Bu barədə nə bilirik?
Ötən illərin birində Avropaya səfər edəndə Riqa şəhərinə qədər viza ilə, oradan İsveçə vizasız getdik. Məlum olduğu kimi, Latviya və İsveç Şengen zonasına daxil olan ölkələrdir. Onların arasında viza rejimi yoxdur.
Şengen zonası Lüksemburqun, Şengen şəhərində 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən 25 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazidir. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 25 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər.
Birinci Şengen müqaviləsi 1985-ci il 14 iyun tarixində beş Avropa ölkəsi arasında imzalanmışdır. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı, Benilüks ölkələri olan Belçika, Hollandiya və Lüksemburq da imzalamışdır. 1990-cı il 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir.
Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adı ilə adlandırılmışdır.
İkinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci il 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliya və İspaniya da Şengen zonasına qoşulmuşdur. Monako, Norveç və İslandiya Avropa İttifaqının üzvü olmadıqlarına baxmayaraq, Şengen zonasına daxil edilmişdir. Eyni zamanda, İsveçrə 2008-ci ilin dekabr ayında Şengen müqaviləsi sahəsinə qəbul edilmişdir.
Lixtenşteynin Şengen zonasına daxil olması bir neçə dəfə təxirə salınmışdır. Ölkə 2008-ci il 28 fevral tarixində Avropa İttifaqı ilə Şengen razılığı əldə etmiş və 2009-cu il noyabrın 1-də Şengen zonasına daxil olması razılaşdırılmışdır. Lixtenşteynin daxili vergi nizamlanmasında problemlərinin olduğunu əsas gətirərək Almaniya və İsveç ölkənin Şengen zonasına daxil olması tələbini müvəqqəti dondurmuşdur. 2011-ci il 7 mart tarixində Avropa İttifaqı Nazirlər Şurasının qərarı ilə Lixtenşteynin Şengen zonasına daxil olması yolu açılmışdır. 2011-ci ilin 19 dekabrda ölkə rəsmən Şengen zonasının üzvü seçilmişdir.
Şengen müqaviləsi əsasında yaradılan Şengen zonası hazırda 26 Avropa ölkəsində qüvvədədir.
Bəs Şengen vizası nədir, onu necə əldə etmək olur, ümumiyyətlə, onun üstünlükləri nədən ibarətdir? Şengen vizası ilə hər kəs üzv ölkənin hər birinə daxil olaraq bütün zonanı rahatca gəzə bilir. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasının hər hansı bir yerində müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri ölkədaxili səyahətlər kimi idarə olunur. Şengen qısamüddətli vizadır. Bu viza Şengen zonasında 6 ay müddətində, maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün milli vizalar tələb olunur, bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır. Şengen ölkəsinə səyahət etmək istəyirsənsə, birbaşa həmin ölkənin səfirliyinə müraciət etməlisən.
Hazırladı:
Tofiq HÜSEYN,
“Respublika”.