ABŞ senatoru Bob Menendezin evindən tapılan qızıl külçələr 2013-cü ildəki oğurluq hadisəsi ilə əlaqələndirilib.
“Respublika” “NBC News”a istinadən xəbər verir ki, ABŞ senatoru Bob Menendezin rüşvət araşdırması zamanı evindən tapılan qızıl külçələrin illər əvvəl iş adamının evindən oğurlanan və sonradan tapılan qızıl külçələr olduğu məlum olub. Verilən xəbərə görə bu, iş adamı ilə Menendez arasında "rüşvət" əlaqəsinin sübutu olacaq.
Qeyd edilir ki, iş adamı Fred Deybs 2013-cü ildə polisə müraciət edərək, Nyu-Cersi ştatının Edjuoter bölgəsindəki evindən 500 min dollar nağd pul və 22 qızıl külçənin oğurlandığı haqqında məlumat verib. Daha sonra polis hadisədə iştirak edən 4 nəfəri saxlayıb və qızıllar yenidən Deybsə qaytarılıb.
Məlumata əsasən, rəsmi polis hesabatlarında, bu il evində Menendezə qarşı "rüşvət" ittihamı ilə ələ keçirilən 2 qızılın Deybsə məxsus qızılının seriya nömrəsilə eyni olduğu aşkar edilib. Digər tərəfdən də, Menendezin həyat yoldaşı Nadine Menendezin də əvvəllər satdığı 2 külçə qızılın 2013-cü ildəki qızılla eyni seriya nömrəsinə sahib olduğu qeyd edilıb.
Sözügedən hadisənin Menendez və Deybs arasında rüşvət mübadiləsinin ən vacib sübut olacağı düşünülür.
Xatırladaq ki, sentyabrın 22-də Nyu-Yorkun Federal Məhkəməsi tərəfindən Bob Menendez və həyat yoldaşı Nadine Menendezə (Arslaniyan) 39 səhifəlik rüşvət ittihamı irəli sürülüb.
Musa Bağırlı,
“Respublika”.