Son iki əsrdə xalqımıza qarşı ermənilər tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan ağrılı mərhələlərini təşkil etmişdir. Bu millətçi-faşist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "böyük Ermənistan" dövlətini yaratmaq olmuşdur. Cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar.
Hər il martın 31-də Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi və amansız qırğının qurbanlarının xatirəsini ehtiramla yad edir. Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Fərmanda deyildiyi kimi, Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır.
1918-ci ildə ermənilər dinc əhaliyə qarşı görünməmiş amansızlıqlar törətdikləri kimi, mədəniyyət və tarixi abidələrimizi də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, Bakının dağıdılmasını əks etdirən fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Mart soyqırımı zamanı Bakı ilə yanaşı, Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı.
1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni-bolşevik dəstələri tərəfindən soyqırımına məruz qalmışlar. Ermənilər "böyük Ermənistan" yaratmaq xülyası ilə ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışmışlar. Mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri sayılır. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirmişlər, diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə