Ötən il iyul ayının 14-də Azərbaycan Prezidenti İlham Əliyev C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Bu il fevral ayının 3-də imzalanan Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətimiz tərəfindən milli teatr sənətinə və sənətkarlarına göstərilən böyük diqqət və qayğının təzahürüdür.
Ölkə başçısının Azərbaycan teatr sənətinin yaranmasının 150 illiyi münasibətilə imzaladığı Sərəncamı böyük sevinclə qarşılayan Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev bildirdi ki, Azərbaycan teatr sənətinin yaranmasının 150 illiyi münasibətilə imzalanan sərəncam təbii ki, çağdaş teatr sənətini yaşadanların əməyinə verilən yüksək dəyər, eyni zamanda bu sənətin banilərinin ruhlarına olan ehtiramın göstəricisidir. Bu sərəncam, həmçinin məzmunundan da göründüyü kimi, sənəti yaradan fədailərin vaxtilə çəkdikləri əziyyətin 150 ildən sonra bir daha diqqətə alınmasıdır. Heç şübhəsiz ki, öz sələfləri ilə qürurlanan və onların mirasını fədakarcasına qoruyub saxlayan, gələcəyə daşıyan müasir sənətkarların da əməyinin və əzminin qiymətləndirilməsidir.
Teatr sənəti haqqında danışarkən biz, təbii ki, Tiflis Azərbaycan Teatrını, İrəvan Azərbaycan Teatrını, Dərbənd Azərbaycan Teatrını, vaxtilə Aşqabadda fəaliyyət göstərmiş Azərbaycan Teatrını, Qarsda Səttar Güldürün yaratdığı və ulu öndər Atatürkün də diqqətini çəkən Qars Azərbaycan Teatrını və heç şübhəsiz ki, Azərbaycanda fəaliyyət göstərən bütün teatr ocaqlarını yad edirik. Onların yaradıcılarını və sabaha daşıyan sənətkarları ehtiramla anırıq.
İnanırıq ki, bu gün Azərbaycan teatrının banisi, böyük sənətkar Hüseyn Ərəblinskinin, Azərbaycan teatr salnaməsində mühüm yer tutan sənətkarlar - Mirzağa Əliyev, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Əliqulu Qəmküsar, Üzeyir bəy Hacıbəyov, Zülfüqar Hacıbəyov, Mustafa Mərdanov və saysız-hesabsız korifeylərin, eləcə də Tiflis Azərbaycan Teatrının görkəmli sənətkarları Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Göyərçin xanım, İbrahim İsfahanlı və başqalarının, o cümlədən İrəvan Azərbaycan Teatrının yaradıcısı Məşədi İsmayıl Hacı Kazımzadənin, İrəvan Teatrının həyatında ciddi dönüş yaradan görkəmli maarifçi-pedaqoq Firudin bəy Köçərli, Eynəlibəy Sultanov, Cəlil Məmmədquluzadə, Yunis Nuri, Mirzə Cabbar Məhəmmədzadə, Mustafa Rəcəbov, Asif bəy Səfibəyov, Həsən Əliyev kimi ziyalıların, sənət fədailərinin ruhları şaddır.
Möhtərəm İlham Əliyev bizə belə bir imkan yaradır ki, biz sənətimizi inkişaf etdirək, gələcək nəslə ləyaqətlə ötürə bilək. Teatr sənətinin inkişafı üçün Azərbaycan lideri müxtəlif sərəncamlar imzalamışdır. Bu sərəncamlar sırasında Dövlət Proqramı da xüsusi yer tutur. Həmin proqramın bir hissəsi olaraq teatr binaları dünya standartlarına uyğun olaraq əsaslı təmir olunmuşdur. Hər il maaşların büdcə imkanları çərçivəsində qaldırılması həyata keçirilir. Xüsusi xidməti olan sənətkarlar mükafatlandırılır, Prezident təqaüdü ilə təltif edilir. İki teatra akademik statusun verilməsi mühüm hadisədir. Əlbəttə ki, biz - İrəvan Teatrının kollektivi də həmin imtiyazlardan kənarda qalmamışıq. Bu günlərdə binamızın əsaslı təmirdən çıxması gözlənilir. Həmin binada 140 illiyimiz təntənəli şəkildə qeyd olunacaq. Binada yaradılmış şərait digər teatr binalarından xeyli fərqli yenilikləri ilə diqqət cəlb edir. Biz inanırıq ki, teatrımızın 140 illik səmərəli və qənaətbəxş fəaliyyəti nəzərə alınaraq "Milli" statusa qaldırılacaqdır. Biz buna əminik və var gücümüzlə çalışırıq ki, ölkə rəhbərinin bizi sevindirdiyi kimi, biz də öz öhdəçiliyimizi məhz həmin diqqətəlayiq səviyyəyə qaldıraq, bütün imkanlarımızı səfərbər edib, bizə göstərilən etimadı doğruldaq.
M.VƏLİQIZI,
"Respublika".