Səfirliyimizə edilən planlı hücumun pərdəarxası
Digər xəbərlər

Səfirliyimizə edilən planlı hücumun pərdəarxası

Molla rejiminin törədilən terror aktını diqqətlərdən yayındırma planı hadisə ilə bağlı məsuliyyətdən boyun qaçırmaq istəyini açıq şəkildə göstərir. Baş verən terror aktına "məişət" donunu geyindirməyə çalışan İran çirkin addımlarına məhəl qoymayaraq irəliləyir. Hadisə zamanı şəhid olan Orxan Əsgərovun qatili - Yasin Hüseynzadəni hadisədən dərhal sonra Azərbaycana qarşı təbliğat aparmaqda məşhur olan İranın "Səhər" telekanalına çıxarıb müsahibəsinin təşkil edilməsi ölkəmizə qarşı yürüdülən anti-Azərbaycan kampaniyasının daha bir sübutudur.

Hazırda İrandakı mövcud siyasi gərginlik şəraitində sərbəst toplaşmaq hüququndan, söz haqqından istifadə edərək meydanlarda etiraz səsini ucaldanları güllələyən, dar ağacından asan rejim belə bir qanlı terror aktı həyata keçirmiş şəxsə əli-qolu açıq şəkildə efirdə müsahibə verməsinə niyə göz yumdu? Bundan əlavə, hadisədən bir neçə saat əvvəl terrorçunun qapını sındırmaq cəhdini, silahı ilə səfirliyimizin qarşısında iyirmi dəqiqə boyunca vaxt keçirməsini nəyə görə əngəlləmədi? Cavab göz qabağındadır. Terror aktını planlı şəkildə törədən Yusif Hüseynzadə və planı tərtib edən əmmaməlilər öz yerli medialarında hadisəni yumşaldaraq məsələyə gündə bir don geyindirir. Dəlilləri ört-basdır etmək cəhdləri isə terror aktının müdafiəsini açıq şəkildə göstərir.

Hadisə zamanı İran vətəndaşlarından birinin yerli mediaya verdiyi saxta müsahibə zamanı bildirilir ki, guya terrorçunun maşınında 2 uşaq olub: "Ən ürəkağrıdan səhnə isə oğlanın maşından düşüb qışqırması oldu: "Ata, gedək". O, ağlayırdı və atası ona qışqırdı: "Maşına min". Daha sonra gənc qız oğlanı özü ilə maşına mindirdi". Təhlükəsizlik kameralarından da göründüyü kimi, terrorist içəridə ikən zərərsizləşdirilmiş və görüntülərdə heç bir azyaşlı görünmür.

Terrorçu isə öz ifadəsində silahla səfirliyə daxil olaraq 4-cü mərtəbəyə qalxıb həyat yoldaşını tapmaq istədiyini bildirib. Görüntülərdən də aydın olur ki, terrorçu içəri daxil olduğu andan etibarən atəş açmağa başlayır və səfirlik əməkdaşlarımızın üzərinə yürüyür. Maraq doğuran digər sual isə bu məqamda ortaya çıxır. Terrorçu həyat yoldaşını tapmaq üçün səfirliyimizə "Kalaşnikov" tipli silah ilə daxil olursa, onun niyyətinin öz ailə məsələsi yox, səfirlik əməkdaşlarımızı qətlə yetirmək olduğu ortaya çıxır. Terrorçunun bu hadisəni törətməsi İranın xüsusi xidmət orqanları, xüsusilə də, SEPAH-la əlaqəli olduğuna dair şübhələri təsdiqləyir. Xüsusən də İran kimi bir dövlətdə belə hadisələrin təsadüfi və ya "məişət" adı altında baş verməsi gerçəyi əks etdirmir. Digər dəlil kimi ölkəmiz tərəfindən dəfələrlə tələb olunan səfirliyimizin müdafiəsi barədə çağırışlara diqqət verilməməsi kirli planın pərdə arxasını ifşa edir. Dəlillər göz qabağındadır. Terror aktının məhz birbaşa baiskarı İrandır.

Terror aktının qismən də olsa qarşısının alınması molla rejimini yaman qəzəbləndirib. Bunun nəticəsidir ki, terrorçunun ifadələrini, ona haqq qazandırılmasını geniş şəkildə ictimaiyyətə çatdırmaqda davam edilir. Beynəlxalq hüquq prinsiplərinin kəskin şəkildə pozulması, dəlillərin gizlədilməsi və saxta ifadələrin səsləndirilməsi həqiqəti gizlətmək səyləri göstərən, hadisənin terror aktı olmamasını iddia edən saxta İslam ölkəsinin bu əməldəki rolunu açıq şəkildə göstərir. Qərəzli media quruluşu - "Səhər" televiziyasının hər zaman ölkəmizə qarşı qarayaxma kampaniyalarında fəal iştirak etməsi də diqqətdən yayınmamalıdır. Buna səbəb olaraq kanalın izləyici kütləsinin əksəriyyətinin Cənubi azərbaycanlı həmvətənlilərimizin olmasıdır. Belə ki, çirkin ifadələrin və təxribatların soydaşlarımızın Vətən əzmini qıracağını düşünən terror ölkəsi xain planlarını məhz bu telekanal üzərindən həyata keçirir.

İranda törədilmiş terror aktı təkcə ölkəmiz tərəfindən yox, beynəlxalq arenada da sərt tənqidlərə məruz qaldı. Artıq digər ölkələrin Tehrandakı səfirliklərinin gələcəyi barədə ciddi şəkildə düşünülür. İranın Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməməsi isə yüksək tribunalarda səsləndirilməli və cəzasız qalmamalıdır.

İranın ölkəmizə qarşı təxribatları, xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərin həyata keçirdiyi terror aktları dövlətimiz tərəfindən qətiyyətlə pislənir. Məlumdur ki, ölkəmizdə İran rejiminə rəğbət bəsləyənlər və müxtəlif molla rejiminin dəstəklədiyi din pərdəsi altında gizlənən təriqətlərin üzvləri potensial təhlükə hesab olunmalıdır. Bu şəxslərin ölkəmizdə terror aktı törətməyəcəyinin heç bir qarantiyası yoxdur. Bu terror aktından sonra Azərbaycanda İrana simpatiya ilə yanaşanlar, İran bayrağı qaldıranlar, Xomeyni şəkilləri asanlar bunlardan imtina etməli, onları atmalıdırlar. Bunun əksi istiqamətində addım atacaq hər bir şəxs və qruplaşmalar Azərbaycan dövlətinin və xalqının əzmi və qətiyyəti qarşısında aciz qalacaqlar.

Nurlan ABDALOV,

"Respublika".