Qardaş Türkiyə əsrin ən böyük fəlakəti ilə üzləşib, 10 vilayətdə ard-arda 7.7 və 7.6 bal gücündə zəlzələ baş verib, çoxmərtəbəli binalar dağılıb, onlarla kəndə ziyan dəyib, infrastruktur bərbad vəziyyətə düşüb, 13.5 milyon əhali ev-eşiyindən məhrum olub. Zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı durmadan artır, dünyanın dörd bir tərəfindən köməyə gəlmiş xilasedicilər insanları xilas etmək üçün zamanla döyüşürlər. Dağıntılar altından arama-qurtarma işləri dayanmadan davam etdirilir.
Təbii fəlakətin nəticələri çox ağırdır, yaralar çox dərinə işləyib, lakin zəlzələdən zərərçəkənlər, doğmalarını, əzizlərini itirənlər möhkəm iradə, dözüm, mətinlik və birlik nümayiş etdirirlər. Zəlzələ nəticəsində həlak olanların sayının artması bütün Azərbaycanı kədərə bürüyüb, darda qalan bacı-qardaşlarına kömək etmək üçün uşaqlı-böyüklü hamı ayağa qalxıb, kimin gücü nəyə çatırsa onu etməyə, Türk xalqının yarasına məlhəm qoymağa çalışır. Təbii fəlakətin ilk saatlarından başlayaraq Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə xilasedicilər, zəruri avadanlıqlar, ərzaq bağlamaları, səhra hospitalları, tibb heyətləri göndərilib. Xeyirxah və nəcib layihələri ilə dünyada tanınan Heydər Əliyev Fondunun təşəbbüsü ilə qardaş Türkiyəyə çox vacib və əhəmiyyətli yardım kampaniyaları həyata keçirilir. Digər ictimai təşkilatlar, şirkətlər, idarə və müəssisələr, sahibkarlar, demək olar ki, bütün insanlar bu təşəbbüsə qoşulublar və çox böyük fədakarlıq nümayiş etdirirlər. Bakıda, eləcə də rayonlarda insanlar can və qan qardaşlarına yardım etmək üçün səfərbər olublar. Azərbaycanın bütün rayonları yardım kampaniyasına qoşulub, hətta azyaşlı uşaqlar, məktəblilər bu təşəbbüsdən kənarda qalmırlar. Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən xalqımızın bu həmrəyliyini, məhəbbətini yüksək qiymətləndirərək bildirib ki, biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.
Müharibə ağrıları yaşamış füzulililər qardaş Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara yardım edilməsi məqsədilə ilk günlərdən könüllü aksiyaları davam etdirirlər. Rayon sakinləri, könüllülər yorğan, döşək, isti geyimlər, gigiyenik vasitələr, uşaq bezləri, quru ərzaq məhsulları və digər zəruri vasitələrdən ibarət yardımlar toplayırlar. Artıq füzulililərin ilk qardaşlıq yardımı Türkiyəyə yola salınıb. Yardım etməyə tələsən insanlar zəlzələdə həyatını itirən bacı və qardaşlarımıza rəhmət, yaralılara şəfa, qardaş Türkiyə xalqına səbir və dözüm arzulayırlar. Hüznlə və dərin kədər hissilə deyirlər ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ səbəbindən çoxsaylı insan tələfatı, yaralıların olması, dağıntıların baş verməsi bütün xalqımız kimi, füzulililəri də kədərləndirib və sarsıdıb. Hər zaman sevincimizə sevinib, kədərimizə kədərlənən, dar gündə köməyini bizdən əsirgəməyən, dilimiz, dinimiz, kökümüz bir olan bacı və qardaşlarımızın çətin anlarında yanlarında olmaq, birlik, həmrəylik nümayiş etdirmək hər birimizin mənəvi borcudur. Fevralın 11-də Füzuli rayon sakinləri zəlzələdən zərərçəkənlərə generator, qızdırıcı, yorğan-döşək, adyal, gödəkcə, qış geyimi, çarpayı, fənər və konservləşdirilmiş qida məhsulları göndəriblər.
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Ağdam rayonu da qoşulub. Rayon sakinləri zəlzələdən zərərçəkmiş insanlara yardım etmək üçün Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində təşkil edilən yardım toplanma məntəqəsinə gəlir, türk qardaşlarımıza dəstəklərini nümayiş etdirirlər. Yardımlar əsasən yataq dəstləri, yorğan-döşək, isti geyimlər və digər zəruri əşyalardan ibarətdir. Son iki gün ərzində humanitar yardımlar yüklənmiş 2 TIR Türkiyəyə yola salınıb. Ağdamlıların qocası da, uşağı da, qadınları və gəncləri hər zaman Türkiyənin yanında olduğunu sözlə deyil, əməllə göstərirlər. Toplanış məntəqəsinə gətirdiyi yardımı