Azərbaycanın Qarabağda yaşayan ermənilərə qarşı sözdə etnik təmizləmə aparması ilə bağlı bütün ittihamları qəti şəkildə rədd edir, Avropa Parlamentini və digər beynəlxalq ictimaiyyəti bu məsələyə ehtiyatlı yanaşmağa, Cənubi Qafqazda saxlanılmalı olan diplomatik tarazlığı bərpa etməyə, baş verən hadisələrə obyektiv reaksiya verməyə, həmçinin regional sabitlik və sülh üçün potensial nəticələrin fərqində olaraq onları yaxından izləməyə çağırırıq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Almaniyanın Avropa Parlamentindəki nümayəndəsi Viola fon Kramon-Taubadelin "Armenpress"in Brüsseldəki müxbirinə müsahibəsində səsləndirdiyi əsassız fikirlərlə bağlı açıqlamasında deyib.
Səməd Seyidov almaniyalı deputatın həmin müsahibədə "Kimdir müqəssir?" sualına verdiyi cavabla bağlı bildirib ki, məsələnin tək günahkarı məhz elə Ermənistan özü, həmçinin onun siyasi rəhbərləri olan Köçəryan, Sarkisyan və Paşinyandır. Belə ki, Ermənistan rəsmiləri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, hər dəfə siyasi manipulyasiya ilə məşğul olublar və bu üsullardan hələ də lazımi şəkildə istifadə edirlər. Bundan başqa, Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan və cəzasızlıqdan sui-istifadə edən bir ölkənin tərəfdarlarının Azərbaycanın suveren ərazilərində heç bir mülki əhalini hədəfə almadan həyata keçirdiyi antiterror tədbirini "təcavüz" və "etnik təmizləmə" əməli adlandırması, həmçinin Azərbaycanın guya ekspansionist siyasət aparması kimi yalan və saxta iddiaları tərəfimizdən qəbuledilməzdir.
"Hər kəsə məlumdur ki, Prezident İlham Əliyev sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Ermənistan tərəfinin 30 ilə yaxın müddətdə sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, habelə demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub. Bunun əksinə, Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib və indi də bir sıra təxribatçı addımları ilə prosesi pozur.
Viola von Kramon-Taubadel müsahibəsində müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güclə hədələməmək kimi prinsipləri ağızdolusu dilə gətirib. O zaman bunu da yaddan çıxarmamalıdır ki, 30 ildən artıq müddətdə həmin prinsipləri bütün səyləri ilə pozan tərəf məhz elə Ermənistan olub. Həmçinin Brüssel görüşünün təxirə salınmasında Ermənistanın mövqeyini əsassız şəkildə müdafiə edən deputat bilməlidir ki, Azərbaycan sülh prosesinin daim irəliyə aparılması istiqamətində hər zaman müsbət mövqeyini ortaya qoyub. Təəssüflər olsun ki, Kramon-Taubadel heç bir həqiqəti əks etdirməyən iddialar səsləndirərkən Prezident İlham Əliyev tərəfindən dəfələrlə təklif olunmuş bir neçə görüşdən qarşı tərəfin rəsmi şəkildə imtina etməsi, hətta ikitərəfli, üzbəüz danışıqlarda iştirak etməkdən boyun qaçırması faktını qəsdən və qərəzli şəkildə nəzərə almayıb", - deyə Səməd Seyidov qeyd edib.
Viola fon Kramon-Taubadelin regionda sülh prosesinin bərqərar olunmasına guya Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüs göstərdiyini vurğulamasına da münasibət bildirən Milli Məclisin komitə sədri deyib: "Qeyd etmək lazımdır ki, 2023-cü il oktyabrın 17-də Ermənistanın baş nazirinin Avropa Parlamentinin sessiyasında səsləndirdiyi bəyanat bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu növbəti dəfə nümayiş etdirdi. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü və ərazilərimizi işğal etdiyini diqqətə aldıqda, Ermənistan baş nazirinin ərazi bütövlüyünə və delimitasiyaya hörməti kvadratkilometrlə ölçməyə çağırış etməsi real əməlləri ilə tərs mütənasibdir. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrinin yaratdığı təhlükəni aradan qaldırmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə Ermənistan baş nazirinin davam edən riyakar ritorikası özlüyündə sülh perspektivlərinə xələl gətirir".
Səməd Seyidov bildirib ki, sözügedən deputat həmin müsahibəsində Qarabağ münaqişəsinə son qoymaq istəmir. Bunun ən başlıca səbəbi isə bu kimi konfliktlərdən sui-istifadə edərək regiona kənardan müdaxilə etmək imkanlarını itirmək istəməmələridir. Halbuki Prezident İlham Əliyevin bildirdiyi kimi, bu münaqişə bizim üçün öz həllini çoxdan tapıb, Qarabağ məsələsi artıq bizim üçün tarixin şanlı səhifələrinə qızıl hərflərlə həkk olunub.
"Təəssüf doğuran məqam ondan ibarətdir ki, Viola fon Kramon-Taubadel regionda hökm sürən bütün gerçəkləri bilir. Lakin bütün bunlara baxmayaraq, o, ikiüzlü, riyakar, sülh prosesinə xidmət etməyən bu müsahibəsini növbəti provokasiya kimi erməni propaqandasının yalanlarının təkrarı əsasında beynəlxalq ictimaiyyəti tamamilə yanlış istiqamətdə yönləndirmək üçün təqdim etmişdir.
Əfsuslar olsun ki, hazırda Avropa Parlamenti siyasi təhqirlərin, provokativ bəyanatların və populist çıxışların mənbəyinə çevrilməkdədir. Məhz bunun nəticəsidir ki, sözügedən qurum Avropada nüfuzunun azalması ilə yanaşı, bizim regionda da təsirini getdikcə heçə endirir. Avropa Parlamenti nümayəndəsinin erməni mediasına bu cür müsahibə verməsi də elə bunun bariz nümunəsidir", - deyə Milli Məclisin komitə sədri diqqətə çatdırıb.