Üç ilə yaxındır ki, üçrəngli bayrağımız işğaldan azad edilən ərazilərdə qürurla dalğalanır, qəhrəman xalqın qalib ölkəsi, heç bir yerdən kömək gözləmədən Qarabağı və Şərqi Zəngəzuru yenidən quran, düşmənin dağıtdığı və taladığı şəhərlərə, kəndlərə ikinci həyat verən, dünyada sülh carçısı kimi tanınan Azərbaycan öz qədim tarixinin ən şərəfli səhifəsini yazır.
İkinci Qarabağ müharibəsində mərmilərin şırım açdığı, düşmənin xarabalığa çevirdiyi, igid oğullarımızın qanı tökülən torpaqlarda ədalətin, qələbənin, inkişafın, quruculuğun və şərəfli qayıdışın təntənəsi yaşanır. Vaxtilə göz yaşları içərisində tərk etdikləri ata-baba yurdlarına indi sevinclə, qürurla, şükranlıqla, hədsiz minnətdarlıqla qayıdan keçmiş məcburi köçkünlərin taleyinə və yaddaşına yeni bir səhifə həkk olunur. Azərbaycanın şanlı, qürurlu, davamlı inkişaf tarixinin və həm də dünyada baş verən hadisələrin şahidləriyik. Dövlətimizin başçısı, Qalib Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sözü, siyasi iradəsi, xalqımızın birliyindən aldığı gücü, liderlik qüdrəti, şəxsi fədakarlığı sayəsində dörd bir tərəfdən Azərbaycana diş qıcayan, onu təxribata çəkmək istəyən, xristian təəssübkeşliyi aparan, öz vətəndaşlarını küçələrə sürükləyən, əzən, tapdalayan, həbs edən, ermənipərəst Fransanın və digər beynəlxalq təşkilatların bizə qarşı təkəbbürlü, ikiüzlü davranış və təhdidlərini ustalıqla dəf edir. Cəsarətlə demək olar ki, öz tarixində ilk dəfə olaraq Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın sarsılmaz birliyini, polad kimi əyilməz iradəsini nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan otuz ilə yaxın erməni işğalından əziyyət çəkməsinə baxmayaraq, bütün haqsızlıqlara, ikili standartlara, təxribatlara mərdliklə sinə gərdi, qələbəyə və şərəfə qadir olduğunu sübut etdi. Erməni işğalının mənzərəsi çox dəhşətlidir. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən işğal illərində bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizə sağalmaz yaralar vurub.
Araşdırmalar nəticəsində məlum olub ki, otuz ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın törətdiyi ekoloji terror nəticəsində on minlərlə hektar meşə sahəsi talan olunub, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə böyük zərər yetirilib, 100-dən çox təbiət abidəsi məqsədli şəkildə məhv edilib, Ağdam, Füzuli şəhərləri yer üzündən silinib, yüzlərlə kənd xarabalığa çevrilib. Bütün dünyanın gözü qarşısında öz gücümüz və birliyimizlə Azərbaycanın əsas problemi həll olundu, Qarabağ münaqişəsi keçmişdə qaldı. İşğalçı Ermənistan iki yüz ildən sonra döyüş meydanında məğlub oldu, ordusu darmadağın edildi, əsgər və zabitləri fərariyə çevrildi. Azərbaycan əsgərinin və zabitinin sarsılmaz gücü qarşısında tab gətirə bilməyən düşmən ağ bayraq qaldırdı, kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. İşğaldan azad edilən torpaqlarda əsl cəhənnəmi xatırladan bir mənzərənin şahidi olduq, ermənilər azərbaycanlıların dədə-baba yurdlarını dağıdıblar, dini abidələri təhqir ediblər, insanlığa sığmayan rəzilliklə qəbiristanlıqları eşib dağıdandan sonra şumlayıblar.
