Ordumuzun qələbəsi ilə bitən Aprel döyüşlərindən 7 il ötür. 2016-cı il aprel ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Bu zaman ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını cəsarətlə almağı bacardı. Bu tarixi an, Aprel döyüşləri kimi tarixə həkk olundu. Qüdrətli Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Aprelin 4-ü düşmən ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Ordumuzun şücaəti qarşısında düşmən məqsədinə çata bilmədi. Erməni ordusu böyük itkilər verdi. Azərbaycan tərəfinin məlumatına görə, düşmən ordusunda 320-dən çox ölü və 500-dən çox yaralı olub. Erməni tərəfinin hücumu nəticəsində şücaətli ordumuz 90-dan çox şəhid verdi. Şəhidlərimizdən biri də Beyləqan rayonunun Bolsulu kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Cavadzadə Şahin Yaşar oğludur.
Şahin 1995-ci il mayın 15-də anadan olub. 2001-ci ildə orta məktəbin 1-ci sinifinə qədəm qoyan şəhidimiz 2012-ci ildə məzun olub və həmin il hərbi xidmətə yollanıb. Xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra kiçik gizir rütbəsi alıb. 2014-cü ilin iyul ayından etibarən isə Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlayıb. 2016-cı il aprelin 3-ü Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə Şahin qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Özünü Vətən yolunda qurban verən Şahin ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib. Aprelin 9-u isə şəhidimiz doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Cavadzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Şahin Cavadzadənin əmisi Cavadov Akif Əfqar oğlu da şəhiddir. Akif Cavadov 1993-cü il iyunun 28-də, 18 yaşında vətəni uğrunda canından keçib. Şahin Cavadzadənin anası İradə Cavadovanın sözlərinə görə Şahin lap uşaqlıqdan Vətəninə olan sevgisinə görə, fərqlənib:
"Döyüşlərdə nə qədər igid oğullarımızı itirdik biz. Qorxmaz, cəsarətli, igid oğullarımızı. Onlardan biri də mənim oğlum Şahin idi. Mən Şahini dünyalar qədər sevirdim. Hər zaman ürəyimdə Şahini itirmək qorxusu vardı. Bunu heç kimə deyə bilmirdim. Düşünürdüm desəm, bu, gerçək olar birdən. Aprel döyüşlərində bu qorxum gerçək oldu. Qəbul edə bilmirəm yoxluğunu, onsuz yaşamaq çətindir. Şahin uşaqlıqdan çox ailəcanlı idi. Cəsarətli, qorxmaz idi. Heç vaxt heç nədən qorxmurdu. Döyüşməyə hər zaman can atardı. Deyirdi əmimin qisasını özüm alacam. 2012-ci ildə əsgər getdi. Əsgər yoldaşları danışırdı ki, hər zaman çox çalışqan idi. Xüsusi Təyinatlı Qüvvələrə seçilə bilmək üçün çox can atıb. Öz çalışqanlığı, əzmi nəticəsində seçilib.
Ali Baş Komandan İlham Əliyev 2017-ci ildə Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə keçirdiyi görüşdə döyüşçülərimizin qəhrəmanlığından söz açmışdı: "Aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq. Eyni zamanda, döyüşlərdən sonra hərbi hospitalda yaralı hərbçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük Vətən sevgisi var. Ağır, yaralı vəziyyətdə olmalarına baxmayaraq, deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə