100 il bundan öncə, 29 oktyabrda yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi. Qazi Mustafa Kamal Paşa Atatürkün dövlət başçısı seçilməsi ilə dünyada əzəmətli bir dövlətin əsası qoyuldu. 1923-cü ildə elan edilən Türkiyə Cümhuriyyəti tarixin çətin sınaqlarından keçmiş, öz siyasi gücü, iqtisadiyyatı, xalqı üçün yaratdığı perspektivləri ilə adını dünya nəhəngləri sırasına yazdırmışdır.
Bu gün qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və yüksəliş yolunda inamla irəliləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə qardaş ölkə tarixinin dirçəliş dövrünü yaşayıb və həmin proses bu gün də davam edir.
Birinci Dünya müharibəsindən sonrakı zamanlar Türkiyə üçün ən ağır dövrlər idi. Bununla yanaşı, uğursuz Sarıqamış əməliyyatında türklərin ağır itkilər verməsi Birinci Dünya müharibəsinin necə nəticələnəcəyini göstərmiş oldu. Ard-arda gələn məğlubiyyətlər digər dövlətlərin Osmanlıdan torpaq qopartmağına şərait yaratdı. "Böyük tort"dan pay götürmək istəyənlər isə artıq Afrika qitəsində çoxdandır ki, müstəmləkəçilik siyasətini qurmuşdular. Ona görə də hər an, Osmanlı dövlətinin parçalanması, bu coğrafiyada ingilislərin əli ilə müxtəlif dövlətlərin yaranması prosesi baş verə bilərdi. Osmanlı dövlətinin süqutu artıq şərtlənmişdi. Lakin daha da dəhşətlisi türklərin Anadoludakı varlığının tarix səhnəsindən silinməsi ehtimalı var idi ki, bu xain cəhdin qarşısı qətiyyətlə alındı, Türkiyə Cümhuriyyəti qurularaq yeni eranın başlanğıcı qoyuldu.
Cümhuriyyətin əldə olunmasının tarixinə nəzər salsaq, görərik ki, Birinci Dünya müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğal edilmişdi. Məhz bu hadisə Türk Milli Hərəkatının ortaya çıxmasına səbəb oldu. Nəticədə Sevr müqaviləsi ilə irəli sürülən şərtlər ləğv edilmiş və ölkənin bütün torpaqlarının bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsini başlamışdı.
1914-cü ildə başlayan və dörd il davam edən Birinci Dünya müharibəsi nəticəsində Osmanlı dövləti Mərkəzi Qüvvələr ilə birlikdə məğlub oldu. Bunun acı nəticəsi olaraq Osmanlı dövlətini yunanlar, ingilislər, fransızlar, italyanlar öz aralarında bölmüşdülər. Lakin, hesablamadıqları bir şey var idi. Millətinin əzminə və qüdrətinə inanan Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gəldi. Ərzurum və Sivasda konqreslər təşkil etdi. Bu konqreslərdəki məqsəd suverenliyin təmin edilməsinə indekslənmişdi. Mustafa Kamal hər fürsətdə “Millətin öz əzmi və qətiyyəti ölkəni xilas edəcək”, - deyirdi. Və bu da Cümhuriyyətin 100-cü yaşında bir daha öz təsdiqini tapır.
23 aprel 1920-ci ildə ölkənin hər yerindən millət vəkilləri Böyük Millət Məclisinə toplandı. Burada Mustafa Kamal Paşa sədr seçildi. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşına başlayan Türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfər Türk xalqının 1919-cu ildə başladığı İstiqlal mücadiləsinin zirvəsi oldu və 1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə Respublikası yaradıldı.
Atatürk milli mübarizəni milli suverenliyə əsaslanan dövlət qurmaq anlayışı ilə həyata keçirmişdir. Qurtuluş və quruculuğa rəhbərlik edən Mustafa Kamal Türkiyə Cümhuriyyətini daim yaşatmağı, çağdaş sivilizasiya səviyyəsindən yüksəkdə saxlamağı qarşısına əsas məqsəd kimi qoymuşdur. Türkiyə məruz qaldığı daxili və xarici təhlükələrə rəğmən inkişaf edərək, böyüyərək milli birlik içində 100 illiyinə çatmışdır. Məhz Mustafa Kamalın qoyduğu sağlam bünövrə üzərində inşa edilən müasir Türkiyə demokratik prinsipləri qoruyaraq, insan haqlarına hörmətlə yanaşaraq, iqtisadiyyatda əsaslı inkşaf əldə edərək qlobal oyunçulardan birinə çevrilmişdir.
Şübhəsiz ki, Türkiyə yarandığı gündən bu yana son yüz ildə böyük çətinliklərin öhdəsindən gəlib. İstər Türkiyənin yerləşdiyi coğrafiyada, istərsə də ümumən dünyada heç vaxt daimi sülh və sabitlik olmayıb. Məhz bu səbəbdən Türkiyənin siyasi, sosial və iqtisadi aspektləri beynəlxalq hadisələrin yaratdığı dalğalanmalara məruz qalmışdır. Bütün bunlara rəğmən Türkiyə Cümhuriyyəti müasir sivilizasiya səviyyəsinə çatma hədəfinə doğru addımlar atmağa, sosial rifahı yüksəltmək üçün hədəf və siyasətlərini ortaya qoymağa davam edir və 2053-cü ildə "Lider Ölkə Türkiyə" hədəfinin infrastrukturunu qurur.
Bu gün güclü iqtisadiyyatı, qüdrətli ordusu, demokratiya və hüquqa bağlılığı ilə Türkiyə Respublikası beynəlxalq aləmdə söz sahibi ölkələrdən biridir. Tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçsə də, ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün güclü siyasi iradəsi, qətiyyəti, xalqı irəliyə aparmışdır. Bu gün Türkiyə xalqı İstiqlaliyyət, Zəfər bayramını qeyd edir. Bu, türklər üçün birlik, həmrəylik, qardaşlıq, sevinci, uğurları paylaşmaq bayramıdır. Qardaş Türkiyə üçün əlamətdar olan bu bayram Azərbaycan xalqı üçün də eynidir.
2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Eyni zamanda, bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bununla yanaşı, tərəfdaşlığın əhəmiyyətini və ölkəl artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də bəyannamədə qeyd olunub. Sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi, nəqliyyat kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilmişdir. Azərbaycan Türkiyə əlaqələri davamlıdır. Cümhuriyyət bayramın, 100 yaşın mübarək olsun, Türkiyə!
Nurlan ABDALOV,
"Respublika".