Səməd Seyidovun məruzəsi əsasında hazırlanmış qətnamə layihəsi AŞPA-da yekdilliklə qəbul olunub
Digər xəbərlər

Səməd Seyidovun məruzəsi əsasında hazırlanmış qətnamə layihəsi AŞPA-da yekdilliklə qəbul olunub

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi məsələlər və demokratiya komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Asim Mollazadə iclasda iştirak edirlər.

Komitə iclasında AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun hazırladığı "Avropada demokratiya və insan hüquqlarına zidd ifrat sağçı ideologiya çağırışı" adlı məruzəsi müzakirə edilib və onun əsasında hazırlanmış qətnamə layihəsi avropalı parlamentarilər tərəfindən yekdilliklə qəbul olunaraq qurumun payız sessiyasının plenar iclasının gündəliyinə daxil edilib.

İclasda ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və dözümsüzlüyün digər formaları ilə motivasiya olunan ifrat sağçı zorakılıq son illərdə Avropa Şurasına üzv olan bir sıra dövlətlərdə daxili təhlükəsizlik sahəsində üzləşilən və kəskin şəkildə, sürətlə artan təhlükə hesab edilib. Həmçinin məruzədə son zamanlar Avropada, xüsusilə də Fransa və Almaniyada ifrat sağçı zorakılığın son dərəcə artdığı vurğulanıb. Qeyd edilib ki, ifrat sağçı ideologiyanın ictimai sahədə geniş yayılması insan hüquqları, demokratiya və hüquqi dövlət ilə bir araya sığmayan ideologiyalara qarşı qoruyucu tədbirlərin təkmilləşdirilməsi və uyğunlaşdırılması zərurətini yaradır.

Bu kontekstdə sağçı ekstremizmin qarşısının alınmasının ən səmərəli yolunun Avropa Şurasının fundamental dəyərlərinə sadiqliyin gücləndirilməsi olduğunu diqqətə çatdıran avropalı parlamentarilər Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun hazırladığı məruzə əsasında hazırlanmış qətnamə layihəsini yekdilliklə qəbul edərək, onu AŞPA-nın qarşıdan gələn payız sessiyasının plenar iclasında müzakirələrə çıxarılmasının vacibliyini qeyd ediblər. Onlar sağçı ekstremizm və nifrət nitqinə qarşı səmərəli mübarizə aparmaq məqsədilə üzv dövlətləri mövcud qanunvericilikləri möhkəmləndirməyə çağırıblar.

Komitə iclasında vurğulanıb ki, Avropa dövlətləri siyasi partiyaların ləğvi və ya partiya yaradılmasının qadağan edilməsi ilə bağlı qanunvericiliyin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğun olmasını təmin etməli və terrorçuluğa şərait yaradan zorakı ekstremizmi izləmək üçün potensial strategiyalar hazırlamalıdırlar.

S.Seyidovun müəllifi olduğu və qəbul edilmiş bu mətn hüquq-mühafizə orqanlarının ifrat sağçı fəaliyyətə qoşulmuş üzvlərinə qarşı tədbir görmək üçün effektiv mexanizmlər yaratmağa çağırır, antidemokratik ideologiyalarla mübarizəyə yönəlmiş təhsil layihələrini və tədris metodlarını, eləcə də deradikalizasiya, reinteqrasiya və qurbanlara yardımla məşğul olan vətəndaş cəmiyyəti təşkilatları ilə tərəfdaşlığı təşviq edir.