Hacıqabul səhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda seminar-treninqin davamı keçirilmişdir.
Seminarda rayon icra hakimiyyəti başçısı Rüstəm Xəlilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, icra hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, YAP rayon təşkilatının sədri Elnur Əmiraslanov, rayonun İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, rayon icra hakimiyyəti aparatının, rayon təhsil şöbəsinin, rayon Gənclər və İdman idarəsinin məsul işçiləri, rayonun dini xadimləri iştirak etdilər.
Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov tədbiri giriş sözü ilə açaraq son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Hacıqabulda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışdı və bildirdi ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqımızın adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, etiqad azadlığı bərqərar olub. Rayon icra hakimiyyəti başçısı vurğuladı ki, ölkəmizdə dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri öz müsbət nəticəsini verməkdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini durum və sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirdi. Vurğuladı ki, ulu öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Azərbaycanda dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Səyyad Salahlı gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacibliyinə də toxundu. O, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılmasının, savadlı milli kadrların hazırlanmasının və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dini durumun və sabitliyin tənzimlənməsi işinə müsbət nəticələr verəcəyini qeyd etdi.
Tofiq HÜSEYN,
“Respublika”.