşası başa çatıb və keçmiş məcburi köçkünlərin istifadəsinə verilib. Hazırda Talış kəndində həyat canlanır, sakinlər işlə təmin olunur, onların övladları məktəbə və uşaq bağçasına gedirlər.
Uca dağların ətəyində və Qarabağın füsunkar guşəsində yerləşən Talış kəndinin quruculuq işlərinin ikinci fazasının başlanması nəzərdə tutulub. Bu il başlanacaq ikinci mərhələdə 158 evin və digər qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. Bundan əlavə, Suqovuşanda su hövzəsinin ətrafında turizm kompleksi yaradılacaq. Orada işlər sürətlə davam etdirilir. Ağdam şəhərində isə Bərdə-Ağdam yolunun yekunlaşması nəzərdə tutulub. Bərdə-Ağdam yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Bərdə-Ağdam dəmiryolunun inşası bu ilin sonunadək başa çatacaq. Eyni zamanda, Ağdam dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılacaq.
İşğal dövründə torpaqlarımızda düşmən bütün çirkinliyini, vəhşiliyini, naqisliyini və eybəcərliyini nümayiş etdirib, yurd yerlərimiz total etnik təmizləməyə məruz qalıb. Ümumilikdə 8 şəhər və 300-dən çox kənd tamamilə dağıdılıb, 54 min hektar meşə sahəsi məhv edilib, o cümlədən nadir flora nümunələri bu ekoloji terrorun qurbanıdır. Qarabağ və Şərqi Zəngəzurda yerləşən 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər mədəniyyət və tarixi abidələr ya sökülüb, ya da təhqir olunub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, işğaldan azad edilən ərazilərdə "ağıllı şəhərlər"in qurulması və vətəndaşlarımıza yüksək həyat standartlarının çatdırılması əsas məqsəddir. Azad edilmiş ərazilərə innovasiyalar gətirmək, daha yaxşı infrastruktur qurmaq və sənaye inkişafının dəstəklənməsi istiqamətində davamlı işlər görülür. Eyni zamanda, yaşıl enerji infrastrukturunun qurulması ilə yanaşı, mümkün qədər enerji səmərəliliyi əldə etmək əsas hədəflərimizdən biridir. Kəndlərin və yaşayış məhəllələrinin bəzi layihələri tender mərhələsindədir. Bu ilin sonuna yaxın Füzuli rayonuna köç nəzərdə tutulub.
Ümumiyyətlə, Dövlət Proqramının sonuna qədər Ağdamda 5 yaşayış məhəlləsi, 12 kəndin, Füzulidə isə 3 yaşayış məhəlləsi və 10 kəndin inşası nəzərdə tutulub. Digər azad edilmiş ərazilərdə kəndlərin, qəsəbələrin baş planları hazırlanır.
Dövlətimizin başçısı İlham Əliyev ötən iki il ərzində işğaldan azad edilmiş ərazilərə dəfələrlə səfər edib və onun rəhbərliyi