Bu, mənim Laçına ilk səfərimdir. Birincisi, buraya gəlib bu şəhəri öz gözlərimlə görmək fürsətinə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki bildiyimiz kimi, Laçın uzun illər işğal altında olub. Burada dinc həyatın artıq bərqərar olduğunu sübut edən dəyişiklikləri görmək çox xoşdur. Laçın xüsusilə də ilin bu fəslində kurort şəhərinə çox bənzəyir. Buradakı tikililər və infrastruktur ən yüksək dünya standartlarına uyğundur. Bu, məni yaxşı mənada təəccübləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Laçında jurnalistlərə açıqlamasında bildirib.
Laçının ən populyar turizm istiqamətlərindən biri olacağında əminliyini bildirən qırğız diplomat bu yerləri Alp dağları ilə müqayisə edib.
Diplomatik missiya rəhbəri vurğulayıb ki, onun ölkəsi bundan əvvəl dövlət başçıları səviyyəsində Laçın rayonunda bir sıra sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu artıq bildirib. "Ötən il iki səfər baş tutub - Qırğızıstan Prezidentinin Azərbaycana və Azərbaycan Prezidentinin Qırğızıstana səfərləri zamanı müzakirə edilən məsələlərdən biri infrastruktur layihələrinin reallaşdırılmasında ölkəmizin maraqlı olmasından ibarət idi. Çünki bu, həm regionları, həm də ikitərəfli münasibətləri yaxınlaşdırır və inkişaf etdirməyə kömək göstərir. Biz Azərbaycanla həm ikitərəfli əsasla, həm də müxtəlif beynəlxalq platformalarda və Türk dünyası çərçivəsində əməkdaşlıq edirik", - deyə o qeyd edib.
Qırğızıstan şirkətlərinin burada tikinti işlərində iştirak etmək arzusunda olduqlarını söyləyən K.Osmonaliyev qeyd edib: "Qarabağ təkrarolunmaz iqlim və şübhəsiz ki, tarixi ilə fərqlənən xüsusi regiondur. Bizim üçün münasibətlərimizi bu şəkildə inkişaf etdirmək çox vacibdir. Zəngəzur dəhlizinin logistik imkanları çox böyük əhəmiyyət kəsb edir. Buna görə də biz regional sabitliyin, təhlükəsizliyin daha da möhkəmləndirilməsinin, logistik potensialın inkişafının tərəfdarıyıq".
Üç ilə yaxın müddətdə Qarabağda və işğaldan azad edilmiş digər rayonlarda praktiki olaraq böyük dəyişikliklərin baş verdiyini vurğulayan diplomat bu regionda çox böyük perspektivlərin olduğunu vurğulayıb.