Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Birinci xanımlar və cənablar" Sammitində iştirak etmək üçün Kiyevə səfər edib. Akopyanın Ukraynaya getməsi və səfər çərçivəsində qondarma rejim haqqında danışması, buna isə məhz Ukrayna siyasi elitasının şərait yaratması təəssüf doğurduğu qədər, həm də qəbuledilməzdir. Buna görə də bu dəvətin və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi ehtiva edən çıxışın məsuliyyəti, ilk növbədə, rəsmi Kiyevin üzərinə düşür. Halbuki Ukrayna özü Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Azərbaycan isə Ukraynanın çətin dövrünə biganə qalmayaraq, bu ölkə üçün ən yüksək səviyyədə humanitar dəstəyini nümayiş etdirib.
İlk olaraq bildirək ki, baş nazirin həyat yoldaşı 2018-ci ildə ABŞ-da səfərdə olarkən ABŞ konqresmenləri və Karnegi Fondunun ekspertləri ilə görüşləri zamanı özünün "Qadınlar sülh naminə" təşəbbüsündən danışmış və çıxışında guya Azərbaycan qadınlarını bu çağırışa səsləmişdir. Lakin 2018-2019-cu illərdə oğlu Aşot Paşinyanı müddətli hərbi xidmətə göndərməsi, özünün 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı hərbi qadın dəstəsi yaratması Anna Akopyanın gerçək simasını göstərir. Bu, Anna Akopyanın simasında Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətinin nümunələrindən yalnız biridir.
Ermənistanın hərbi siyasi rəhbərliyi, konkret olaraq baş nazir Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesində ümumiyyətlə beynəlxalq dairələr səviyyəsində dəfələrlə bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə öz fikirlərini bildirib. Amma əlbəttə ki, Anna Akopyanın Ukraynada bəyanatlar səsləndirməsi, qondarma rejim və onun hüquqları barədə danışması birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdid və hörmətsizlikdir. İronik səslənsə də Ukrayna da separatçılıqdan əziyyət çəkən ölkədir və Anna Akopyanın bu təxribatçı bəyanatına Ukraynanın siyasi rəhbərliyinin, Ukrayna ictimaiyyətinin və mətbuatının səssiz qalması da əlbəttə ki, təəssüf doğurur. Eyni zamanda, Azərbaycanda separatizm ocağı yaradan Ermənistan baş nazirinin xanımının qondarma rejimi dəstəkləyən çıxışına şərait yaratmaq nə qədər düzgündür?
Nurlan ABDALOV,
"Respublika".