Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək üçün təxribat hərəkətlərindən əl çəkmir. Laçın sərhəd-keçid məntəqəsinin qarşısında gözləyən "humanitar yardım" avtomobillərinin sayı dayanmadan artır. Bu azmış kimi, ermənilərin Xankəndidən Laçına doğru "sülh yürüşü" adı ilə daha bir təxribata hazırlaşdıqları bildirilir. Xankəndinin mərkəzində bu məqsədlə avtobuslar toplayan təxribatçılar sadə insanları avtobuslar vasitəsilə Laçın sərhəd-keçid məntəqəsinə doğru yürüşə hazırlayırlar. "Həkəriyə dinc yürüş" adlandırılan təxribat aksiyasında əsas məqsəd Azərbaycana qarşı beynəlxalq miqyasda mənfi rəy formalaşdırmaqdır.
Bu barədə politoloq Bilgehan Öztürk deyib: "Bu, insanların həyatını, taleyini düşünmədən məqsədyönlü şəkildə həyata keçirilən bir plandır. Məncə separatçılar artıq Qarabağdan qaçmaq yolunda hazırlıqlara başlayıblar. Bu proqram, həmçinin qondarma rejmin rəhbərlərinin öz yaxınlarını avtobuslara dolduraraq Qarabağdan çıxarmaq üçün qurulub. Çünki onlara verilən müddət artıq azalmağa doğru gedir. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq kontekstdə tanınması, qəbul edilməsi fonunda Ermənistana qarşı hüquq çərçivəsində addımların atılacağı üçün separatçılar artıq qaçmağa hazırlaşırlar. Prezident İlham Əliyev "Euronews"a müsahibəsində Qarabağ ermənilərinə verdiyi mesajda tələblərini irəli sürdü: ya qəbul et, ya da tərk et. Prezident İlham Əliyevin bu formulu göstərməsi, sülh danışıqlarının bu kontekstə dayanması əliqanlı Xocalı qatillərini təlaşlandırdı. Onlar təlaşa düşüblər, çox narahatdırlar. Separatçı Araik anladı ki, "oturaq aksiya" heç bir fayda vermədi. Dəstəksiz qalan separatçılar artıq küncə sıxılıblar". Eyni zamanda, üçtərəfli saziş Rusiyanın nəzarətində və şahidliyində həyata keçirilib. Buna uyğun olaraq Azərbaycan tərəfi rus sülhməramlılarından bitərəf şəkildə ədaləti təmin etməyi və bölgədə terror fəaliyyəti ilə məşğul olanlara qarşı tədbirlər görməyi gözlədi. Lakin bu, olmadı. Azərbaycan haqlı olaraq qanunsuz daşımaların qarşısını almaq, bölgədə terrorçulara əngəl olmaq istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsini qurdu. Laçında Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması, böyük Zəfərdən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dolayısı ilə onlar artıq nə Qarabağdan silah daşıya, nə də əliqanlı qatillərin qaçırılmasını həyata keçirə bilirlər. Nə olursa-olsun Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan heç bir halda Qarabağ ermənilərinə evlərini tərk etsinlər demir. Lakin onlar yaxşı və rifah içində yaşamaq üçün Azərbaycanın vətəndaşlığını qəbul etməlidirlər. Hətta, Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri ya Azərbaycanın qanunları ilə yaşamalıdırlar, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar. Lakin ermənilər prosesin sülhyönümlü olmaması üçün əllərindən gələni etdilər və buna hələ də davam edirlər.
Əgər Ermənistan Azərbaycanla sülh məsələsində həqiqətən səmimidirsə, o zaman konkret addımlar atmalıdır. Amma hələ də nə Paşinyan, nə də onun komandasının dilindən hər hansı bir konkret mesaj yoxdur. Sülhlə bağlı səmimi davranış o zaman mümkün ola bilər ki, Ermənistan şərti sərhədlərdə təxribatlara birdəfəlik son qoysun. Bu zaman irəliləyişə nail olmaq mümkündür. Azərbaycan sonsuzluğa qədər Ermənistanın təxribatçı davranışlarına bəyanatlarla cavab vermək niyyətində deyil və günün birində sərt qərarlar verilə bilər.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.