30 il ərzində işğalda saxladıqları torpaqlarda qatı nifrət ruhunda azərbaycanlıların evlərini, tarixi, mədəni və dini abidələrini dağıdaraq məhv edən, minlərlə dinc azərbaycanlıları, qadınları, qocaları, uşaqları qətlə yetirən, Xocalıda, Meşəlidə soyqırımı törədən, əsir və girovlara dözülməz işgəncələr verən Robert Köçəryanın, Serjik Sərkisyanın, Ohanyanın və başqa ekstremist yanların, xüsusilə onların havadarlarının cinayətkar və qaniçən siması budur. Qalib, rəşadətli Azərbaycan ordusu tərəfindən otuz ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımız cəmi 44 günə qəsbkarlardan azad edildi. Qarabağda və Şərqi Zəngəzurda erməni faşizmi tərəfindən törədilən vəhşilik, qəddarlıq, şəhərlərin və kəndlərin dağıdılaraq xarabalığa çevrilməsi, təbiətə qarşı vəhşi münasibət faşist erməni mahiyyətinin təzahürüdür. Əslində ermənilər bütün bu illər ərzində Qarabağın və Şərqi Zəngəzurun onlara aid olmadığını yaxşı bilirdilər, fəqət xunta rejiminin başçıları, əlləri dirsəklərinə qədər xalqımızın qanına batmış, uşaq qatilləri bölgədə yaşayan Azərbaycan xalqına misli görünməmiş faciə yaşadaraq azərbaycanlılarla ermənilər arasında qatı düşmənçilik toxumu səpdilər. Artıq bu düşmənçiliyin yaralarını sağaltmaq mümkün deyil, yüz minlərlə ailə bu cəlladların cinayətlərindən əziyyət çəkib, övladlarını itiriblər, düşmən yarası tez sağalmır axı?! Azərbaycan xalqı təbii ki, bu işğalla barışa bilməzdi, ədaləti bərpa etmək, öz tarixi torpaqlarına qovuşmaq üçün öz liderinin ətrafında sıx birləşdi.
İkinci Qarabağ müharibəsində döyüş meydanında ağır məğlubiyyətə düçar olan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri həyata keçirdi, lakin düşmənin hərbi cinayətləri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. İşğalçı Ermənistan ağır məğlubiyyətə uğradıldı, silahlı qüvvələri tar-mar edildi, döyüş texnikaları sıradan çıxarıldı, bir çoxu qənimət kimi ələ keçirildi, minlərlə əsgər və zabiti döyüş meydanında məhv edildi, şəhidlərimizin qisası düşməndən artıqlamasi ilə alındı, torpaqlarımız öz azadlığına qovuşdu. Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə və uğurla aparılır. Halbuki 30 il xalqımız rayonların işğal günlərini dərin kədərlə, ağrılarla qeyd edirdi, gözümüz kölgəli, başımız aşağı idi, şərəfimiz tapdalanmışdı. İndi qalib xalq kimi qələbə sevinci yaşayırıq. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam etdirilir. İki il altı ay bundan əvvəl isə doğma ev, ocaq həsrəti keçmiş məcburi köçkünləri körpə uşaq kimi ağladır, göz yaşları içərisində dədə-baba yurdlarından söz açan kimi o dəqiqə də yurd yerləri elə bil onları öz ağuşuna alırdı, o yerlər heç yuxularından da çıxmırdı. Artıq o əzablı illər arxada qalıb, otuz il didərgin yaşayan insanlar dədə-baba torpaqlarına qayıdırlar. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları üçün Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına uğurla başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Ulu öndərimizin Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur sözləri xalqımız üçün yerinə yetirilməli olan bir vəsiyyət idi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti doğma xalqına bəxş edən Qalib Ali Baş Komandanımız İlham Əliyev Ulu Öndərin vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin tarixi günlərdə xalqımıza müjdə verən dövlət başçımız bildirdi ki, mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Azərbaycanın milli qürur məsələsini həll edən Qarabağ Fatehinin xalqa müraciəti tariximizin ən qürurlu və şərəfli günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Bu günlərdə isə hər birimizə mənəvi güc verən, işğaldan azad edilən şəhərlərin Zəfər tarixini əbədiləşdirən, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımızın siyasi-hüquqi bazasını yaradan tarixi Sərəncam xülya və miflərlə yaşayan düşmənin alçaq niyyətinə son qoydu. Həm döyüş meydanında, həm də hərbi-siyasi yolla işğaldan azad olunan şəhərlərin günlərinin qeyd edilməsi ilə bağlı olan mühüm dövlət sənədi həm unikal, həm də çox dəyərli və qiymətlidir. Tariximizin Zəfər günləri - 26 avqust Laçın, 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, 8 noyabr Şuşa, 20 noyabr Ağdam və 25 noyabr Kəlbəcər şəhər günləri kimi iftixarla qeyd olunacaq. Keçmiş məcburi köçkünlər, xalqımız və gələcək nəsillər üçün çox qiymətli bir irs yaradıldı.
Salman ALIOĞLU,
"Respublika".